Sosial

  • 5 375

Zəfər günü Pirallahı rayonunda təntənəli şəkildə qeyd olundu

image

08 noyabr 2022-ci il tarixdə Pirallahı rayonunda “08 Noyabr-Zəfər günü”nə həsr olunmuş ümumrayon tədbiri keçirilmişdir. Tədbirdən öncə Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov, millət vəkili Rauf Əliyev, hüquq-mühafizə orqanlarının nümayəndələri, RİH başçısı Aparatının məsul əməkdaşları və rayonda yerləşən idarə - müəssisə rəhbərlərinin iştirakı ilə Pirallahı qəsəbəsinin girişində yerləşən körpünün yaxınlığındakı ərazidə şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş ağacəkmə kampaniyası keçirilmişdir. Kampaniya çərçivəsində 650 ədəd müxtəlif növ ağac əkilmişdir.

Təntənəli şəkildə keçirilən tədbir şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başladı. Bununla yanaşı, tədbirdə 180 nəfər məktəbli və könüllünün iştirakı ilə “Qarabağ Azərbaycandır!” flaşmobu yaradıldı ki, flaşmob böyük maraq və coşğu ilə qarşılandı. Tədbirin rəsmi hissəsində ilk öncə Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov çıxış edərək tədbir iştirakçılarını möhtəşəm Zəfər günü münasibətilə təbrik etdi və 8 noyabr təqviminin xalqımızın taleyində və tarixində dönüş nöqtəsi olduğunu bildirdi. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandanı, möhtərəm İlham Əliyevin dönməz rəhbər və komandan iradəsi ilə Şanlı Ordumuzun 44 gün ərzində düşməni məğlubiyyətə uğradaraq Zəfər yazmasının çağdaş tariximizin şanlı səhifələrinə qızıl hərflərlə yazıldığını qeyd edən natiq, bildirdi ki, dövlətçilik tariximizdə, son iki əsrdə itirilmiş torpaqlarımızı geri qaytaran və bu milli vəzifənin sona qədər icrasını təmin edə bilən yeganə şəxs cənab İlham Əliyevdir. V.İmanov nitqinin sonunda dövlətçiliyimizin qüdrətlənməsi və çiçəklənməsi yolunda hər bir azərbaycanlıya uğurlar dilədi.

Daha sonra millət vəkili, Milli Məclisin Əmək və sosial siyasət, Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvü Rauf Əliyev çıxış edərək bildirdi ki, 44 gün ərzində Azərbaycan bütün dünyaya öz gücünü göstərdi. Ali Baş Komandanın əmri ilə Azərbaycan ordusu Vətən müharibəsində böyük şücaət göstərərək Zəfərimizi Azərbaycan xalqının tarixinə həkk etdi. O da vurğulandı ki, tarixi haqqımız olan Qarabağı, öz ata-baba torpaqlarımızı mənfur erməni işğalından azad edən igid Azərbaycan əsgərinin qəhrəmanlığı dillər əzbəri olmuş, ölkəmiz müharibədən sonra daha da qüdrətlənərək regionun lider dövlətinə çevrilmişdir. Bu qələbəmizlə Azərbaycan tarixində yeni mərhələnin başlanğıcı qoyulmuşdur. Bu, canlı tarixin şahidi və xoşbəxt iştirakçısı olduğumuzu diqqətə çatdıran R.Əliyev vurğuladı ki, yeni tariximizi dərin zəkası və dəmir yumruğu ilə yazan, xalqımızın iradəsini savaş və siyasət meydanında gerçəkləşdirən və tarixi yaddaşımıza həkk edən qüdrətli Prezident və Müzəffər Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə Vətən müharibəsini qələbəyə çatdıran güc qalib Azərbaycan Ordusudur.

Növbəti olaraq, Müzəffər Ali Baş Komandan tərəfindən “Cəsur döyüşçü”, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə və ölkə başçımızın 05 noyabr 2022-ci il tarixli Sərəncamı ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunmuş şəhid Nəbiyev Elmar Elman oğlunun anası Çiçək Biləndərli çıxış edərək, şəhid
ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlığını bildirdi. Şəhid anası bütün şəhidlərimizin xatirəsinin dövlətimiz və millətimiz tərəfindən daima yüksək tutularaq ehtiramla anıldığını qeyd edərək oğlunun timsalında bütün şəhidlərimizin qisasının alındığını və onların qanlarının yerdə qalmadığını ifadə etdi.

Pirallahı rayon Ağsaqqallar Şurasının sədri Əli Kərimov çıxış edərək qeyd etdi ki, öz ərazisində işğal edilmiş torpaqlarını azad etmək üçün müharibə aparıb zəfər çalan xalqın və onun ordusunun, vətəndaşının düşmən üzərində qələbəsi tamamilə fərqli meyarlar yaradır. Qalib olduğumuz Vətən müharibəsində azərbaycanlı kimliyi, vətəndaş millətçiliyi, Vətən mənsubiyyəti
etnik çərçivələri aşaraq bütün Azərbaycan xalqını bir yumruq kimi birləşdirdi.

44 gündə düşmən üzərində hər yeni qələbəmiz cənab İlham Əliyevin Dəmir Yumruğunu daha güclü, daha yenilməz birlik və güc rəmzinə çevirdi. Yumruq kimi birləşən xalqımız həm öz möhtəşəm Birliyi ilə, həm də bu birlikdən qaynaqlanan Gücü ilə, Ali Baş Komandanın ifadəsi ilə desək, düşmənin başını əzdi. 44 gündə ruhumuza hakim olan bu həmrəylik və möhkəm birlik
Vətənimizin bundan sonra da etibarlı müdafiəsində və qarşıdakı genişmiqyaslı quruculuq işlərində öz bəhrəsini verəcəyinə əminliyini ifadə edən natiq bu müqəddəs missiyada hər kəsə Uca Tanrıdan möhkəm can sağlığı və uğur dilədi.

Növbəti olaraq, Müzəffər Ali Baş Komandan tərəfindən “Qubadlının azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə” və "Hərbi xidmətlərə görə" medalları ilə təltif olunmuş Vətən müharibəsi iştirakçısı, kapitan Mehrab Əmirov çıxış edərək Zəfər Bayramı münasibətilə tədbir iştirakçılarını təbrik etdi və əlavə etdi ki, bu bayram bütün təqvim bayramlarından üstündür. Zəfər
günü müasir tariximizin ən vacib və şanlı səhifəsidir. Kapitan Əmirov onu da bildirdi ki, Azərbaycan xalqı bundan sonra da daima Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin hər bir əmrinə hazırdır.

Sonda Pirallahı rayonundan Birinci Qarabağ müharibəsində şəhid olmuş Əliyev Zahid Ağamurad oğlunun həyat yoldaşı Səkinə Əliyeva çıxış edərək onlara göstərilən diqqət və qayğıya və bu möhtəşəm zəfərlə Birinci Qarabağ müharibəsinin şəhidlərinin də qanını yerdə qoymadığına görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Silahlı Qüvvələrimizin hər
bir fərdinə minnətdarlığını bildirdi.

Tədbirin sonunda flaşmob iştirakçıları “Qarabağ Azərbaycandır!”, “Eşq olsun qəhrəman Azərbaycan Ordusuna!”, “Şəhidlər ölməz, Vətən bölünməz!”, “Eşq olsun Müzəffər Ali Baş Komandana!”, “Zəfər bayramımız mübarək!” şüarlarını səsləndirərək Zəfər əhval-ruhiyyəsini hər kəsə bir daha yaşatdı.

Zəfər bayramınız mübarək!

Digər xəbərlər