PDF Oxu

Sosial

  • 9

Rusiya Azərbaycanla əməkdaşlığa böyük üstünlük verir

Rusiya Azərbaycanla əməkdaşlığa böyük üstünlük verir
Bildiyimiz kimi, bir neçə gün bundan öncə, ölkəmizə bir sıra dövlət başçılarının səfəri oldu. Belə ki, dünyanın siyasi xəritəsində mühüm rola malik olan iki ölkənin - İsrail və Rusiya Federasiyasının prezidentlərinin səfəri Azərbaycan üçün istər strateji müttəfiqlik, istərsə də qarşılıqlı əməkdaşlıq baxımından çox böyük əhəmiyyət daşıyır. Hər iki ölkə ilə bağlanan qarşılıqlı əməkdaşlıq müqavilələri ölkələrin inkişafı üçün böyük təkan rolunu oynaya bilər.
Bu sahədə xüsusilə, Rusiya ilə bağlanan təbii qazın satışı ilə bağlı müqavilə müxtəlif səviyyələrdə şərh olunur. Bu müqavilənin təkcə iqtisadi deyil, həm də siyasi məsələləri əhatə etdiyi bildirilir. Onun iki ölkə arasında strateji müttəfiqliyi daha da möhkəmləndirəcəyi qeyd olunur.
Bu günlərdə Rusiya xarici işlər naziri Sergey Lavrovun yaydığı bəyanat belə düşünmək üçün daha böyük əsas verir. S.Lavrov son bəyanatında bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin həllinin baş tutması üçün aydınlıq gətirilməmiş iki-üç məsələ qalıb. O bildirib ki, burada əsas müzakirə olunmalı məsələ Laçın dəhlizidir ki, bunun da həll olunması üçün Rusiya həm Minsk Qrupunun həmsədri kimi, həm də regionda həlledici mövqeyə malik bir ölkə kimi əlindən gələni edəcəkdir. Bəyanatda, həmçinin, bildirilib ki, bu münaqişə çətinliklə də olsa, tezliklə həll olunacaq. Rusiya xarici işlər nazirinin belə bir bəyanatla çıxış etməsi Azərbaycan tərəfinin marağına səbəb olmaya bilməz. Ermənistanın ən böyük himayədarı sayılan və siyasi qərarlar qəbul etməkdə də ona göstərişlər verən Rusiyanın rəsmi dairələri tərəfindən belə bir fikrin sələndirilməsi gözlənilməz deyil.
Bu bəyanatın məhz Azərbaycanla bağlanan qaz müqaviləsinin təsiri ilə verildiyi də güman edilir. Çünki qaz müqaviləsini bağlamaqla Rusiya hökuməti böyük üstünlüklər əldə etmiş olur. İstər ölkənin qazla təmin olunmasında, istərsə də Rusiyadan Avropa ölkələrinə ötürülən qazın verilməsində problem yaranmaması baxamından bu müqavilənin imzalanması böyük əhəmiyyət daşıyır. Görünür, Rusiya hökuməti də məhz bu amilləri nəzərə alaraq Dağlıq Qarabağ münaqişəsinin həlli barədə belə əminliklə danışır. Hər halda yaxın beş il ərzində Rusiya Azərbaycan qazından yararlanacaq. Bunun sayəsində isə, o, elə bir o qədər müddət də Avropanı qazla təmin edilməsi baxımından özündən asılı vəziyyətdə saxlayacaq. Bütün bunlardan belə bir nəticə çıxarmaq olar ki, Azərbaycanla bağlanan təbii qaz müqaviləsinin Rusiya üçün böyük siyasi, iqtisadi və strateji əhəmiyyəti var.

Digər xəbərlər