Cəmiyyət

  • 4 512

İnformasiya savaşı: səngərdən klaviaturaya keçid

image

İnformasiya texnologiyalarının inkişafı ilə paralel olaraq müharibə anlayışı da dəyişməyə başladı. Biz artıq müharibəni iki dövlətin ordularının bir-biri ilə döyüşməsi kimi müşahidə etmirik, həm də texnoloji, informasiya döyüşü kimi də qəbul etməliyik. İndi dünya ölkələri informasiya müharibəsində qalib gəlmək üçün bir-biri ilə yarışır.

İnformasiyanın getdikcə daha çox dəyər qazandığı müasir dövrdə yeni bir müharibə növü olan informasiya müharibələri meydana çıxıb. İnformasiya müharibəsi, qarşı tərəfin informasiya sistemlərinə və informasiya əsaslı şəbəkə strukturlarına təsir etmək, eyni cür hücumdan qorunmaq üçün yaradılan müdafiə sistemləri, habelə virtual platformada illərlə aparılan söz müharibəsidir.

Ümumiyyətlə, dövrün tələbinə görə informasiya sferasında formalaşan yeni mübarizə üsuluna görə dövlətlər, digər dövlətlərə qarşı məlumat təhlükəsizliyi siyasəti həyata keçirməli olacaqlar. İnternetdə aktiv informasiya bazası daim işlək olmalı, yenilənməli və informasiya döyüşçüləri daim hazır dayanmalıdır. Çünki dövlətlər bir-biri ilə daim informasiya qarşıdurmasında və fəal müdafiədə olurlar.

İnformasiya müharibəsi çağımızda informasiya-kommunikasiya texnologiyalarının sürətli inkişafı ilə ortaya çıxan yeni döyüş meydanıdır. Ənənəvi müharibədən fərqi döyüşün səngərlərdə,Ş meydanda deyil, virtual platformada olmasıdır. İnformasiyaya nəzarət, manipulyasiya və istifadə mexanizmi dövrümüzdə strateji əhəmiyyət qazanıb. İnformasiya müharibəsi kibertəhlükəsizliklə əlaqəsi olan bir anlayışdır. Bura, məlumat əldə etmək, mühavizə etmək və manipulyasiya etmək bacarıqları daxildir. İnformasiya müharibəsi tək dövlətlər arasında getmir, terror təşkilatları, kibercinayətkarlıq təşkilatları, rəqib şirkətlər arasında da ciddi informasiya müharibəsi var.

Cinayətkarların virtualları

Kibercinayətkar təşkilatlar qarşı tərəfin informasiya infrastrukturuna hücum edə, kommunikasiya kanallarını manipulyasiya edə və ya çaşdırıcı məlumat yaya bilər. Biz bu günədək bunun bir neçə nümunəsini görmüşük, aralarında müharibə gedən dövlətlərdən biri digərinin internet sərhədlərini yararaq televiziya, internet və forumlarında öz məlumatlarını yayımlaya bilir. Bu yolla düşmənin ünsiyyət və koordinasiya imkanları zəiflədilə bilər, ictimaiyyətin fikri manipulyasiya edilə bilər və ya strateji məlumat ələ keçirilə bilər.

Kibertəhlükəsizlik informasiya müharibəsində mühüm rol oynayır. Kibertəhlükəsizlik informasiya sistemlərinin, şəbəkələrin və rəqəmsal infrastrukturun qorunmasını və kiberhücumlara qarşı müdafiə mexanizmlərinin inkişaf etdirilməsini əhatə edir. Kiberhücumlara qarşı effektiv müdafiə, informasiya müharibəsində üstünlük əldə etmək üçün mühüm amildir. İndi bütün dövlətlər, informasiya müharibəsinin bir hissəsi kimi kibertəhlükəsizlik strategiyaları yaradılması və zəif nöqtələrin müəyyən edilməsi istiqamətində bacardığı qədər iş görür. Hücumları aşkar etmək və tez müdaxilə etmək üçün monitorinq sistemləri yaradılır. Bundan əlavə, məlumatların əldə edilməsi və paylaşılması təhlükəsizliyinin təmin edilməsi də mühümdür.

İnformasiya müharibəsinin təsirlərini müxtəlif sahələrdə görmək olar. İqtisadi sistemlər, siyasi proseslər, hərbi əməliyyatlar, ictimai təhlükəsizlik kimi bir çox sahədə bu müharibə üsulu effektiv ola bilər. Ona görə də informasiya müharibəsi ilə mübarizə, habelə kibertəhlükəsizliyin təmin edilməsi, müasir dünyada dövlətlərin və təşkilatların əsas məqsədlərindən birinə çevrilib. İnformasiya müharibəsində müvəffəqiyyət əldə etmək üçün güclü kibertəhlükəsizlik tədbirləri, effektiv kəşfiyyat, məlumat toplama və təhlil qabiliyyəti, əməkdaşlıq və koordinasiya, təlim keçmiş kadrlar və hüquqi bazanın yaradılması zəruridir. Həmçinin, beynəlxalq əməkdaşlıq və standartların müəyyən edilməsi də informasiya müharibəsini effektiv idarə etməyə kömək edir.

Ermənistanın informasiya müharibəsindəki yalanları

Həm I Qarabağ Müharibəsindən sonra, həm də II Qarabağ müharibəsindən əvvəl və sonra düşmən ölkə, Azərbaycan haqqında uydurduğu yalanlarla dünya ictimaiyyətini informasiya borbardmanına tutdu. Yalançı erməni soyqırımını bütün resurslara yerləşdirən erməni tərəfi bununla dünyada öz lehinə fikir formalaşdırdı. Qarabağın tarixi Azərbaycan torpağı olduğunu bilməyənlər Azərbaycanı təcavüzçü ölkə, Ermənistanı işğala məruz qalan ölkə kimi tanıdı. Bu yalan təqdimatı dəyişmək, reallığın əslində tamamilə əksinə olduğunu dünya ictimaiyyətinə çatdırmaq üçün isə Azərbaycan tərəfi ciddi informasiya müharibəsi aparmalı oldu.

Ümumiyyətlə, əsrimizdə müharibələrin gedişatını, informasiya müharibəsi olmadan təsəvvür etmək mümkün deyil. Hətta, aralarında rəsmi olaraq müharibə olmasa da, gizlin informasiya savaşına çıxan bir çox ölkə var. Nə vaxt iki ölkə arasında hərbi münaqişə olarsa, informasiya müharibəsi də aşkar işə düşür. Sosial platformalarda informasiya müharibəsi bir tərəfə, qarşı tərəfi beynəlxalq arenada etibardan salmaq, qeyri-demokratik ölkə kimi təqdim edərək onu nüfuzdan salmaq imkanı verir. Çox vaxt bu müharibə üsulu həlledici olur.

Lalə Mehralı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi” istiqaməti çərçivəsində hazırlanıb.

Digər xəbərlər