Azərbaycanda qrip və kəskin virus infeksiyalarına qarşı profilaktik tədbirlər gücləndirilir
Ümumdünya Səhiyyə Təşkilatının 27.07.2009-cu il tarixinə olan rəsmi məlumatına əsasən dünyada 160 mindən çox A/H1N1 qripi virusu ilə xəstələnmə halları qeydə alınıb ki, onlardan da 998 ölümlə nəticələnmişdir.Azərbaycan Respublikasında A/H1N1 virusuna qarşı tədbirlər "Azərbaycan Respublkasında lquş qripi" xəstəliyinin qarşısının alınması və bu sahədə bütün qurumların birgə fəaliyyətinin əlaqələndirilməsi üzrə Dövlət Komissiyası"nın iclasında təsdiq edilmiş "Azərbaycan Respublikasında qrip pandemiyasına hazırlıq üzrə Milli Plan"a əsasən həyata keçirir.
Dünyada A/H1N1 virusuna görə yaranmış vəziyyətlə əlaqədar Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən əhalinin sanitariya-epidemioloji salamatlığının təmin edilməsi, respublikada qrip və kəskin respirator virus infeksiyalarına qarşı profilaktik və əks-epidemik tədbirlərin gücləndirilməsi, eləcə də, bu xəstəliyin respublikamıza keçməsinin qarşısının alınması məqsədilə 2009-cu ilin aprel ayında müvafiq əmr verilmişdir.
Səhiyyə Nazirliyinin mtbuat xidmətindən "Səs" qəzetinə verilən məlumata əsasən, qrip xəstəliyinin diaqnostikası üçün müasir avadanlıqlarla təchiz olunmuş laboratoriya Respublika Taun Əleyhinə Stansiyasında təşkil edilmiş, laboratoriya mütəxəssisləri beynəlxalq səviyyədə hazırlıq kursları keçmişlər. Xəstələrin müalicəsi üçün Səhiyyə Nazirliyinin Elmi-tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda dünya standartlarına cavab verən mənfi təzyiqli bokslar təşkil edilmişdir. Respublikada qrip xəstəliyinin müalicəsi üçün Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən tövsiyə olunan oseltamivir preparatının, digər dərman vasitələrinin və həmçinin, dezinfeksiyaedici maddələrin, fərdi qoruyucu vasitələrin və s. ehtiyatı yaradılmışdır.
Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrində "bir pəncərə" prinsipinin tətbiqi ilə bağlı sanitar proseduraları dövlət gömrük orqanları tərəfindən həyata keçirilir.
Sərhəd-keçid məntəqələrində fəaliyyət göstərən gömrük orqanları tərəfindən qrip epidemiyası baş vermiş ölkələrdən gələn insanlar barədə Respublika Sanitariya-Karantin Müfəttişliyinə məlumat verilir və bu şəxslər üzərində tibb müəssisələri tərəfindən müşahidə təmin edilir.
Əhalinin maarifləndirilməsi məqsədilə Qırmızı Aypara Cəmiyyəti və Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən hazırlanmış xəstəlik barədə təbliğat vərəqələri paylanmışdır.
Dünyada A/H1N1 virus qripinə qarşı epidemioloji vəziyyətin gərginləşməsi ilə əlaqədar bu xəstəliklə bağlı əhaliyə məlumat verilməsi üçün Respublika Taun Əleyhinə Stansiyasında qaynar xətt fəaliyyət göstərir (tel: 530 32 13), eləcə də respublikamıza müvəqqəti gəlmiş şəxslər və tranzit sərnişinlər özlərində qrip əlamətlərini hiss edərsə, məsləhət almaq məqsədilə Respublika Sanitariya-Karantin Müfəttişliyində fəaliyyət göstərən 494 05 23 nömrəli telefonla məsləhət ala bilərlər.
Bu vaxda qədər A/H1N1 virusunun aşkar olunması məqsədilə Respublika Taun Əleyhinə Stansiyasının laboratoriyasında 500-dən çox müayinə aparılmışdır. Müayinələrin nəticəsi mənfi olmuşdur.