Millət vəkili Jalə Əliyeva: “Mobil rabitə bazarında “Azercell Telekom” özünü doğrultmur”
"Azercell Telekom" MMC əhalinin mobil rabitə təminatını həyata keçirməklə Azərbaycanda 1996-cı ildən fəaliyyət göstərir və hazırda 3,5 mln. abunəçisi olduğu bildirilir. SİA-ya daxil olan istehlakçı müraciətləri əsasında aparılan araşdırma nəticəsində məlum olub ki, ölkənin mobil rabitə bazarında "Bakcell" və "Nar Mobile" ilə rəqabətdə uduzduğunu görən "Azercell" tariflərdə güzəşt etməyə məcbur olsa da istehlakçıya məlum olmayan yollarla onların cibini soyur.
İstehlakçı pul verib danışıq kartı alırsa, burada olan konturların hamısından istənilən vaxt və istənilən halda faydalanmaq hüququ daşıyır. Buna baxmayaraq "Azercell" isə konturları gecə və gündüz nominasiyalarına bölməklə bu hüququ onların əlindən alıb. Bu həm də ciddi qanun pozuntusu olmaqla yanaşı, istehlakçıların hüquqları ilə bağlı Azərbaycan Respublikasının qanunlarına ziddir. Bununla yanaşı, Azərbaycanın mobil rabitə bazarında rəqabətə tab gətirə bilməyən "Azercell Telecom" özünün əhatə dairəsini genişləndirmək məqsədilə həyata keçirdiyi tədbirlər istehlakçıların keyfiyyətsiz rabitə ilə təmin olunması ilə nəticələnib. SİA-nın apardığı araşdırma nəticəsində məlum olur ki, ölkənin mobil rabitə bazarında "Azercell Telekom" özünü doğrultmur. Bununla bağlı millət vəkili Jalə Əliyeva "Azercell Telekom"un mövcud vəziyyətinin, onun keyfiyyətli rabitə xidməti səviyyəsinin aşağı olduğunu və istehlakçıya əlavə olaraq maddi yüklənmələrin olmasını konkret faktlarla izah edib. Onun sözlərinə görə, mobil əlaqənin qurulmasında vaxtaşırı problemlər yaranır: "Daxil olan zənglər, sms-lər gəlib çatmır. Zəng edirəm ki, problemin nə olduğu barədə məlumat almağa, deyirlər ki, problem qeyd olundu, yaxın vaxtlarda öz həllini tapacaq. Bir gün, iki gün gözləyirəm, üçüncü gün isə zəng edirəm ki, problemim necə oldu, məsələ nə yerdə qaldı? Bəzi nasazlıqlar olduğu cavabını verirlər. Nasazlıqların nə olduğunu soruşduqda deyirlər ki, bu barədə bizim məlumat vermək ixtiyarımız yoxdur. Əgər mən bunun üçün abunə haqqı, xidmətin pulunu ödəyirəmsə, mənim hüququm var ki, bilim problem nədən ibarətdir. Bütövlükdə götürsək deyə bilərəm ki, Azərbaycanın mobil rabitə bazarında "Azercell Telekom" özünü doğrultmur".
Millət vəkili başqa bir qarşılaşdığı faktda göstərir ki, qonşu Gürcüstan Respublikasına gedib-gəlmişəm, 2 günə 650 manat özümə məlum olmayan əlavə yükləmə yazılıb: "Rəsmi təmsilçi qəti əmin edir ki, danışdığın bundan ibarətdir. Amma düşünürəm ki, tariflər həddindən artıq bahadır". Digər bir məsələyə diqqət çəkən J.Əliyeva "Azercell Telekom"-la bağlı başına gələn bir məsələ barədə də məlumat verib. "Mən bunu daha geniş oxucu tribunasına, Milli Məclisin üzvü kimi qanunla mənə verilən səlahiyyətlərdən istifadə edərək bəyan edirəm: "Bir çox "Azercell" istehlakçısının mobil telefonuna belə bir sms gəlib. Filan nömrəyə zəng edin, filan qədər sizdən kontur gedəcək və səsiniz dəyişəcək. Yəni qadın, uşaq kişi səslərindən istifadə edib istədiyiniz nömrəni yığa bilərsiniz. Bu birbaşa cinayət tərkibidir, ailələrdə bir sıra problemin yaranmasına zəmin yaradır. Burada çox xırdalıqlar var və mən bilirəm ki, bunu hansı icazəylə, ağılla edirlər". "Azercell Telekom"-un Azərbaycanda fəaliyyət göstərən şirkət kimi üzərində olan missiyanın miqyası böyükdür. Şirkət bundan sui-istifadə etməməlidir. İstehlakçı maraqları şirkətin əsas strategiyasını təşkil etməlidir. Lakin "Azercell Telekom"-un mövcud iş keyfiyyəti digər mobil operatorların sağlam rəqabət qabiliyyətinə ciddi zərbə vurur. Şirkət bunun üzərində düşünməlidir. Araşdırma zamanı məlum olub ki, "Azercell Telekom"-un reklam kampaniyaları birbaşa ölkədə rəqabət qabiliyyətinə hesablanır. Belə vəziyyətdə uydurma reklam kampaniyaları bir istehlakçını sevindirsə də bu digərinin maddi vəsaiti hesabına təmin olunur. Millət vəkili başqa məsələyə də aydınlıq gətirərək bildirir ki, keyfiyyətsiz mobil rabitə təminatı və sadaladığım hallarla bağlı "Azercell Telekom" MMC-nin prezidenti ilə görüşməyə çalışsam da bu mümkün olmur. Telefon zənglərimə cavab verən şirkət təmsilçisi israrla soruşur ki, Siz hansı məsələ ilə bağlı rəhbərliyi narahat edirsiniz: "Yəni konkret mənə cavab verən şəxs bildirir ki, Siz şirkət prezidenti ilə bağlı görüşünüzün mövzusu barədə məlumat verməlisiniz. Bunu anlamıram. Mən heç bir etik, protokol qaydalarında belə bir hala rast gəlməmişəm. Bir şirkətin qorunduğu, qazanc əldə etdiyi ölkənin yüksək səviyyəli seçkin insanına bu sualı verilirsə, onun fəaliyyətinə necə qiymət verək".
Araşdırmalar davam edir, mövzuya qayıdacağıq...