Artıq mətbuatın yaradılmasının ildönümü ərəfəsindəyik. Əsası "Əkinçi" qəzeti ilə qoyulan Azərbaycan mətbuatı bu gün dövlətin diqqət və qayğısını hiss etməkdədir. Əminliklə deyə bilərik ki, son illər mətbuatımız öz inkişaf dövrünü yaşayır. Əldə edilən uğurları KİV nümayəndələri necə dəyərləndirirlər sualı ilə bəzi qəzet baş redaktorlarına müraciət etdik.
Vəli Vəliyev,
"Azad Azərbaycan" qəzetinin baş redaktoru:
- Mətbuatımız böyük, şərəfli yol keçib. İstər sovet dövründə istərsə də müstəqillik qazandıqdan sonra Azərbaycan mətbuatı böyük uğurlar əldə edib. Ulu öndərimiz, müstəqil Azərbaycanın qurucusu Heydər Əliyev ölkəmizdə, digər sahələrə olduğu kimi, mətbuata da daim diqqət və qayğı göstərib. Onun sərəncamı ilə mətbuat üzərindəki senzuranın ləğv olması, müstəqil mətbuatın inkişaf etdirilməsi dediklərimin bariz nümunəsidir. Cənab Prezidentimiz İlham Əliyev də hər zaman kütləvi informasiya vasitələrinə qayğı göstərir. Bir müddət öncə Mətbuata Yardım Fondunun, eləcə də, Mətbuatın İnkişafına Dövlət Dəstəyi Şurasının yaradılması mətbuatımızın inkişafı istiqamətində atılmış uğurlu addımlardandır.
Yunus Oğuz,
"Olaylar" qəzetinin baş redaktoru:
- Azərbaycan mətbuatı özünün yeni inkişaf dövrünü yaşayır. Cənab Prezidentimiz İlham Əliyev Azərbaycan mətbuatının inkişaf etməsi üçün hər cür şərait yaradıb. Mətbuatın inkişafı istiqamətində kifayət qədər işlər görülüb. Mən demirəm ki, hazırda mətbuatımızda heç bir problem yoxdur. Hər bir ölkənin mətbuatında olduğu kimi, bizim mətbuatımızda da müəyyən problemlər mövcuddur və bu problemləri də biz yavaş-yavaş aradan qaldırırıq. Bütün bunlara baxmayaraq, mətbuatımız daha yaxşı inkişaf edir, istər iqtisadi, istərsə də siyasi cəhətdən. Fikrimcə, indi bütün dünyada olduğu kimi, gələcəkdə mətbuat heç kimdən asılı olmayacaq.
Akif Aşırlı,
"Şərq" qəzetinin baş redaktoru:
- Mənim fikrimcə, Azərbaycan mətbuatı, bu gün cəmiyyət necədirsə, o cür də inkişaf edir. Həmçinin, bu gün Azərbaycanda azad, demokratik mətbu orqanların çapı həyata keçirilir və KİV normal şəkildə öz fəaliyyətini davam edir. Təbii ki, bir sıra problemlər də var, həm peşəkarlıq baxımından problemlər müəyyən dərəcədə olduğu kimi qalır, həm də ən ciddi problem mətbuatın maliyyə bazasının, imkanlarının dar olmasındadır. Hesab edirəm ki, mətbuatın iqtisadi imkanları genişləndikcə, yəni qəzetlərin maliyyə vəziyyəti yaxşılaşdıqca, müəyyən mənada, özünü maliyyələşdirmək imkanlarına sahib olduqca, Azərbaycan mətbuatının daha çox inkişaf edəcəyini görəcəyik. Son vaxtlar mən bu inkişafı görürəm və bunun dövlət tərəfində kifayət qədər ciddi şəkildə işlənilib hazırlanmasını müşahidə edirəm. Mətbuata dövlət yardımı konsepsiyasının hazırlanması və bu konsepsiyanın tərkib hissəsi olan Mətbuata Yardım Fondunun fəaliyyətə başlaması bunu deməyə əsas verir. Mənim fikrimcə, bu fond və fondun fəaliyyəti müsbət nəticə verəcək. Azərbaycan mətbuatı özünün normal iqtisadi imkanlarını bərpa etmək gücünə malik olacaqdır. Bir sözlə, bunların hər biri Azərbaycan mətbuatının gələcəkdə daha da güclənməsinə və möhkəmlənməsinə xidmət edir.