PDF Oxu

Sosial

  • 3 660

"Şollar-Bakı su qurğuları kompleksi - 100 il: əbədi həyat mənbəyi"

image

"Su həyat mənbəyidir"

Bu kəlamın minillərdən bəri ötərək, bu günümüzə qədər yaşaması heç də təsadüfi deyil. Çünki su olmadan həyatın da olmadığını zaman, birmənalı olaraq təsdiq edib. Müasir dövrümüzdə də beynəlxalq miqyasda su təhlükəsizliyi qlobal problem olaraq gündəmdədir və hər bir dövlət bu problemin həllinin aktual olduğunu dərk edir.

Azərbaycan dövləti də özünün su təhlükəsizliyinin təmin olunması istiqamətində ardıcıl olaraq tədbirlər görür. Ölkəmizin, o cümlədən, Bakı və Abşeron yarımadasının içməli su ilə təmin olunmasında indiyə qədər mühüm tədbirlər həyata keçirilib. Amma təbii ki, bunların sırasında Bakı-Şollar Su Kəmərinin özünəməxsus tarixi var. Nəzərə alsaq ki, bu ilin fevral ayında bu kəmərin istifadəyə verilməsinin 100 ili tamam olur, onda Şollar suyunun xalqımızın, xüsusilə Bakı şəhərinin həyatındakı rolunun nə qədər böyük əhəmiyyət kəsb etdiyi xüsusi vurğulanmalıdır.

Bakı-Şollar: tarixdə Birinci Bakı Su Kəməri

"Şollar" Abşeron yarımadasının içməli su təchizatı üçün çəkilmiş ilk kəmərdir. Birinci Bakı Su Kəməri adı ilə tarixə düşən bu kəmər mənbəyini Xaçmaz rayonunun inzibati ərazisi olan Xudat şəhəri yaxınlığındakı Şollar kəndindəki yeraltı sulardan götürür. Bu kəmərin tarixinə bir qədər nəzər yetirək. Tarixdən məlumdur ki, Bakıya ilk su kəməri çəkilməzdən əvvəl əhali içmək üçün aşağı keyfiyyətli quyu suyundan, daha sonralar - XIX əsrin əvvəllərində isə duzsuzlaşdırılmış dəniz suyundan istifadə edib. Amma 1889-cu ildə məşhur milyonçu və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev Bakının içməli su təminatının ödənilməsi məqsədi ilə xaricdən mütəxəssislər dəvət edib. Bu zaman şəhərin su probleminin həllinin 4 variantı üzərində məsləhətləşmələr aparılıb. Belə ki, Bakıda su quyularından və dəniz suyunun təmizləyicilərindən istifadə etmək, Kür suyunun Bakıya gətirilməsi, Zabrat quyularının suyunun Bakıya gətirilməsi və Xaçmazdan "Şollar" suyunun Bakıya gətirilməsi variantları üzərində müzakirələr aparılıb.

1889-cu ildə Hacı Zeynalabdin Tağıyevin dəvəti ilə Bakıya gələn ingilis mühəndisi Uilyam Lindley Şahdağın ətəyində, indiki Xaçmaz rayonunun Şollar kəndi ərazisində böyük ehtiyata malik içməli su mənbələri aşkar edib. Nəhayət, Bakının içməli su mənbələri üçün təklif olunan variantlar üzərində qərar qəbul olunub. Şahdağın ətəyindən təmiz bulaq suyunun borular vasitəsilə Bakıya gətirilməsi bir neçə dəfə müzakirə edildikdən sonra mühəndis Uilyam Lindley Bakı Dumasının iclasında növbəti dəfə "Şollar" suyunun Bakıya gətirilməsinin real olduğunu əsaslandıraraq, bu işə başlamağı təklif edib. Hətta Hacı Zeynalabdin Tağıyevin köməyi ilə Sankt-Peterburqdan Nabran zonasının yeraltı sularının xəritəsi də gətirilir. İngilis mütəxəssisin bu təşəbbüsünü hamı bəyənsə də, onun reallaşması barədə qərar çıxarılmayıb. Yalnız bir ildən sonra, Hacı Zeynalabdin bu məsələni yenidən Bakı Şəhər Dumasında müzakirəyə çıxarıb və bu dəfə məsələ müsbət həll olunub.

Hacı Zeynalabdin Tağıyevin zəhmətinin bəhrəsi

Beləliklə, bir neçə illik hazırlıq tədbirlərindən sonra - 1904-cü ilin fevralında Şollar kəndindən Bakıya su kəmərin çəkilişinə başlanıb. Lakin 1905-ci ildə Rusiyada baş verən inqilab bu layihənin icrasını əngəlləyib. 1909-cu ilin mayında Bakı Duması tərəfindən Şollar Su Kəmərinin tikintisini davam etdirmək üçün Bakının su təchizatına dair bütün layihələr yenidən müzakirəyə çıxarılıb. Bu layihələr içərisində yenə də Hacı Zeynalabdin Tağıyevin təşəbbüsü ilə ingilis mühəndis Lindleyin hazırladığı layihə bəyənilib. Bundan sonra Şəhər Duması həmin layihə üzrə tikinti xərclərini ödəmək üçün 27 milyon rubl məbləğində 5 faizli istiqrazların buraxılması barədə qərar qəbul edib. Layihəyə əsasən, Almaniyadan Kertinq, Zelser daxiliyanma mühərrikləri, elektrik avadanlıqları, İngiltərədən Bukkers firmasının istehsal etdiyi su nasosları, Rusiyadan yüksək təzyiqli çuqun borular, betondan konstruksiya formasında hazırlanmış su kəməri boruları sifariş edilib.

Nəhayət, 1917-ci il fevralın 18-i tarixə "Bakı-Şollar" Su Kəmərinin açılışı günü kimi düşür. "Naxır bulağı" deyilən yerdə keçirilən açılış mərasimində neft milyonçuları, kəmərin layihələndirilməsində və icrasında əməyi olan xarici qonaqlar və ruhanilər iştirak edib. Elə su kəmərinin kranını açmaq da Hacı Zeynalabdin Tağıyevə həvalə olunub. Açılış mərasiminə yığışmış şəhər əhalisi bu kəmərin üzərində qurban kəsib, ehsan paylayıblar.

"Şollar"ın əsas üstünlükləri odur ki, Şahdağın ətəyindəki bu mənbə yeraltı bulaq suyu olduğundan, onun kimyəvi vasitələrlə təmizləməyə ehtiyac qalmır. Çünki suda mexaniki çöküntü və bakterioloji - yoluxucu bakteriyalar yoxdur, daimi temperaturu 130 S, kimyəvi qalığı isə 320 mmilliqram/litrdir. "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin məlumatında bildirilir ki, "Şollar" Su Kəmərinin layihə gücü saniyədə 1,27 kubmetrdir (sutkada 109 min kubmetr) 1917-ci ildə "hərbi variant" üzrə istifadəyə verilən kəmərlə gətirilən suyun həcmi ilk vaxtlar layihə gücünün təxminən 1/3 hissəsini təşkil edib. 1930-cu illərdə həyata keçirilən texniki tədbirlərdən - əlavə artezian quyularının qazılması, su anbarlarının tutumunun 170 min kubmetrədək, nasos stansiyalarının gücünün 3,5 dəfə artırılmasından sonra nəql olunan suyun həcmi sutkada 109 min kubmetrə çatdırılıb.

"Şollar" kəməri ellipsoid formalı monolit betondan hazırlanmış borulardan çəkilib. Hündürlüyü 1,7 metr, eni 1,2 metr olan borular marşrut boyunca torpağa basdırılıb. Buradan su nasoslar vasitəsi ilə Müşfiqabad qəsəbəsinə vurulur, oradan isə yenə də özaxımlı rejimdə Bakı şəhərinə nəql olunur. "Şollar" artezian üsulu ilə qazılmış 24 quyunun, eləcə də lay və bulaq sularından qidalanır.

1917-ci ildən fasiləsiz fəaliyyət göstərən bu mənbənin məhsuldarlığı, demək olar ki, dəyişməyib. "Şollar" ilin bütün dövründə orta hesabla saniyədə 1200-1300 litr su verir.

Şollar suyu insan sağlamlığı üçün böyük əhəmiyyət kəsb edir

Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini Musa Quliyev hesab edir ki, Şollar suyu keyfiyyətinə və ekoloji təmizliyinə görə əvəzsizdir. Bu kəmərin çəkilməsinin o dövr üçün çox mühüm hadisə olduğunu deyən M.Quliyevin fikrincə, su kəmərin çəkilməsində böyük rol oynamış Azərbaycanın xeyriyyəçisi Hacı Zeynalabdin Tağıyevin xidmətləri bu gün də minnətdarlıqla xatırlanır: "Bakı-Şollar" Su Kəmərinin çəkilməsi Bakının, bütövlükdə Abşeron yarımadasının həyatını dəyişdi, buraya yeni nəfəs gətirdi. O zamana qədər Abşeron yarımadası susuzluqdan yanan, yaşayış üçün yararlı olmayan ərazi idi. Bu su kəmərinin çəkilməsi, həm Bakının, həm Abşeronun inkişafına gətirib çıxardı, əhalinin məskunlaşmasını artırdı. Uzun illər Bakı-Şollar Su Kəməri paytaxt Bakının əsas su mənbələrindən biri idi".

M.Quliyev qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə sovet dövründə Kür çayından Bakıya yeni su kəmərinin çəkilməsi də buna bərabər tarixi hadisədir. Onun sözlərinə görə, digər bir tarixi hadisə isə Prezident İlham Əliyevin, bilavasitə tapşırığı ilə Oğuz-Qəbələ-Bakı Su Kəmərinin çəkilməsidir: "Su həyat deməkdir. Bu, yeni söz deyil. Harada su varsa, orada insan cəmiyyəti formalaşır. Su haqqında minilliklərdən gələn atalar sözləri, aforizmlər var və bütün bunlar suyun insanlar, bütün canlılar üçün həyati önəm daşıdığının göstəricisidir. Şollar suyu həm keyfiyyətinə, həm də təmizliyinə görə, müqayisə olunmayacaq dərəcədə üstünlüyə malikdir. Təbii bulaq suyu olduğu üçün Şollar insanların sağlamlığı üçün müstəsna əhəmiyyətə malikdir. İndinin özündə də Bakıda dadlı su içiləndə bəzən Şollar suyu ilə müqayisə edirlər. Bu da Şolların əhəmiyyətini göstərir".

Su qədər ömrün olsun...

Millət vəkili bildirib ki, hazırda Bakının su təminatında böyük rol oynamasa da, Bakı-Şollar Su Kəməri tarixi əhəmiyyəti baxımından, sonrakı su arteriyalarının paytaxta çəkilməsində bir stimul olması baxımından çox önəmlidir: "Bu gün bu kəmərin istifadəyə verilməsinin 100 illiyini ölkə ictimaiyyəti qeyd edir, mətbuatda geniş yazılar yazılır. Bunun özü də maarifləndirici və tərbiyəvi əhəmiyyət daşıyır. Bu, həm tariximizə hörmətdir, həm o dövrdə bu işi görən dəyərli insanların xatırlanması, eyni zamanda, bütövlükdə cəmiyyətimizdə nümunə götürülməsi üçün gərəklidir. Xeyriyyəçilərimiz bu gün də var. Onlar məscid tikirlər, bulaq salırlar və s. Amma daha böyük işlər görmək üçün Hacı Zeynalabdin Tağıyevin əməlləri onlar üçün nümunə ola bilər.

Yeri gəlmişkən, qeyd edək ki, bəhs etdiyimiz əlamətdar hadisənin yüksək səviyyədə qeyd olunması istiqamətində tədbirlər nəzərdə tutulur. Bunlardan biri odur ki, "Azərsu" ASC sədrinin əmri ilə "Şollar – Bakı" Su Qurğuları Kompleksi"nin istismara verilməsinin 100 iliyi geniş qeyd ediləcək. Bu il martın 16-da "Azərsu" və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) birgə təşkilatçılığı ilə "Şollar - unikal su qurğusu" mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçiriləcək.

Konfransda "Şollar su kəməri - dayanıqlı və etibarlı su təchizatı sistemi", "Qədim, tarixi su qurğuları", "Müasir su təchizatı sistemləri: inkişaf, innovasiya və nailiyyətlər", "İqlim dəyişikliyi, ətraf mühit və su təhlükəsizliyi" mövzularında sessiyalar təşkil olunacaq.

Beləliklə, tarixə qısa nəzər saldıqda, "Bakı-Şollar" Su Kəmərinin Bakı və Abşeron yarımadasının həyatında nə dərəcədə mühüm rol oynadığının şahidi oluruq. Hazırda sürətlə inkişaf edən Azərbaycanda, o cümlədən, Bakı şəhərində su təminatının ən yüksək, müasir standartlara uyğun qurulması istiqamətində zəruri addımlar atılır. Bu yöndə Prezident İlham Əliyevin tövsiyə və tapşırıqları əsasında "Azərsu" ASC uğurlu fəaliyyət göstərir. Görülən işlər nəticəsində, gələcəkdə bu sahədə daha böyük nailiyyətlərin əldə olunacağı, hazırda həyata keçirilən tədbirlərin ümumi işə böyük töhfələr verəcəyi şübhəsizdir.

Minarə Hacıyeva

"Azərsu" Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün

Digər xəbərlər