Respublika Hərbi Prokurorluğu yarım ilin yekunlarını açıqlayıb
Dünən Respublika Hərbi Prokurorluğun idarə və şöbələrində, ərazi hərbi prokurorluqlarında 2009-cu ilin birinci yarımilində Azərbaycan Respublikasının Hərbi Prokurorluq orqanları tərəfindən cinayətkarlığa qarşı mübarizə, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması sahəsində görülmüş işlərin vəziyyəti, qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş əməliyyat müşavirələri keçirilib. Bu barədə SİA-ya Respublika Hərbi Prokurorluğunun mətbuat xidmətindən məlumat verilib.
Azərbaycan Respublikası Baş prokurorunun muavini - Azərbaycan Respublikasının Hərbi prokroru ədliyyə general-leytenatı Xanlar Vəliyevin rəhbərliyi ilə Respublika Hərbi prokrorluğunun idarə və şöbə rəislərinin, tabe ərazi hərbi prokurorluqları kollektivlərinin iştirakı ilə keçirilən əməliyyat müşavirələrində 2009-cu ilin ötən dövrü ərzində qanunçuluğun daha da mökəmləndirilməsi, dövlətçiliyimizin maraqlarının, insan hüquq və azadlıqlarının müdafiəsi, cinayətkarlığa qarşı mübarizə işinin real vəziyyəti, mövcud nöqsanların, çatışmazlıqların yaranma səbəbləri hərtərəfli, pirinsipial təhlil edilib, "Prokurorluq haqqında" qanunda nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə, ilk növbədə, istintaq, təhqiqat, dövlət ittihamının müdafiəsi, vətəndaşların müraciətlərinə baxılması işinin səmərəliliyinin artırılması, tabe struktur qurumların fəaliyyəti üzərində Respublika Hərbi Prokurorluğunun nəzarətinin daha da gücləndirilməsi, Hərbi prokurorluq orqanlarında xidməti, icra və hərbi intizamının daha da möhkəmləndirilməsi üçün konkret tədbirlər müəyyənləşdirilib. Əməliyyat müşavirələrində, ilk növbədə, xalqımızın ümummilli lideri Heydər Əliyev strateji inkişaf konsepsiyasının reallaşdırılması istiqamətində Azərbaycan Respublikasının Prezdenti İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən məqsədyönlü və uğurlu tədbirlər nəticəsində 2009-cu ilin ötən dövrü ərzində müstəqil inkişafının yeni yüksəliş mərhələsini yaşayan Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafını daha da sürətləndirən, sivil və hüquqi dövlətimizin qüdrətini daha da artıran, xalqımızın həyat səviyyəsini əhəmiyyətli dərəcədə yüksəldən uğurlu nəticələr əldə etdiyi diqqətə çatdırılıb. Respublika Hərbi Prokurorluğunda hərbi prokurorluğun rəhbər heyətinin və ərazi hərbi prokurorlarının iştirakı ilə keçirilən kollegiya iclasında ərazi hərbi prokurorluqlarında keçirilən əməliyyat müşavirələrinin nəticələri hərtərəfli müzakirə olunub, tabe prokurorluqların əməkdaşları tərəfindən qaldırılan və işin səmərəliliyinə mənfi təsir göstərən problemlərin aradan qaldırılması, işin səmərəliliyinin artırılması baxımından həlli vacib məsələlərin tənzimlənməsi istiqamətində qarşıda duran konkret vəzifələr müəyyənləşdirilib, respublika Hərbi prokurorluğunun əlaqədar struktur qurumlarına konkret göstərişlər verilib. Kollegiya iclasında hərbi prokuror Xanlar Vəliyev qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü işlər nəticəsində 2009-ci ildə dövlət müstəqilliyimiz daha da möhkəmlənmiş, demokratik, hüquqi dövlət, vətəndaş cəmiyyəti quruculuğu prosesi yeni mərhələyə qədəm qoyub, ölkənin inkişaf dinamikasında ciddi keyfiyyət dəyişiklikləri baş verən, respublikamızın beynəlxalq aləmə inteqrasiya prosesi daha da sürətlənib, sosial-iqtisadi inkişaf sahəsində mühüm uğurlar əldə edilib, qanunun aliliyinə xidmət edən mükəmməl konsepsiyanın həyata keçirilməsində yeni mərhələnin əsası qoyulub. Qeyd edilib ki, cari ilin ən mühüm hadisələrindən biri də Azərbaycan Respublikası Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi ilə bağlı martın 18-də keçirilmiş referendum olub: "Bu tədbir yeni dövrün tələbləri ilə uzlaşan bir sıra əlavə və dəyişikliklərin edilməsi, insan və vətəndaş hüquq və azadlıqlarına daha etibarlı təminat mexanizmlərinin formalaşdırılması niyyətindən irəli gəlib. Azad, ədalətli və demokratik şəraitdə keçməklə milli iradəni ifadə edən referendum, ilk növbədə, Azərbaycanın demokratikləşmə və vətəndaş cəmiyyəti quruculuğu yoluna sadiqliyini nümayiş etdirilib".
Ədliyyə general-leytenantı Xanlar Vəliyev dövlət və bələdiyyə əmlakının və vəsaitlərinin idarə olunması sahəsində korrupsiya ilə ələqadər hüquqpozmalara qarşı mübarizənin gücləndirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2009-cu il tarixli Fərmanının icrası ilə bağlı prokurorluq orqanları qarşısında duran vəzifələrin əhəmiyyətini vurğulayıb.
Hərbi prokuror bildirib ki, həmin fərman prokurorluq orqanlarına dövlət səviyyəsində göstərilən böyük etimadın təzahürü kimi dəyərləndirilməli, cinayətkarlığa, o cümlədən ümumbəşəri sosial bəla olan korrupsiya cinayətlərinə qarşı mübarizənin gücləndirilməsi sahəsində prokurorluğun rolunun müsbət qiymətləndirilməsi kimi qəbul edilməlidir: "Son illər Ali Baş Komandan cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində ordunun maddi-texniki bazasının əhəmiyyətli dərəcədə möhkəmləndirilib, hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılıb və ordunun döyüş qabiliyyəti yüksəlib". Xanlar Vəliyev şəxsi heyətdə nizam-intizamın gücləndiyini və mənfi halların xeyli aradan qaldırıldığını konkret faktlarla diqqətə çatdırıb. "Son 6 il ərzində dövlət büdcəsində hərbi xərclərin həcmi artaraq 2,3 milyard dollara çatmış, ölkənin müdafiə potensialı 5 dəfədən çox artıb". Vurğulanıb ki, cari ilin 6 ayında hərbi prokurorluq orqanları Silahlı Qüvvələrdə hərbi nizamnamələrin tələblərinə əməl edilməsi, hərbi qulluqçuların hüquqlarının daha təminatlı müdafiəsi, hərbi qurumlarda qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi sahəsində fəaliyyətini daha da artıb, ordu quruculuğuna mənfi təsir edə biləcək bir çox cinayət hadisələrinin üstü açılaraq təqsirli şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi təmin olunub, digər təsirli tədbirlər də görülüb.
Vurğulanıb ki, "Korrupsiyaya qarşı mübarizə haqqında" Qanunun və dövlət başçısı İlham Əliyevin "Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiyanın təsdiq edilməsi barədə" 2007-ci il 28 iyul tarixli Fərmanının həyata keçirilməsi ilə əlaqədar hərbi prokurorluq orqanları mütəşəkkil cinayətkarlığın ən təhlükəli təzahürlərindən biri olan korrupsiya cinayətlərinə qarşı mübarizə sahəsində öz fəaliyyətini daha da gücləndirilib.
"Bu da əvvəlki illərə nisbətən cinayətkarlıqla mübarizə sahəsində daha səmərəli nəticələrin əldə edilməsinə, Silahlı Qüvvələrin qüdrətini zəiflədə biləcək cinayətlərin, o cümlədən mənimsəmə, israfçılıq, rüşvətxorluq, vəzifədən sui-istifadə etmə və digər cinayət hadisələrinin vaxtında aşkar olunmasına, cinayət törətmiş şəxslərin layiqli cəzaya məhkum edilməsinə şərait yaradıb.
Məlumat verilib ki, hərbi prokurorluq orqanları cinayətlər nəticəsində vurulmuş maddi ziyanın 95,4 faizinin istintaq zamanı ödənməsini təmin etməyiblər. "Bu, 2008-ci illə müqayisədə 37,6 faiz çoxdur. 2009-ci ilin birinci yarımilində Azərbaycan Respublikasının hərbi prokurorluq orqanlarında vətəndaşların 969 müraciətinə baxılaraq, müsbət həllini tapmış, 271 vətəndaş müxtəlif məsələlərlə bağlı qəbul edilmişdir. Həmçinin hərbi hissə və birləşmələrdə 245 nəfər qəbul edilərək müraciətləri üzrə müvafiq qərarlar qəbul olunub. Xocalı, Qaradağlı, Meşəli, Bağanis-Ayrım faciəsi, terror, habelə əsir düşmüş şəxslərə işgəncə verilməsi və erməni silahlı qüvvələrinin törətdikləri digər cinayət əməlləri Azərbaycan Respublikası CM-nin soyqırıma görə məsuliyyəti nəzərdə tutan 103-cü və digər maddələrinə tövsif edilib, iş üzrə 282 təqsirləndirilən şəxs barəsində axtarış elan edilib. Hazırda cinayət işi üzrə intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 27 sentyabr tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009-2011-ci illər üçün Dövlət Proqramı"nın icrası istiqamətində müvafiq işlər görülüb. Azərbaycan Respublikası Baş Prokuroru, I dərəcəli dövlət ədliyə müşaviri Zakir Qaralovun əmri ilə Respublika Hərbi Prokurorluğunda kadrlar şöbəsi, Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin tərkibində xüsusi istintaq şöbəsi və maddi-texniki təminat şöbəsi yaradılıb. Hesabat dövründə Hərbi prokurorluğun fəaliyyət istiqamətləri üzrə əhəmiyyət kəsb edən bir çox məsələlərlə bağlı ümumiləşdirmələr aparılıb ki, bu da mövcud problemlərin aradan qaldırılmasına xeyli kömək edib. Sonra məruzə ətrafında çıxışlar olub. Kollegiyada çıxış edən respublika hərbi prokurorunun müavini Rasim Kazımov, Silahlı Qüvvələrin təhqiqat orqanlarında və əsgər dustaqxanalarında qanunların icrasına nəzarət şöbəsinin rəisi Səfər Əhmədov, Lənkəran hərbi prokuroru Oktay Ağayev Qazax hərbi prokuroru Vaqif Quliyev hesabat dövründə görülmüş işlərdən danışmış, nöqsanların aradan qaldırılması, qanunçuluğun möhkəmləndirilməsi, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi, cinayətkarlığa qarşı səmərəli mübarizənin təmin olunması ilə əlaqədar hərbi prokurorluq orqanlarının qarşısında duran vəzifələrin yerinə yetirilməsi üçün görüləcək tədbirlər barədə ətraflı məlumat veriblər.
Respublika hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev kollegiyaya yekun vuraraq əmin edib ki, hərbi prokurorluq orqanları Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin prokurorluq orqanlarına göstərdiyi yüksək qayğı və etimadı layiqincə doğrultmaq, qanunun aliliyini, insan hüquqları və azadlıqlarının etibarlı müdafiəsini, cinayətkarlığa qarşı mübarizəni təmin etmək üçün bütün zəruri tədbirləri bundan sonra da dönmədən həyata keçirəcəklər.