PDF Oxu

Cəmiyyət

  • 2 379

Qeyri-rəsmi əməkhaqqı hansı çətinliklərə səbəb olur? - MÜNASİBƏT BİLDİRİLDİ

image

"Bir çox hallarda işəgötürənlər işçilərlə bağlanmış əmək müqavilələrində əməkhaqqını dəfələrlə aşağı məbləğdə rəsmiləşdirir və faktiki olaraq vergidən yayındırılan dövriyyə hesabına işçilərə əlavə (qeyri-rəsmi) əməkhaqqı ödənişləri edirlər. Bunun əsas səbəbi kimi, işəgötürənin vergi və sosial sığorta yükünün artıq olması göstərilir. Ona görə də dəyişikliklə əlaqədar 8.000 manatadək aylıq əməkhaqqı alan şəxslərdən vergi tutulmaması işəgötürənləri real əməkhaqqını bəyan etməyə stimullaşdırır". Bu sözləri SİA-ya iqtisadçı Anar Bayramov deyib. Onun sözlərinə görə, vətəndaş çalışdığı müəssisədən maaşını qeyri-leqal aldığı üçün öz fərdi uçot fonduna hər hansı vəsait yığa bilmir: "Əməkhaqqının leqallaşdırılması nəticəsində işçinin maaşının 25 faizi məbləğində məcburi dövlət sosial vəsaiti onun fərdi hesabında toplanır. Pensiya yaşına çatdıqda isə bu məbləğ hər ay özünə qaytarılır. İşçinin əmək müqaviləsi olmadığı üçün gələcəkdə əmək müqaviləsinə xitam verildiyi təqdirdə, ona hər hansı müavinət ödənilmir. Əlində rəsmi gəlirlərini təsdiq edən sənəd olmadığından və işsizlikdən sığorta ilə bağlı icbari ödənişlər aparılmadığından, həmin şəxsin məşğulluq idarələrindən işsizlik müavinəti alması da çətin olur"."Rəsmi müqavilə ilə çalışan işçinin isə əmək müqaviləsinə xitamına əsas verən səbəblər müəssisənin ləğvi, işçinin və ya ştatın ixtisarı, əmək şəraitinin dəyişməsi və s. olduqda Əmək Məcəlləsinin tələblərinə əsasən, onun işdənçıxarma müavinəti əldə etmək imkanı yaranır. Bundan əlavə, işçi rəsmi əmək müqaviləsi ilə çalışdığı üçün ona əməkhaqqı üzrə 1 faiz işsizlikdən sığorta haqqı ödənilir. Bu cür icbari ödənişlər sayəsində işçinin əmək müqaviləsinə işəgötürən tərəfindən xitam verildkdə, onun müvafiq məşğulluq idarələrindən işsizlik müavinəti almaq hüququ yaranır",- deyə o əlavə edib.A.Bayramov onu da qeyd edib ki, işçi qeyri-rəsmi gəlir əldə edən zaman onun kredit ala bilmək imkanları da məhdudlaşır: "Kredit və maliyyə institutları işçinin aldığı maaşla maraqlanır və rəsmi müqavilə əsasında çalışan şəxs əmək müqaviləsinin reyestrindən əməkhaqqı arayışını maliyyə institutlarına təqdim edə bilir. Bundan əlavə, işçi ipoteka krediti ilə ev əldə etmək imkanı da qazanır".

Ləman Sərraf

Digər xəbərlər