Hər tatu sizə bir az da çox xəstəlik riski vəd edir
Bədənin müxtəlif yerlərinə döymə vasitəsilə şəkil çəkdirmək son illərdə sürətlə yayılıb. Qadınlar daha çox gül, mələk, ulduz kimi döymələrə üstünlük verirsə kişilər yırtıcı, qəzəbli və güc nümayiş etdirən heyvan rəsimləri olan tatuajları sevir.
Döymə zamanı insan dərisinə edilən müdaxilələr, bədənə keçən infeksiyalar, daha sonra yaranan fəsadlar, orqanizmdə baş qaldıran müxtəlif xəstəliklər barədə bu yazımızda...
Gözəl bir döymə əvəzinə dəhşətli xəstəlik...
Müasir dünyada “tatuaj” kimi tanınan döymə vasitəsi ilə Hepatit, QİÇS, herpes viruslarına tutula biləcəyinizi düşündünüzmü? Əlbəttə, bu mümkündür. Gigiyenik qaydalara cavab verməyən alətlərlə bədəninizi deşərək şəkil çəkən tatu ustaları sizə o döymə ilə bərabər xəstəlik də bəxş edə bilər. Sonralar peşman olmamaq üçün döymə həvəsinizi içinizdə boğmağı məsləhət görən dermotoloqlar deyir ki, bədənə yazdırdığınız hər tatu sizə bir az da çox xəstəlik riski vəd edir.
Dermatoloq Həmidə Qafarovanın sözlərinə görə əgər bədəninizə hansısa bir yazını yazdırmaq, şəkli hopdurmaqda israrlısınızsa o zaman qanuni icazəsi olan, sertifikatlı, işinin incəliklərini bilər, xüsusilə də steril alətlərlə işləyən tatu ustalarına etibar edin. Unutmayın ki, o döymə vasitəsi ilə bədəninizə bəzi kimyəvi maddələr daxil olacaq və siz ömrünüz boyu həm o döymə, həm də o kimyəvi maddələrlə birlikdə yaşayacaqsınız.
Əvvəl analizlərdən keçin
Tatuaj qalıcı və müvəqqəti olmaqla iki növ olur. Xüsusilə yaz-yay aylarında döymə etdirənlərin sayında artım olur. Həm döymə etdirən, həm də onu edən lazımı sağlamlıq analizlərindən keçməli, xəstə və ya hər hansı bir virus daşıyıcısı olmadığına əmin olmalıdırlar.
Gigiyenik qaydalara əməl edilmədən bədənə yazılan tatuaj əslində iynə ilə dərinin altına yeridilən boyadır. Döymə çəkdirirərkən istifadə edilən boyalara qarşı allergik reaksiyalar çox rastlanır. Tatuaj boyalarının kansorogen olması isə çoxdan məlumdur. Daha çox Avropa ölkələrində istifadə edilən kansoregen tatuaj boyaları “kosmetik istifadə üçün yararsızdır” xəbərdarlıqlarına rəğmən istifadə edilir.
Xroniki allergiyası olanlar, sədəf xəstələri və yaxud hər hansı dəri problemi olanlar üçün ölümcül ola biləcək döymələr sağlam insanları belə bir çox xəstəliyə sürükləyir. Bəzən bədəninin hər hansı bir yerindəki ləkə, yara, xal izini gizlətmək üçün üzərindən döymə etdirənlər olur, dermatoloqlar bunu qətiyyən yolverilməz hesab edir, çünki xala müdaxilə dəri xərçənginə səbəb ola bilər.
Tatuajı sildirmək çəkdirməkdən daha bahalıdır
Dünyanın hər yerində tatuajı sildirməyin onu bədənə çəkdirməkdən daha bahalı və daha ağrılı olduğunu deyən dermatoloq bildirir ki, döymədən sonra bədəndə izlər və ləkələr qala bilər: “Qalıcı makiyajda istifadə edilən boyalar zamanla rəngini itirsə də tatuaj zamanı istifadə edilən boyalar elə deyil, ən uzağı rəngini azacıq dəyişə bilər, silinməsi, tamamən yox olması mümkün deyil. Buna görə də onu təmizləmək üçün daha çox pul tələb edilir. Tatuaj etdirəndə düşünmədən etdirən, həyatının hər hansı bir dönəminə aid izləri bədəninə yazdıran sonra bundan peşman ola bilər və sildirmək üçün həm çoxlu pul, həm də vaxt itirə bilər. Bunlar bir yana, tatuajı sildirmək onu bədənə döydürməkdən daha ağrılıdır”.
Bədəninizə döymə yazdırmaqda hələ də israrlısınızsa o zaman tatu ustasının tək istifadəlik iynə ilə işlədiyinə əmin olun, alətlərin steril saxlandığına diqqət edin. Daha əvvəl istifadə edilmiş iynə ilə döymə etdirmək sizə yeni görünüşdən əlavə hepatitlər, AİDS və ya müxtəlif xəstəliklər “bəxş” edə bilər.
Qalıcı makiyaj qalıcı xəstəliklərə səbəb olur
Müasir dövrdə qadınların da kosmetik baxımdan istifadə etdiyi döymələr var, qaşları az olan, formasını bəyənməyən qadınlar tatu ustalarına yeni qaş çəkdirirlər. Bundan əlavə, qalıcı makiyaj deyilən bir döymə növü də var ki, qadınlar gözlərin kənarına, dodaqların və yanaq dərisinin altına lazımı rəngləri yeridərək 6 ay-1 il müddətinə itməyən makiyaj etdirirlər. Heç bir kimyəvi maddə, su ilə təmizlənməyən bu cür makiyaj təyin edilən vaxtdan sonra bədənə sovrulur.
Qalıcı makiyajdan daha çox özünə vaxt ayıra bilməyən qadınlar istifadə edir. Bir qisim qadın da var ki, kosmetik vasitələrin dərisinə zərər verdyini düşünərək bu addımı atır. Lakin qalıcı makiyajla dərisinin altına yeridilən kansorogen maddələrin daha çox zərərli olduğunu unudur. Adından da məlum olduğu kimi ən böyük zərəri elə qalıcı olmasıdır. Başqasında bəyənərək həvəs etməzdən öncə yaxşı-yaxşı düşünmək, zərərləri barədə məlumatlanmaq lazımdır. Çünki qalıcı makiyaj 6 ay-1 il müddətinə bədəndən getmir, əgər bu müddətdən tez sildirmək istəsəniz sizə olduqca çox ağrı verəcək.
Dermotoloq deyir ki, qalıcı makiyajı tətbiq etmək üçün dəri altına yeridilən boyalar da təhlükəlidir. Kiçik bir prosedurla istədiyiniz rəngləri dərinizə tətbiq edərək qalıcı makiyajınızı edəcəklər. Amma nəzərə alın ki, gözlərinizə istədiyiniz formada sürmə çəkdirmək sizi gözünüzdən edə bilər. Kimyəvi maddə olan boyalar bədənə yeridildikcə orqanizminiz etiraz edə bilər, allergik reaksiyalar da mümkündür. Əgər qalıcı makiyajı özünüzə baxmaq üçün zamanınız olmadığı üçün etdirirsinizsə bir daha düşünün. Uzun müddət bu vəziyyətdə gəzməkdənsə hər gün 10-15 dəqiqə özünüzə vaxt ayra bilərsiniz”.
Lalə Mehralı
Tədqiqatçılar burnu beyinə bağlayan spesifik bir sinir yolu müəyyən ediblər...