Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlişinin 40 illik yubileyi geniş qeyd olunub
Dünən- iyulun 14-də ümummilli lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlməsinin 40 ili tamam oldu. Bu tarixin 30 ilindən çoxu Azərbaycanın quruculuq və inkişaf salnaməsinə ulu öndərin xalqımız və ölkəmiz üçün gördüyü işlərin zəfər səhifələri kimi yazılıb.
İndi Heydər Əliyevin siyasi irsini araşdıranlar çox haqlı olaraq həmin illərdə görülmüş işləri dövlət müstəqilliyimizə təminat yaradan başlıca amillər kimi qiymətləndirirlər. Ümummilli lider Heydər Əliyev məhz o illərdə böyük uzaqgörənliklə Azərbaycanın milli müstəqilliyinin etibarlı təməlini, sosial-iqtisadi, mənəvi intellektual və hüquqi mühitini formalaşdırıb.
Təsadüfi deyil ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra insan hüquq və azadlıqlarının prioritetlərinə əsaslanan, demokratik, hüquqi və dünyəvi dövlət qurmaq, qanunların hakim olduğu vətəndaş cəmiyyəti formalaşdırmaq kimi məsuliyyətli və şərəfli bir missiyanı məhz Heydər Əliyev özü yerinə yetirdi.
Bu mənada hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu yolu ilə inamla irəliləyən Azərbaycan ulu öndərimizin şah əsəridir. Ulu öndərin Azərbaycanda hakimiyyətə gəlməsinin 40-cı ildönümü də məhz bu səbəbdən ölkədə geniş formada qeyd edilib.
Qeyd edəki Ulu öndər Heydər Əliyevin Azərbaycanda rəhbərliyə gəlməsinin 40 illik yubileyi münasibətilə Bakı Şəhər icra Hakimiyyəti də Milli Parkda yerləşən Saat Qülləsinin yanında maraqlı konsert proqramı və atəşfəşanlıq təşkil edib. Saat 21-də başlayan proqramda tanınmış incəsənət xadimlərinin iştirakı Milli Parka toplaşan şəhər sakinlərinin və qonaqların ürəyindən olub.