PDF Oxu

Sosial

  • 13

Sankt-Peterburq görüşü Qarabağ üçün son və həlledici olacaqmı?

Sankt-Peterburq görüşü Qarabağ üçün son və həlledici olacaqmı?
Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Minsk Qrupunun həmsədrlərinin mayın 21-də regiona növbəti səfəri gözlənilir. Bu barədə rusiyalı həmsədr Yuri Merzlyakov məlumat verərkən deyib ki, diplomatlar əvvəlcə Yerevana, oradan isə Bakıya gələcəklər. Y.Merzlyakov "Regnum" agentliyinə açıqlamasında bildirib ki, vasitəçilərin budəfəki səfəri tam tərkibdə gerçəkləşməyəcək.
Lakin o, həmsədr həmkarlarından hansı ilə regiona gələcəklərini dəqiqləşdirməyib. Eyni zamanda, Y.Merzlyakov əlavə edib ki, bu səfərdən az sonra, iyunun əvvəlində həmsədrlər "üçlüyü" Bakı və Yerevana tam tərkibdə səfər edəcəklər. Onun sözlərinə görə, hər iki səfərdə başlıca məqsəd Azərbaycan və Ermənistan prezidentlərinin yeni görüşünə razılıq almaq və bununla bağlı müvafiq hazırlıq aparmaqdır.
Xatırladaq ki, vasitəçilər prezidentlər İlham Əliyev və Serj Sarkisyanın növbəti danışıqlar raundunun iyunun 11-12-də Sankt-Peterburq İqtisadi Forumu çərçivəsində keçirilməsi təşəbbüsü ilə çıxış ediblər. Ermənistanın xarici işlər naziri də vasitəçilərin regiona gələcəklərini təsdiqləyərək, prezidentlərin yeni görüşünün baş tutub-tutmayacağının səfər gedişində aparılacaq danışıqlardan asılı olacağını deyib.
Onu da qeyd edək ki, yerli və xarici mətbuatda prezidentlərin Praqada keçirdikləri son görüşün nəticələri də ciddi şəkildə müzakirə olunmaqdadır. Azərbaycan Prezidenti isə Praqadakı bəyanatlarında bir daha nəzərə çatdırıb ki, rəsmi Bakı status barədə danışıqlara yalnız Ermənistanın Dağlıq Qarabağ ətrafında işğal edilmiş yeddi rayonun azad olunmasından sonra başlaya bilər. Azərbaycanın Prezidenti İlham Əliyev həmçinin, indiyədək aparılmış danışıqların gedişində bu barədə müəyyən razılıq əldə olunduğunu deyib.
Yeri gəlmişkən, rusiyalı həmsədr Y.Merzlyakov "Regnum"a açıqlamasında bu məqama da toxunub. Onun sözlərinə görə, erməni silahlı qüvvələrinin Dağlıq Qarabağ ətrafındakı ərazilərdən çıxarılması danışıqların mövzusudur. "Bu məsələ nizamlama üzrə baza prinsiplərindən biridir və onun mövcudluğu bir il bundan öncə məlumdur" deyə o bildirib.
Bir sözlə, tərəflərin nizamlamanın təməl prinsipləri ilə bağlı ziddiyyətli mövqeləri qalmaqdadır və bu halda prezidentlərin növbəti danışıqlar raundundan real nəticə gözləmək çətindir. Hərçənd, vasitəçilər bu ziddiyyəti qismən aradan qaldırmaq üçün tərəflərə bəzi yeni ideyalar verdiklərini nəzərə çatdırırlar. Rusiyalı diplomat Y.Merzlyakov bildirib ki, həmsədrlərin regiona səfərləri gedişində tərəflərin mövcud ideyalara münasibətini dəqiqləşdirəcəklər.
Qeyd edək ki, Praqa görüşü prezidentlər - İlham Əliyev və Serj Sarkisyan arasında 2008-ci ilin dekabrından bu yana sayca 5-ci danışıqlar raundudur. Bununla belə, vasitəçilər Praqa görüşünün nəticələrinə ümumən nikbin yanaşırlar. "Qarabağ münaqişəsinin həllinin baza prinsipləri ətrafında razılıq əldə oluna bilər, bunun üçün obyektiv şərtlər var" deyə Minsk Qrupunun rusiyalı həmsədri Y.Merzlyakov bildirib. O, qeyd edib ki, prezidentlərin müzakirəsinə təqdim olunan bir sıra vacib məsələlər var ki, onların da həll olunması tərəflərə irəli doğru hərəkət etməyə imkan verər.
"Lakin biz bu irəliləyişin nə qədər olacağını söyləyə bilmərik. Həmsədrlərin danışıqlar masasındakı təklifləri tamamilə balanslaşdırılıb və düşünürük ki, bunların əsasında müsbət addımlar atmaq mümkündür". Qeyd etmək lazımdır ki, rusiyalı həmsədrin səsləndirdiyi fikirlər, daha doğrusu, bu fikirlərin Ermənistan KİV-i tərəfindən təqdimatı bəzi suallara yol açıb. Belə ki, erməni jurnalistlər Y.Merzlyakovdan bəyan etdiyi "Dağlıq Qarabağ Azərbaycanın bir hissəsidir" sözlərinə aydınlıq gətirməsini istəyiblər. Erməni tərəfin iddiasına görə, rusiyalı həmsədrin bu fikri Dağlıq Qarabağın hələ müəyyənləşməmiş statusuna bəri başdan konkret sərhəd çəkilməsi deməkdir. Y.Merzlyakov isə bildirib ki, vasitəçilər bu fikri söyləyərkən Minsk Qrupunun həmsədri olan Rusiya, ABŞ və Fransanın Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi barədə mövqeyini əsas götürürlər.
"Dağlıq Qarabağ heç bir ölkə, hətta Ermənistan tərəfindən də tanınmayıb. Hüquqi baxımdan, hələlik, heç bir başqa qərar olmadığından Dağlıq Qarabağ Azərbaycanın ərazisi sayılır, çünki SSRİ dağılan zaman bölgə Azərbaycan SSR-in tərkibində olub" deyə "Regnum" agentliyi rusiyalı həmsədrin sözlərini sitat gətirir. Erməni jurnalistlərin Dağlıq Qarabağın guya sovet dövründən əvvəl müstəqil Azərbaycanın (1918-1920-ci illərdə) tərkibində olmaması barədə sualına cavabında isə, Y.Merzlyakov bildirib ki, "bu cür münaqişələrin həllində tarixi yanaşmanın deyil, siyasi razılaşmanın əsas götürülməsinə tərəfdardır".
Bununla belə, bəzi media vasitələri, o cümlədən, "RİA-Novosti"nin Ermənistan üzrə bölməsi olan "Novosti-Armeniya" agentliyi rusiyalı vasitəçinin fikirlərini fərqli təqdim edib. Agentliyin məlumatına görə, Y.Merzlyakov Dağlıq Qarabağın mənsubiyyəti barədə suala cavabında "Rusiya Dağlıq Qarabağı müstəqil dövlət olaraq tanımır, amma bu, o demək deyil ki, biz onu Azərbaycanın tərkib hissəsi kimi tanıyırıq" deyə bildirib. Məlumata görə, Y.Merzlyakov, həmçinin, Dağlıq Qarabağın münaqişənin müstəqil tərəfi olduğunu deyib.
Amerikalı diplomat M.Brayza isə "Associated Press" agentliyinə müsahibəsində nəzərə çatdırıb ki, Dağlıq Qarabağ ətrafında işğal olunmuş rayonların azad edilməsi məsələsində razılaşma sülh prosesində mühüm mərhələ ola bilər. O, həmçinin, vurğulayıb ki, prezidentlərin Sankt-Peterburq görüşü uğurlu keçsə, onda "Qarabağ nizamlanmasının baza prinsipləri ilə bağlı tərəflər arasındakı fikir ayrılığı aradan qalxmış olacaq".
Erməni tərəfinə görə, amerikalı vasitəçinin Dağlıq Qarabağ ətrafındakı rayonların azad edilməsini önə çəkməsi, bölgənin statusu məsələsini diqqətdən kənar qoyur. Bununla bağlı M.Brayza vurğulayıb ki, Dağlıq Qarabağ ətrafındakı rayonların azad edilməsi nizamlamanın baza prinsipidir və o, bunu bəyan etməklə heç bir gizli məsələnin üstünü açmayıb. Eyni zamanda, o bildirib ki, konkret olaraq neçə rayonun və nə vaxt azad edilməsi ilə bağlı heç nə deməyib, çünki bu danışıqların detallarına aiddir. "Mən yalnız onu demişəm ki, o, daha öncə də hamıya bəlli olub. Ərazilərin qaytarılması baza prinsipidir. Bununla belə, biz bu rayonların neçəsinin, nə vaxt azad olunması, məcburi köçkünlərin geri qaytarılmasının perspektivləri barədə, hələlik, konkret heç nə demirik. Eyni zamanda, mən Dağlıq Qarabağın statusu məsələsinin, Laçın dəhlizi probleminin də qaldığını demişəm".
Erməni jurnalistlərin Azərbaycanın keçmiş Şaumyan (indiki Goranboy rayonunun bir hissəsi) rayonundan erməni qaçqınların geri qayıtması və bu ərazinin erməni tərəfinə verilməsi məsələsinin (ermənilər keçmiş Şaumyan rayonunu qondarma "Dağlıq Qarabağ Respublikası" na aid edirlər) müzakirə predmeti olub-olmaması barədə sualını isə amerikalı vasitəçi cavablandırmayıb. M.Brayza yalnız onu bildirib ki, "danışıqlarda razılaşdırılmamış məsələlərin dairəsi tədricən daralmaqdadır", onların nə dərəcədə aradan qalxacağı prezidentlərin görüşündən asılı olacaq.
Fransalı həmsədr B.Fasye də Sankt-Peterburq görüşü barədə optimizm nümayiş etdirib. Onun sözlərinə görə, münaqişənin həll edilməsində inkişaf o zaman gözlənə bilər ki, prezidentlər bir-birindən o qədər əmin olsunlar ki, birgə qərarlar qəbul edib xarici işlər nazirlərinə və ekspertlərə sülh müqaviləsi barəsində işləməyə göstəriş versinlər: "Lakin biz, hələlik, məsələnin nüanslarını və texniki məsələlərini müzakirə etmək mərhələsinə çatmamışıq. Biz sülh müqaviləsinin əsaslanacağı baza məsələlər üzərində işləyirik".

Digər xəbərlər