İdrak proseslərinin mahiyyəti və kiçik məktəbli yaş dövrünün xüsusiyyətləri
İdrak prosesinin qanunauyğun və zəruri pillələri - hissi idrakla məntiqi idrak arasındakı qarşılıqlı əlaqə və asılılıqdan ibarətdir. Hissi idrak zəminində ümumiləşdirmə olmadan məntiqi idrak mümkün deyildir. Ümumiləşdirmə prosesində idrakın bütün formaları iştirak edir. Hissi idrakın verdiyi məlumat ümumiləşdirilməsə, idrak prosesi tamamlanmır. İdrak nəzəriyyəsinin əsasını xarici aləmin və onun insan beynində inikasının qəbul olunması təşkil edir. Obyektiv aləmin dərk olunması canlı seyr etmədən, müşahidədən başlanır, ətraf gerçəkliyin subyektlə (dərk edən insanla) ilk əlaqəsi məhz duyğular vasitəsilə həyata keçirilir.
Hiss üzvlərinin fəaliyyəti pozulduqda xarici aləmlə insan arasındakı əlaqə də yaranmır. Özlüyündə aydındır ki, əks edən şey olmasa, inikas da ola bilməz. Canlı seyr etmənin, hissi idrakın duyğularla yanaşı və duyğulardan sonrakı mərhələ hesab edilən yüksək inkişaf etmiş forması qavrayış hesab edilir.
Təsəvvürlərin mühüm əlaməti ondan ibarətdir ki, məhz burada cnlı seyretmədən mücərrəd təfəkkürə, hissi idrakdan məntiqi idraka dialektik keçid baş verir.
Təsəvvürlərin mühüm əlaməti ondan ibarətdir ki, məhz burada canlı seyretmədən mücərrəd təfəkkürə, hissi idrakdan məntiqi idraka dialektik keçid baş verir. Təfəkkür isə obyektiv aləmin əlaqələrinin və qanunauyğunluqlarının canlı seyretməyə nisbətən daha yüksək inikas pilləsi olub, hissi idraka əsaslanır, daha doğrusu, hissi idrak prosesinin içərisindən yetişir, hiss üzvlərinin verdiyi məlumata istinad edir, cisimlərin daxili mahiyyətini əks etdirir, onları dərindən başa düşməyə real zəmin yaradır.
Deyilənlərdən aydın olur ki, obyektiv aləmin, onun cisimlərinin və hadisələrinin insan beynində inikasından ibarət olan idrak prosesi, dərketmə, çox mürəkkəb, dialektik prosesdir. İdrakın bir-birini tamamlayan pillələri onun canlı seyretmədən mücərrəd təfəkkürə doğru inkişafı həmin fəallığın mexanizmini, əsasını təşkil edir. Fəallığın yüksəldilməsində ciddi əhəmiyyət kəsb edən ümumiləşdirmə və müqayisə prosesi təfəkkürün inkişafına, fəallaşdırılmasına müsbət təsir göstərir.
Nitq və təfəkkürün sıx əlaqədə olduğunu, müqayisə prosesində şagirdlərin sözlərdən istifadə edərək mühakimələr yürütməsi, həm də nitq fəaliyyətinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edir.
Ümumiyyətlə, müqayisənin mühüm məziyyətlərindən biri onun obyektlər haqqında (tutuşdurulan, qarşılaşdırılan) şagirdlərin müstəqil surətdə qərar çıxarmalarına nail olmalarıdır. Müqayisənin tətbiqi zamanı əvvəlcədən qazanılmış bilik və bacarıqlara istinad edilir ki, bu da şagirdlərdə idrak fəallığının inkişafına səbəb olur.
Yeni biliklərin qazanılmış biliklərlə müqayisəli şəkildə öyrədilməsi təlim materialını fəal və müstəqil surətdə mənimsəməyə kömək edir. Müqayisə şagirdlərin müstəqil surətdə mənimsəmələrinə kömək edir. Müqayisənin şagirdlərin müstəqil işi ilə əlaqələndirilməsi çox mühüm idrak əhəmiyyəti kəsb edir. Bu prosesdə məktəblilər bir tərəfdən, tutuşdurulan, qarşılaşdırılan obyektlər haqqında müstəqil olaraq bilik əldə edir, digər tərəfdən isə mənimsədiklərini bir daha möhkəmləndirir, dəqiqləşdirirlər.
Proqram materialını öyrətmək üçün, ilk növbədə, şagirdlərin idrak fəaliyyətini fəallaşdırmaq lazımdır. Yəni dərs prosesində elə şərait yaratmaq lazımdır ki, şagirdlər onu maraqla dinləsinlər, dərsi başa düşsünlər, yadda saxlasınlar. Psixoloji tədqiqatlardan aydın olur ki, tədris materiallarının səmərəli mənimsənilməsi, ilk növbədə, şagirdlərin intellektini, ağlını və təfəkkürünü inkişaf etdirmək əsasında mümkündür.
Materialı anlama cisim və hadisələrin bir-biri ilə, eləcə də şagirdlərin malik olduğu təcrübə və biliklərlə əlaqəsini müəyyən etmək deməkdir. Təlimdə geriqalma halları da idrak fəallığının lazımi səviyyədə inkişaf etməməsi ilə bağlıdır. Ümumiyyətlə, təlim materialını müəllimin müqayisəli yolla şərh etməsi şagirdlərdə diqqətin daha fəal olmasına, biliklərin şüurlu, möhkəm mənimsənilməsinə və dərsin maraqlı gedişinə müsbət təsir edir. Müqayisənin bir üstünlüyü də problem-situasiya yaratmağa güclü təsir göstərməsidir. Bu isə şagirdlərdə fəallığın yüksəlməsinə səbəb olur, onları cisim və hadisələri dərindən öyrənməyə təhrik edir.
Bu baxımdan, şagirdlərdə idrak fəallığını inkişaf etdirmək təlim prosesində xüsusi əhəmiyyətə malik olan problem hesab edilir.
İdrak fəallığının inkişafı şagirdlərdə fəal həyat mövqeyinin formalaşması üçün real zəmindir.
İdrak fəaliyyətini fəallaşdırmaq üçün müxtəlif təlim tiplərinin tətbiqini, şagirdlərdə maraq oyadıb tərbiyə etmək, biliyə tələbat oyatmaq və s. əsas amillər hesab edilə bilər.
Şagirdlərin idrak fəallığı mövqeyi dedikdə, onu məktəblinin təlimə olan aktiv münasibətinin elə təzahür forması, elə fəaliyyəti kimi nəzərə alırıq ki, orada şagird könüllü olaraq bütün qüvvə, bacarıq və qabiliyyətlərini səfərbər edir, təlim tapşırıqlarını yerinə yetirir.
Psixologiya elmi şagirdlərin bilikləri məsimsəməsinin psixoloji komponentlərinə xüsusi əhəmiyyət verir. Yəni şagirdlərin psixikasının bir-biri ilə vəhdət təşkil edən müxtəlif cəhətləri nəzərdə tutulur. Bunları fəallaşdırmadan təlimdə qarşıya qoyulan məqsədə nail olmaq olmaz.
Şagirdlərin dərketmə imkanlarını inkişaf etdirmək üçün müəllimlərin öz dərslərində müxtəlif sahələr üzrə maraqlı faktlardan danışması, şagirdlərlə canlı dialoq yaratması bu məsələnin müsbət həlli üçün çox faydalı bir vasitə ola bilər.
Təlimin həyatla canlı əlaqəsini şagirdlərə aydın bir surətdə dərk etdirmədən, şagirdlərin sinifdənxaric mütaliəsi və onun müzakirəsini səmərəli təşkil etmədən, idrak fəallığınnın formalaşdırılmasına nail olmaq, əslində, mümkün deyildir.
İdraki inkişafın mühüm qanunauyğunluğu müstəqil işin icrasını da tələb edir. Çünki müstəqil işlərin bütün növləri şagirdlərin psixi fəallığını artırır. Ümumiyyətlə, tədris prosesini təkmilləşdirməyin əsas istiqaməti şagirdlərin idrak imkanlarını formalaşdırmaqdan ibarət olmalıdır.
Şagirdlərdə idrak prosesləri - diqqət, duyğu, qavrayış, hafizə, təfəkkür, təxəyyül öz funksiyalarını yerinə yetirməkdə nə qədər fəal olarsa, təlim müvəffəqiyyəti bir o qədər yüksələ bilər. Bu baxımdan, şagirdlərin idrak proseslərini fəallaşdırmaq, başqa sözlə, oyatmaq, stimullaşdırmaq, istiqamətləndirmək bacarığı müəllimin pedaqoji qabiliyyətinin vacib şərti hesab edilməlidir.
Təcrübə göstərir ki, psixi proseslərin fəallaşdırılması şagirdlərin biliklərinin dəqiq və əhatəli olmasında böyük rol oynayır. Qazanılmış biliklərin uzun müddət yadda saxlanmasına əsas verir.
Əgər müəllim sinifdə şagirdlərin hamısının idrak fəaliyyətini fəallaşdırmağa nail ola bilmirsə, təlim özünün başlıca funksiyasını, şagirdin psixi inkişafını, fərdi psixi xassələrinin formalaşmasını yerinə yetirə bilmir.
Məşhur psixoloq professor Ə.Ə.Əlizadənin qeyd etdiyi kimi "Ayrı-ayrı fənlərin tədrisi prosesində şagirdlərin idrak fəalliyyətinin sual yönümündə aktivləşdirilməsi sisteminin işlənilməsi" mühüm psixoloji və metodik problem kimi diqqəti daha cəlb edir.
Təlim prosesində şagirdlərə fərdi yanaşmaqla çalışmaq lazımdır ki, onların hamısı proqram materialını dərin və möhkəm mənimsəsin, fikrin tam gərginliyi ilə işləsinlər. Əgər şagird konkret tapşırığın yerinə yetirilməsi üçün lazım olan hər hansı bacarıq və vərdişə malik deyilsə, öyrənilən materialın mənimsənilməsində ona kömək edən fərdi yanaşma üsul və tərzlərindən istifadə edilməlidir.
Şagirdlərin təlim prosesində fəal olması üçün ona müstəqillik imkanı vermək, işin səmərəli üsul və priyomlarını öyrətməklə yanaşı, onlarda özünəzarəti tərbiyə etmək lazımdır. Bunun üçün öz işini qiymətləndirməyi, onun müvəffəq və çatışmayan cəhətlərini görməyi, səhvlərini tapıb təshih etmək bacarığını iradi fəaliyyətin əsas əlamətinə çevirmək gərəkdir.
Psixoloji tədqiqatlar, həmçinin, məktəb təcrübəsi sübut edir ki, kiçik məktəbli və yeniyetməlik yaş dövründə şagirdlərin psixi fəallığına müəyyən vasitələrlə istiqamət verilmədikdə onlar mətnin məzmununu lazımi səviyyədə qavraya bilmirlər.
Belə istiqamətlərdən ən başlıcası plan tərtibinə nail olmaqdır. Çünki konkret və aydın tərtib edilmiş plan şagirdlərin nəinki məntiqi təfəkkürünü inkişaf etdirir, həm də tapşırığı özünə inam hissi ilə icra etmək vərdişi yaradır.
Təcrübə göstərir ki, məktəblilərin böyük əksəriyyəti müəllimin səmimiyyətinə, qayğısına ehtiyac hiss edirlər: müəllim hər bir uşağın qəlbinə yol tapmağı bacarmalıdır. Bunun üçün o, ilk növbədə, uşağın fərdi-psixi xüsusiyyətlərini bilməli, və ona istinad etməlidir. Şagirdi öyrənərkən birinci gündən onun yaşadığı şəraiti, ona təsir edən subyektiv və obyektiv amilləri nəzərə almaq lazımdır. Ev tapşırıqlarının icrasına şüurlu münasibət idrak fəallığının inkişafı üçün mühüm əhəmiyyət kəsb edir. Ona görə ki, tapşırığın müstəqil olaraq icra prosesi şagirdlərdə özünə nəzarəti artırır, şagird öz-özünü dönə-dönə yoxlayır və bununla onda özünə inam hissi inkişaf edir.
Məlum olduğu kimi, müsbət hisslər idrak proseslərini fəallaşdırır, diqqət, qavrayış və başqa psixi proseslərin məzmununa seçici təsir göstərir. İdrak prosesləri və hisslərin vəhdəti prinsipi idrak fəaliyyətinin fəallaşdırılmasının mühüm sahəsini təşkil edir. Şagird öyrənilən materialın mahiyyətini dərindən bilməli, onu təhlil etməyi bacarmalı, əvvəl keçilən materialla tutuşdurmalı, müqayisə etməlidir.
Təcrübə göstərir ki, keçilən materialın xarakterindən asılı olaraq şagirdlərin onu qavrama səviyyəsi müxtəlif olur. Onların bəziləri keçilən materialı tez və asanlıqla, bəziləri isə gec və çətin mənimsəyirlər.
Məlum olduğu kimi, şagird cisim və hadisələrin müxtəlif cəhətlərinin keyfiyyət, xassə və əlamətlərini, onlar arasındakı əlaqə və münasibətləri ümumiləşdirmək yolu ilə müvafiq nəticələr çıxarır. Belə fikri proses ümumiləşdirmə adlanır. Ümumiləşdirmə prosesində şagird təhlilin köməyi ilə ayrı-ayrı cisimlərin ümumi və mühüm əlamətlərini tapır, sonradan onları birləşdirir və induktiv yolla ümumi qanunauyğunluğu aşkara çıxarır. Beləliklə, o, xüsusidən ümumiyə keçir.
Şagirdlərin təfəkkür fəaliyyətinin məhsulu olan bu ümumi faktlardan xüsusi nəticələrin çıxarılmasına yönəldilmiş belə fikri proses mücərrədləşdirmə adlanır.
Müşahidələr göstərir ki, bəzi müəllimlər bu cəhətə çox az diqqət yetirir, ayrı-ayrı faktların şərhinə xüsusi əhəmiyyət verdikləri halda, şagirdlərin ümumiləşmiş nəticələr çıxarmalarına diqqət yetirmirlər ki, bunun da nəticəsində şagirdlərin idrak prosesləri fəallaşdırılmır. Bəzən isə məktəblilərə ümumi anlayış və qaydalar əzbərlədilir, yəni formalizmə yol verilir. Bu isə onların mənimsədikləri biliklərin birtərəfli olması və tezliklə yaddan çıxması ehtimalını artırır. Beləliklə, idrak proseslərinin müxtəlif üsul və tərzlərlə fəallaşdırılması yeni məsələ olmasa da, müxtəlif yol və vasitələrlə təkmilləşdirilməsi məktəbli şəxsiyyətinin hərtərəfli formalaşmasında xüsusi əhəmiyyətə malikdir.
Ümumiyyətlə, idrak proseslərinin tədqiqinə aid aparılmış işlərlə bu problemin həllini bitmiş hesab etmək olmaz. Çünki idrak fəallığı dinamik xarakter daşıyır və subyektin fərdi-psixi inkişaf xüsusiyyətlərindən bilavasitə asılıdır.
Bu baxımdan, müstəqil respublikamızın ictimai tərəqqisi prosesində, müasir vətəndaşların yetişdirilməsində idrak fəallığını yüksəltmək və onu şagirdlərin müvəffəqiyyətinin mühüm amili kimi daha da təkmilləşdirmək zəruriliyi təlim-tərbiyə prosesini inkişaf etdirməyin və şəxsiyyətin formalaşmasının mühüm amili kimi diqqəti cəlb edir.