PDF Oxu

Cəmiyyət

  • 4 051

Yeni təhsil metodları yazı yazmaq vərdişinə qarşıdır - ANALİZ

image

Təhsilimiz kurikulum adlanan yeni təhsil metoduna keçdi-keçmədi, bu metod yazı yazmağı sıradan çıxarmağa başladı. Elə ki, dərsliklərin yanında iş dəftərləri də meydana gəldi, hansı ki, o dəftərləri satın alırıq, bundan sonra yazı yazmaq məsələsi də geriləməyə başladı. Çünki həmin iş dəftərlərində çox qısa şəkildə yazı yazmaq məcburiyyətində qalırıq. Bəzən yalnız “hə”, “yox”, “bəli”, “xeyr”. Vəssalam.

Əvvəlki təhsil sistemində necə idi? Nə üçün əvvəllər daha çox yazırdıq? Müəllim Azərbaycan dili fənnindən evə çalışma verirdi. Biz çalışmanı həll etmək üçün onu olduğu kimi dəftərə köçürürdük, sonra isə həllini yazırdıq. Ədəbiyyat fənnindən keçdiyimiz dərsləri oxuyandan sonra onun qısa xülasəsi haqqında dəftərimizə yazırdıq. Ümumilikdə isə bütün fənlər üçün dəftər ayırırdıq və o dəftərlərdə tapşırıqları yazırdıq. Yeri gələndə bir neçə səhifəlik tapşırıq yazırdıq ki, bu da xəttimizin daha da təkmilləşməsinə, qorunmasına şərait yaradırdı.

İnşa yazılar, imla, ifadə işləri isə o qədər tez-tez yazılırdı ki, xəttimizin gündən-günə daha da səliqəli olmasına, gözəl görünməsinə şahid olurduq. Və bundan zövq alıb daha çox yazmaq istəyirdik. Beləliklə də xəttimiz “yaşayırdı”. Eləcə də əlyazma deyilən bir yazı növünün varlığından söhbət gedə bilirdi.

İndiki təhsil metodu isə yazı yazmağı o dərəcədə azaldıb ki, uşaqların yazı yazmaq qabiliyyəti sadəcə ibtidai siniflərdə qalıb. Müasir məktəblərimizdə nə əvvəlki kimi tapşırıq yerinə yetirilir, nə də əvvəlki qədər inşa, imla, ifadə yazılır. Bu səbəbdən də yeni bir nəsil yetişir: yazmağı bacarmayan nəsil...

Bəs ali təhsil müəssisələrində necə?

Orta məktəbdə artıq yadırğadığımız yazı yazmaq vərdişi ali məktəblərdə demək olar ki, tamamilə yoxa çıxır. Yadımdadır, bizim dövrümüzdə universitetdə nə qədər mühazirələr yazırdıq. Dəftərlərimizin sayı-hesabı yox idi. Yəni yazmağa da məcbur idik. Çünki sonra oxumaq üçün lazımi mənbə tapa bilmirdik. Hətta diplom işimiz də əlyazma şəklində qəbul olunurdu. Müasir dövrdə bəzi ali təhsil ocaqlarında heç diplom müdafiəsi də yoxdur. Harda qala ki, onu əlyazma şəklində tələb edələr.

Dünya müasirləşdikcə, həyatımızı kompüter, smartfon telefonlar satın aldıqca, əlyazmalar da yoxa çıxır. Mühazirələr də telefonlara yazılır. Tapşırıqlar da kompüterdə yazılıb, çap olunur. Beləliklə oturub əziyyət çəkməyə, qələmlə mübarizə aparıb saatlarla üzüqoylu yazmağa ehtiyac qalmır. Bizim əvəzimizdən texnologiya yazır. Biz isə yazmaq mədəniyyətindən məhrum oluruq. Bir də baxırıq ki, üstündən uzun illər keçib, bir vərəq yazı belə yazmamışıq. Nəticədə isə nəinki xəttimiz pozulur, yaza bilmirik, üstəlik hərfləri də unudur, sözləri düzgün yaza bilmir, bir sözlə, yazı mədəniyyətindən çox uşaqlaşmış oluruq.

Sosial şəbəkə yazışmaları yazı mədəniyyətimizin göstəricisidir

Bizi gələcəkdə hüsnxətsiz insanlarla dolu bir həyat gözləyir. Çünki hazırda gənclərimizin əksəriyyəti yazı yazmaqdan çox uzaqdır. Bəzən qarşılaşdığımız əlyazma nümunələri onların yazmaqda nə qədər çətinlik çəkdiklərini, eləcə də savadsızlıqlarını ortaya qoyur. Məsələn, bir neçə il bundan əvvəl çalışdığım sahədə insanlardan gələn çoxlu məktubla tanış olurdum, ərizələrə baxırdım. O qədər savadsız yazılarla qarşılaşırdım ki, “İlahi, insanlar bu savadla hara gedirlər?”,- deyə düşünürdüm. Çox təəssüf ki, yazı qabiliyyəti, savadı yoxa çıxanlar arasında gənclər xüsusi yer alır. Onların işə qəbulla bağlı ərizələrini oxuduqca və yaxud hansısa problemlə əlaqədar məktubları ilə tanış olduqca (onların əksəriyyətinin ali təhsilli idilər), təəssüf hissi yaşayırdım. Düşünürdüm ki, bu gənclər sabah hansısa bir idarə, müəssisə, təşkilatda çalışacaq, hətta onun rəhbəri belə olacaqlar. Bəs bu savadla necə idarə edəcəklər.

Bu gün isə əksər gənclərin sosial şəbəkələrdə yazışmaları adamı dəhşətə gətirir. İllərlə bir vərəq yazı yazmayan bu insanlar artıq necə gəldi yazmağa başlayıblar. Yersiz ixtisarlar, qısaldılıb məhv edilən sözlər, mübtədası, xəbəri bilinməyən cümlələrə nəzər saldıqda, inanın, heç nə anlamaq olmur. Bütün bunlar isə yazı yazmaqdan illərlə kənarda qalmağın nəticələridir. Əvvəllər orta məktəbi bitirənədək o qədər yazı yazırdıq ki, məktəbi bitirən gənclər ali təhsil aldı-almadı, hamısı mükəmməl yazmaq qabiliyyətinə malik olurdu.

Fakta söykənən bir nümunə: Bizim “Whatsapp”da bir qrupumuz var. Orta məktəb sinfimizin qızlarının qrupudur. Bu qrupda ali təhsil alanlar da var, orta ixtisas təhsili alanlar da, hətta təhsilini davam etdirməyən evdar qadınlar da var. Lakin yazıları kənardan oxuyan adam heç cür ayırd edə bilməz ki, qızlardan hansı ali təhsilli, hansı təhsilsizdir. Çünki yazılarda hər kəs yazı yazmaq qaydalarına o qədər düzgün riayət edir. Bu səbəbdən də kimin təhsilli, kimin təhsilsiz olduğu seçilmir. Bəs səbəb nədir? Səbəb keyfiyyətli təhsilin nəticəsidir. Səbəb bəyənmədiyimiz təhsil sistemini kənara tullayıb yenisini tətbiq etdiyimiz bugünkü təhsil sistemindən fərqli nəticənin ortada olmasıdır.

Qrafalogiya elmi məhvə doğru...

İnsanın xətti ilə xarakteri arasındakı əlaqəni qrafalogiya adlı elm öyrənir. Bu elm insanın xəttinə görə onun ağlını, iradəsini, emosionallığını və sair kimi keyfiyyətləri qiymətləndirməyə imkan verir. Məsələn, əl yazısını sağa doğru əymək insanın ünsiyyət qabiliyyətinin göstəricisidir. Bu cür insanlar daha dostcanlı və məsuliyyətli olurlar. Yazı sağa doğru əyildikcə, insanın qərarları duyğularının təsirinə düşür. Əl yazısının ümumiyyətlə, düz olması insanın müstəqilliyinə dəlalət edir.

Sola doğru əyilən əl yazısı, romantikliyi və ehtiyatlı olmağı göstərir. Bu əl yazısının sahibi əvvəlcə hər məlumatı təsdiqləyir. Başqalarının onu hər hansı bir söz verməyə məcbur etməsindən isə xoşu gəlmir.

Böyük əl yazısıyla yazan şəxslər daha çox dostluğu xoşlayırlar. Kiçik əl yazısı məntiqli düşünməyin göstəricisidir.

Kobud yazan şəxslər verdikləri sözü yerinə yetirməkdə həmişə tərəddüdə olurlar. Həyatda baş verən hər bir hadisəni ciddi qəbul edirlər. Çox kobud yazı isə şəxsin gərginliyindən xəbər verir. Onu tənqid edənlərə qarşı çox qəzəblidir. Çox incə yazılar isə mühitə və insanlara olan həssaslığı təmsil edir.

Mənbələrdə göstərilir ki, yazı xəttinin ölçüsü insanın ünsiyyətcillik səviyyəsini müəyyən edir. Belə ki, iri xətt sahibləri daha ünsiyyətcil və istiqanlı olurlar. Xırda xətt isə insanın özünə qapalılığı və gizliliyi haqqında xəbər verir. Yumru yazı xəttinə malik insanlar isə mehriban və nəzakətli olurlar.

Yazı yazarkən qələmə təzyiq göstərərək az qala dəftəri yaran adamlar iradəli və güclü olurlar. Əksinə olaraq yazıda qələmə güc verməyib, əlini rahat buraxan insanlar bir qədər arxayın və səbirli insanlardır.

Kalliqrafik xətt insanı səliqəli və məsuliyyətli insan kimi xarakterizə edir. Anlaşılmaz xətt sahibinin enerjili, qayğısız və bir qədər əsəbiliyindən xəbər verir.

Bitişik xətt (bütüm həriflər bir-birinə qaydasında) insanın məntiqli düşüncəyə sahib olduğunu izah edir. Yox, əgər həriflər bir-birindən aralıdırsa, bu, insanın güclü intuisiyaya sahib olduğu anlamına gəlir.

Optimist insanlarda sətirlər başlanğıcdan sona doğru yüksəlir. Pessimistlərdə isə əksinə olaraq aşağı enir. Düz sətirlər realistləri xarakterizə edir, hansı ki bu insanlar həmişə sakit olur və hər şeyə təfəkkürlə yanaşır.

Maraqlıdır ki, səhərdən bəri sadaladığımız bu yazı xətlərinə harada rast gəlinə bilər ki, kimlərinsə xasiyyəti də müəyyən edilə? İndi bir-iki sənəddən başqa, əlyazısı demək olar ki, yoxdur. İnsanlar uzun illər yazmadıqlarına görə xətləri də itib-batıb. Məsələn, otuz-qırx adam yazı yazmağa cəlb olunarsa, onların hər birinin xətti uzun illər yazmadıqlarına görə yalnız anlaşılmaz təsir bağışlayacaqdır. Beləliklə də qrafologiya adlı elm də məhvə doğru getməkdədir. Hansı ki, bu elm insan xarakterinin öyrənilməsində böyük əhəmiyyət kəsb edib. İnsanlar var, yazı, xətt yoxdur, deməli, şəxləri xətlərlə öyrənən elm də yoxdur.

Bir neçə il sonra isə bütün bunların acı nəticələri ilə daha çox rastlaşacağıq. Çünki hələlik orta yaş qrupundan olan insanların yazmaq bacarığı, xətti var. Lakin qarşıda bizi yazı yazmağı bacarmayan bir gələcək gözləyir.

Mətanət Məmmədova

Digər xəbərlər