PDF Oxu

Cəmiyyət

  • 2 882

Görkəmli alimin şərəfinə - Masallıda tədbir

Görkəmli alimin şərəfinə - Masallıda tədbir

Afad Qurbanov-95

Bu gün, yanvarın 10-da Masallı rayon Mərkəzi Kitabxanasında Azərbaycanın görkəmli dilçi alimi, türkoloq, akademik Afad Qurbanovun anadan olmasının 95 illiyi münasibətilə tədbir keçirilib. Tədbir başlamazdan öncə ümummilli lider Heydər Əliyev və torpaqlarımızın işğaldan azad olunması uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan kitabxananın əməkdaşı Gülər Piriyeva bildirib ki, müasir Azərbaycan əlifbasının müəllifi və Onomastika elmi məktəbinin banisi Afad Qurbanov 1929-ci ilin yanvar ayının 10-da Borçalı mahalının Qızıl Şəfəq kəndində anadan olub. Qeyd olunub ki, uşaqlığı, ilk təhsil illəri də sazlı-sözlü Borçalı elində keçib.

O, ilk illər Borçalıda məktəb direktoru vəzifəsində çalışıb. 1950-ci illərdən etibarən isə Azərbaycan Dövlət Pedaqoji Universitetində Filologiya fakültəsinin dekan müavini, dekanı, Azərbaycan dilçiliyi kafedrasının müdiri vəzifəsində çalışıb. 1981–1989-cu illərdə APİ-nin rektoru olub. 1990–1994-cü illərdə isə Milli Məclisin üzvü olmuş A.Qurbanov əlifba islahatının təşkilatçılarındandır.

XX əsrin 90-cı illərində ölkəmizdə əlifba islahatının aparılmasında Afad Qurbanovun Azərbaycan Əlifba Komissiyasının sədri və latın qrafikası əsasında hazırlanmış və bügün istifadə etdiyimiz Azərbaycanın latın qrafikalı əlifbasının müəllifi kimi böyük xidmətləri olmuşdur. O dövrdə latın qrafikalı yeni müstəqil əlifbaya keçməyin zəruriliyini elmi faktlarla əsaslandıran ilk alim məhz Afad Qurbanov olmuşdur.

Görkəmli dilçi-alim, əlifba islahatçısı, Azərbaycan SSR-i Elmlər Akademiyasının üzvü, filologiya elmləri doktoru, professor, əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, Onomastika elmi məktəbinin banisi Afad Qurbanovun təşəbbüsü ilə 1990-cı il 1 avqust tarixində Azərbaycan Əlifba Komissiyası yaradılmış və əlifba mütəxəssisi olduğu nəzərə alınaraq o həmin komissiyanın sədri təyin edilmişdir.

Afad Qurbanov latın qrafikası əsasında yeni müstəqil əlifbamızın layihəsini Azərbaycan dilinin səs sistemi və digər xüsusiyyətlərini nəzərə almaqla hazırlamış və Komissiyanın müzakirəsinə vermişdir. Sonradan televiziya və mətbuat vasitəsi ilə müasir əlifbamızın layihəsi ictimaiyyətə çatdırılmış, geniş müzakirə olunaraq 1992-ci ildə qəbul olunmuşdur.

XX əsrin 20-ci illərində Azərbaycanda istifadə olunan latın qrafikalı əlifba böyük mütəfəkkir M.F.Axundovun ideyası əsasında yaradıldığı halda, hazırda istifadə etdiyimiz latın qrafikalı Azərbaycan əlifbası Afad Qurbanovun adı ilə bağlıdır.

Ümumxalq sərvətimiz olan bügünkü əlifba bu yorulmaz insanın, xalqını dərindən sevən fəal vətəndaşın, dilçilik elmimizin korifeyi, məşhur dilçimiz akademik Afad Qurbanovun elmi və ictimai fəaliyyətinin bəhrəsi kimi Azərbaycan xalqına ən böyük töhfələrindən biridir.

Sonra kitabxananın digər əməkdaşı Həbibə Hüseynova məruzəsində vurğulayıb ki, uzun illər dilçilik sahəsində yorulmadan tədqiqatlar aparan görkəmli alim təkcə Azərbaycan dili materiallarını deyil, həm də başqa türk dillərinin materiallarını əhatə edən mövzuları işıqlandırıb.Tədbir iştirakçılarının nəzərinə çatdırılıb ki, akademik Afad Qurbanovun əsərləri Almaniya,Rusiya, İran,Türkiyə,Qazaxıstan, Türkmənistan, Özbəkistan və s. ölkələrdə yayılıb.Tanınmış dilçi alim dünyanın bir çox iri şəhərlərində dilçiliyə, xüsusilə türkologiya sahəsinə aid konfranslarda ölkəmizi layiqincə təmsil edib.Afad Qurbanov 2009-cu ilin sentyabrın 26-da vəfat edib.

ƏLİHÜSEYN ŞÜKÜROV

Digər xəbərlər