Təhlükəsiz cəmiyyət uğrunda
Məlum olduğu kimi, bu günlərdə Milli Məclisin sessiyasında "Polis haqqında" qanun layihəsinə müəyyən dəyişikliklər edilməklə, polis orqanları yanında ictimai şuraların yaradılması qərarı qəbul olundu. Qanunun müzakirəsi zamanı millət vəkilləri bu dəyişikliklərin vacib olduğunu bildirdilər.
Qanunla bağlı Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynov bu dəyişikliklərin edilməsinin əsas məqsədləri barədə münasibət bildirdi: "Qanuna edilən əlavə və dəyişikliklərin əsas məqsədi ictimaiyyəti, ayrı-ayrı vətəndaşların asayişinin qorunması, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, cəmiyyətin maarifləndirilməsi işinə cəlb etmək, neqativ hallarla mübarizədə ictimaiyyətin imkanlarından daha geniş istifadə etməkdir. Qanunun 10-cu maddəsinə təklif edilən 5-ci hissədə qeyd olunur ki, yaşayış yeri üzrə ictimai asayişin və ictimai təhlükəsizliyin təmin edilməsi ilə bağlı yaranan sosial problemlərin birgə həlli üçün ayrı-ayrı şəxslər könüllülük əsasında polis orqanları tərəfindən ictimai asayişin və təhlükəsizliyin təmin edilməsi işinə cəlb oluna bilərlər. İctimai asayişin və təhlükəsizliyin təmin olunmasında könüllü olaraq iştirak edən şəxslərin fəaliyyətinin əlaqələndirilməsi üçün yerli polis orqanlarının yanında ictimai şuralar yaradıla bilər. İctimai asayişin və təhlükəsizliyin təmin olunması üzrə könüllü ictimai fəaliyyət hüquqa zidd və cəmiyyətə qarşı hörmətsiz davranışın qarşısının alınması məqsədilə, maarifləndirmə və təbliğat işinin aparılması, narkomaniyanın və alkoqolizmin, həmçinin, yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası, cinayətlərin və digər hüquqpozmaların qarşısının alınmasını və araşdırılmasını təmin etmək məqsədilə, zəruri məlumatların polis orqanlarına verilməsi istiqamətində həyata keçirilə bilər. Layihəyə əsasən ictimai asayişin və təhlükəsizliyin təmin olunması üzrə könüllü ictimai fəaliyyətə cinayət törətdiyinə görə əvvəllər məhkum olunmuş, psixi xəstəliklə, narkomanlıqla, alkoqolizmlə bağlı müalicə-profilaktika müəssisələrində qeydiyyatda olan, fəaliyyət qabiliyyətsizliyi və ya məhdud fəaliyyət qabiliyyətliliyi məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təsdiqlənmiş şəxslər cəlb edilə bilməzlər".
Millət vəkili Aydın Həsənov bu dəyişikliklərin mühüm əhəmiyyət daşıdığını dedi: "Qanun layihəsinin cəmiyyətin həyatında müsbət təsiri olacaq. Belə düşünürəm ki, polis orqanları yanında ictimai şuralar yaradılması cəmiyyətin təhlükəsizliyi üçün vacibdir. Çünki ictimai asayişin və təhlükəsizliyin qorunması birbaşa hüquq-mühafizə orqanlarının işidir, ancaq bu məsələdə ictimaiyyətin yaxından iştirakı da çox müsbət haldır. Yəni, sözügedən qanuna təklif olunan əlavə çox mütərəqqi xarakterli bir əlavədir".
Millət vəkili onu da bildirdi ki, Azərbaycanda polis orqanları yanında ictimai şuraların yaradılması müsbət haldır: "Polis orqanları yanında ictimai şuranın yaradılması bir yandan bu müəyyən mənada polisin fəaliyyətinə müsbət təmir edəcək, o biri yandan da şura üzvləri hər hansı qanunsuzluqda polisin yardımçısına çevrilə biləcəklər".
Millət vəkili Fəzail Ağamalının sözlərinə görə, polis orqanları yanında ictimai şuraların yaradılması polislərin zəifləməsinə dəlalət etmir: "Ümumiyyətlə ictimai qaydanın qorunması polisə xas funksiyadır. Eyni zamanda bu, cəmiyyətin də problemidir. Ona görə də, polis orqanları yanında ictimai şuraların yaradılması qərarı bir prinsipin tətbiqi baxımından müsbət qarşılanmalıdır".
Politoloq Zərdüşt Əlizadə isə qeyd etdi ki, "Polis haqqında" qanunda birbaşa nəzərdə tutulmasa da, vətəndaşın cinayət törətmiş şəxsi yaxalamaq hüququ var, bu baxımdan, ictimai şuraların yaradılması müsbət addımdır, vətəndaşların ictimai şuralar vasitəsilə polisə kömək etməsində mənfi bir hal yoxdur: "Ancaq, inanıram ki, onun tətbiqinin nəticəsi, istər cəmiyyətimiz üçün, istərsə də ölkədə sabitliyimiz üçün böyük əhəmiyyət kəsb edəcək".