BMT-nin İqtisadi və Sosial Şurasında məşvərətçi statusa malik olan Beynəlxalq İnformasiyalaşdırma Akademiyası və Ümumdünya İnformasioloji Parlamentin təşəbbüsü ilə qeyd olunan bu gün informasiya-kommunikasiya texnologiyaları sahəsində çalışanların peşə bayramıdır. Qeyd edək ki, 1992-ci il noyabrın 26-da Beynəlxalq İnformasiyalaşdırma Akademiyasının təşəbbüsü ilə I Beynəlxalq İnformasiyalaşdırma Forumu keçirilib. Forumun işində dünyanın 29 ölkəsindən 10 mindən artıq alim və mütəxəssis iştirak edib. Tədbirdə ənənəvi olaraq hər il 26 noyabr tarixində Ümumdünya İnformasiya Gününün qeyd olunmasına dair qərar qəbul olunub. Bu əlamətdar gün rəsmi olaraq 1994-cü ildə UNESCO tərəfindən qeydiyyata alınıb.
Texnologiyanın 21-ci əsrə doğru sürətli inkişafı daha çox məlumat əldə etməyə imkan verən yeni informasiya mənbələrinin yaranmasına şərait yaratdı. İnformasiya əsri kimi xarakterizə edilən bu dövr informasiya aclığımızı ödəməyə kifayət edirdi, lakin son dövrlərdə həddindən çox informasiya yüklənməsi səbəbindən bu sahədə xaotik vəziyyət hökm sürür və yalan doğruya qarışıb. İndi əksəriyyət informasiya aclığını doyurmaq istədikdə əsli olmayan xəbərlərə tuş gəlir.
Texnologiyanın inkişafı ilə meydana çıxan, yavaş-yavaş həyatımıza girən, sonra da 24 saatımızı zəbt edən internet bu gün insanların bədən üzvünə çevrilib. İndi internet əlimiz, qolumuz, ayağımız olub. İnternetin verdiyi imkanlar bizi özündən asılı, müti vəziyyətə salıb. İnternet, rəqəmsal platformada informasiya resurslarının boy atmasına, şaxələnməsinə şərait yaradıb və zamanla informasiya çirklənməsinə səbəb olub. İndi doğru xəbərlə yalan xəbərin arasında ilişib qalan insanlar nəyə inanacağını bilmir.
İnformasiya çirklənməsinin artması, yalan və şaiyələrin xəbər kimi sırınması, insanların gündəlik həyatlarında lazım olduğundan daha çox məlumatlara məruz qalmalarına və informasiya kütləviliyində itib-batmalarına səbəb oldu. Ağıllı telefonların həyatımıza daxil olması, istənilən adamın istədiyi vaxt müxtəlif məzmunda məlumat, foto, video paylaşa bilməsi sözün əsl mənasında informasiya zəbti yaratdı.
Dünya rəqəmsallığa marağı hər gün çoxalır, 8 milyardı keçən dünya əhalisinin 57%-i internetdən aktiv istifadə edir. Deməli, dünyanın yarısından çoxunun internetə çıxışı var. Bu da o deməkdir ki, dünya əhalisinin 67%-nin mobil abunəsi var ki, bu da çox ciddi göstəricidir. Üstəlik, dünya əhalisinin 50%-i sosial şəbəkələrdən (Facebook, Instagram, Twitter, Pinterest, Youtube, Tumblr, Snapchat, Linkedin,Tik-Tok və s. kimi hesablar) aktiv istifadə edir. Bu rəqəmlərin fonunda məlumat mübadiləsinin də müvafiq olaraq artdığını söyləmək olar. Yəni, izləyən, oxuyan qədər paylaşan, xəbər istehsal edən də var. Bu vəziyyətdə informasiya çirkliliyi, yalan məlumat bolluğu qaçılmazdır.
İnternetdən istifadə hər yerdə geniş yayılıb - iş yerlərində, evlərdə, məktəblərdə, kafelərdə, parklarda – demək olar ki, hər yerdə. İnsanlar vaxtının çoxunu rəqəmsal dünyaya qoşularaq keçirir, internet olmayanda sudan çıxmış balığa dönür. Hamı ya xəbər istehsal edir, ya məlumat paylaşır, ya video yayımlayır. Oxuyan, xəbər gözləyən insanların xəbərə, məlumata olan aclığı bu bazarı daha da çiçəkləndirir. Beləcə yalan-doğru məlumatların fonunda informasiya çirkliliyi yaranır və doğru xəbərlər itib-batır.
Məlumat çoxluğuna, dolayısı ilə informasiya çirkliliyinə səbəb olan digər amil smartfonlardır. Smartfonlar texnologiyanı, interneti insanların gündəlik həyatının ayrılmaz hissəsinə çevirdi. İnsanların qarşılaşdıqları hər şeyi çəkib paylaşmaq həvəsi, yedikləri, gördükləri, getdikləri, geydikləri – ağlınıza gələcək və gəlməyəcək hər şeyi paylaşmaq sevdaları da məlumat bolluğu yaratdı.
İnsanları informasiya çirklənməsinə məruz qoyan sosial şəbəkələr ciddi xəbər platforması deyil. Xəbər aclığını informasiyanın mənbəyindən, saytlardan, portallardan kompensasiya etmək yerinə sosial şəbəkələrdə doyuran insanlar informasiya bombardmanına məruz qalır. Bu platformalarda ani məlumat axınları sürətli olur, məzmun tez-tez dəyişir, ona görə də bu məlumatların doğruluğunu anlamaq da çətinləşir.
Sürətli informasiya axınının olduğu informasiya əsrində etibarlı məlumat əldə etmək çox çətindir. Sosial şəbəkələrin insanlara təsiri kifayət qədər yüksəkdir. Sosial şəbəkələrin diqtəsi ilə yaşayan kütlə hər gün böyüyür. Rəqəmsallaşma nəticəsində insanların beyinləri anlıq görüntülər, məkan bildirişləri, fenomenlərin paylaşımları, gündəlik reels videoları və müxtəlif məlumatlarla doludur. Paylaşılan məlumatlar təhlükəsiz və ya etibarsız olmasından asılı olmayaraq, ayaq açıb yeriyir. Sosial şəbəkə istifadəçilərinin məruz qaldığı yalan məlumat bombardmanı faydalı, doğru məlumat əldə etmək şansını azaldır.
Universal kitabxana olan internet insanların limitsiz məlumatlara asanlıqla daxil olması üçün mükəmməl bir vasitədir. Bu kitabxana bizə, hər yerdə, həmişə, hər şəraitdə yanımızda olan telefonlarımıza bir barmaq işarəsi qədər yaxındır. Nəyə inanıb, nəyə inanmamaq isə öz əlimizdədir. İnformasiyanı ən doğru ünvanından əldə etməklə sosial şəbəkə yalanlarının ayaq açıb yeriməsinə imkan verməmək olar.
Lalə Mehralı
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi” istiqaməti çərçivəsində hazırlanıb
GM-in lüks brendi elektrikli avtomobillərin satışını sürətlə artırır...
Havada səssizcə üzə bilən obyektlərə dair dəlillər qeydə alınıb...
Fizioterapiya ilə reabilitasiya koordinasiyanı tam bərpa etməyə kömək edəcək...
Bir YouTuber təsadüfən sensasiyalı bir kəşf etdi…
Red Bull-un hiperkarı Formula 1 avtomobilindən daha yaxşı performans göstərəcəyinə söz verir…
Məlum olub ki, müntəzəm işıqlandırma maddələr mübadiləsinə düşündüyümüzdən daha çox təsir göstərə bilər…
Qida qəbuluna nəzarət etmək idrak qabiliyyətlərinə təsir göstərir...