PDF Oxu

Sosial

  • 10

Matyas Eörsi: “İnanırıq ki, Azərbaycan yaxın gələcəkdə Avropa ailəsinin tamhüquqlu üzvü olacaq”

Matyas Eörsi: “İnanırıq ki, Azərbaycan yaxın gələcəkdə Avropa ailəsinin tamhüquqlu üzvü olacaq”
Ölkəmizdə səfərdə olan Macarıstan Parlamentinin Avropa işləri üzrə komitəsinin sədri Matyas Eörsi mayın 19-da Milli Məclisin Azərbaycan-Macarıstan parlamentlərarası işçi qrupunun üzvləri ilə görüşüb.
İşçi qrupunun rəhbəri, Azərbaycan Sosial Rifah Partiyasının sədri Xanhüseyn Kazımlı Azərbaycan ilə Macarıstan arasında dostluq əlaqələrinin tarixindən söz açmış, müstəqilliyimizə qovuşduqdan sonra münasibətlərimizin daha da möhkəmləndiyini və genişləndiyini bildirib.
Azərbaycan Prezidenti İlham Əliyevin 2008-ci ilin fevralında Macarıstana səfərini xatırladan X.Kazımlı bildirib ki, bu səfər ölkələrimiz arasında əlaqələrin inkişafında yeni səhifə açıb.
Diqqətə çatdırılmışdır ki, Macarıstan Parlamentinin sədri Katalin Silinin ötən ilin sentyabrında Bakıya səfərindən sonra parlamentlərarası münasibətlərimizdə yeni dövr başlanıb.
Sonra X.Kazımlı Azərbaycanın sosial-iqtisadi inkişafı, əldə olunmuş uğurlar, nəzərdə tutulmuş layihələrdən söhbət açmış, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat verib.
İşçi qrupun rəhbəri Matyas Eörsinin Avropa Şurası Parlament Assambleyasının baş katibi postuna namizədliyini irəli sürməsini yüksək qiymətləndirmiş, onun baş katib seçiləcəyi təqdirdə bu mötəbər beynəlxalq təşkilatda Azərbaycanın haqlı mövqeyinin daha mükəmməl qorunacağına ümidvar olduğunu bildirib.
Azərbaycana dost kimi gəldiyini vurğulayan Matyas Eörsi demişdir ki, Avropa İttifaqının "Şərq tərəfdaşlığı" proqramı çərçivəsində reallaşan səfərdən məqsəd Azərbaycanın mövqeyini daha yaxından öyrənmək, məsləhətləşmələr aparmaqdır.  
Qonaq bildirib ki, sürətli inkişaf, həyata keçirilən hüquqi, demokratik islahatların uğurlu nəticələri Azərbaycanın parlaq gələcəyindən xəbər verir: "Azərbaycan çox sürətlə inkişaf edir. Biz sizin ölkənizə böyük ümidlə baxırıq. İnanırıq ki, Azərbaycan yaxın gələcəkdə Avropa ailəsinin tamhüquqlu üzvü olacaqdır". Qonaq onu da bildirib ki, AŞPA-da baş katib seçilib-seçilməyəcəyindən asılı olmayaraq, Azərbaycanın haqlı mövqeyini həmişə müdafiə edəcək.
Sonra görüşdə Avropa İttifaqının "Şərq tərəfdaşlığı" proqramının əhəmiyyəti, Dağlıq Qarabağ münaqişəsinin həlli yolları, Azərbaycan-Macarıstan əlaqələrinin, parlamentlərarası münasibətlərin inkişaf perspektivləri və digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Digər xəbərlər