PDF Oxu

Cəmiyyət

  • 4 338

Novruz özündə milli folklorun bütün çalarlarını ehtiva edir - ŞƏRH

Novruz özündə milli folklorun bütün çalarlarını ehtiva edir - ŞƏRH

Novruz qədim iran və türk mənşəli xalqlara məxsus bayramdır. Orta əsr müəllifləri Şərq ölkələrində İslam dini yayıldıqdan sonra da Novruz bayramında yaz ənənələrinin, əkinçilik təqvimi etiqadlarının möhkəm yer tutduğunu göstərirlər. Əbu Reyhan Əl Biruni Novruz bayramı haqqında müxtəlif rəvayətlərdən, onun yaranma səbəblərindən, bu bayram münasibətilə xalq arasında yayılmış adət-ənənələrdən bəhs etmişdir. Eyni zamanda Novruz bayramının təbiətin oyanması, əkinçilik təsərrüfatının başlanması ilə bağlı əsl dünyəvi bayram olduğunu qeyd etmişdir.

Nizamülmülk "Siyasətnamə" əsərində Novruz bayramından yazın gəlişi ilə əlaqədar keçirilən kütləvi xalq bayramı kimi bəhs etmişdir. "Bahariyyə" adlı lirik şeirlərdə də Novruz bayramı təsvir və tərənnüm edilir. Milli bayramımız olan Novruz bayramının həm də özünə xas xüsusiyyətləri, öz fəlsəfəsi var. Xalqımız Novruz bayramına qədər böyük ruh yüksəkliyi ilə dörd bayram çərşənbəsini qeyd edir. İlk çərşənbə Su çərşənbəsi, ikinci çərşənbə Od çərşənbəsi, üçüncü çərşənbə Yel çərşənbəsi, dördüncü çərşənbə isə ilaxır çərşənbəsi – Torpaq çərşənbəsi adlanır. Xalqımızın mənəvi dünyasını, milli düşüncə tərzini, məfkurəsini, folklorunu, milli varlığını bütün zənginliyi ilə özündə ifadə edən Novruz bayramı Azərbaycanda hər il möhtəşəm şəkildə qeyd edilir. Ulu Öndər Heydər Əliyev respublikamıza rəhbərliyinin hələ birinci dövründə milli ruhun yüksəlişinə təkan verən amillərə xüsusi hörmətlə yanaşmış, hətta keçmiş imperiyanın sərt rejimi dövründə belə Novruz bayramının yüksək səviyyədə keçirilməsinə nail olmuşdu.

Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib ki, “Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın səyi nəticəsində hazırda Azərbaycanın bir sıra maddi və mənəvi mədəniyyət abidələri UNESCO tərəfindən bəşəriyyətin yüksək dəyərləri kimi qorunur. Bunlardan biri də UNESCO-nun Qeyri-Maddi-Mədəni İrsin Qorunması üzrə Komitəsinin Abu-Dabi şəhərində keçirilmiş 4-cü sessiyasında UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına salınan Novruz bayramıdır”. 2009-cu il sentyabrın 30-da Novruz bayramı YUNESKO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş, 23 fevral 2010-cu ildə isə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında mart ayının 21-i "Beynəlxalq Novruz Günü" elan edilmişdir. Novruz bayramı Azərbaycanda geniş miqyasda qeyd olunduğu üçün bayram ərəfəsi qeyri-iş günləri elan olunur.

Millət vəkilinin sözlərinə görə, “Novruz xalqımızın mədəniyyətini, milli mənəvi dəyərlərini özündə əks etdirən, dünyaya tanıtdıran qədim el bayramıdır. Novruz bayramı uzun illərdən bəri qeyd olunduğu üçün vaxt keçdikcə yeni adət-ənənələr əmələ gəlib və nəsildən-nəsilə ötürülüb: “Novruz bayramının zəngin tarixini və rəngarəng folklorunu özündə ehtiva edən papaq atmaq, tonqaldan tullanmaq, səməni əkmək, milli şirniyyatlar hazırlmaq, yumurta döyüşdürmək kimi adətlər bu bayramın əsas simvollarındandır. Azərbaycan xalqının milli adət-ənənəsinə görə Novruz bayramında küsülülər barışmalı, qohumlar bir-birini ziyarət edib, bayram süfrələri açmalıdırlar”.

Azərbaycan müstəqilliyini bərpa edəndən sonra da xalqımız Novruzu daha böyük təntənə ilə qeyd etməyə başlayıb. Xalqımızın qədim adət - ənənələrini, zəngin tarixini, folklorunu əks etdirən, məşhur pəhləvanların, kəndirbazların məharətini, gücünü nümayiş etdirən, baharın simvolu olan Kosa və Keçəlin iştirakı ilə komik tamaşalardan bəhs edən Novruz bayramı haqqında bir çox filmlər də çəkilib. Müstəqilliyini əldə etdikdən 30 ilə yaxın bir müddətdə xalqımızın ümdə bir arzusu var idi. İşğal olunmuş torpaqlarımızın azad edilməsi və həmin ərazilərdə digər bayramlarla bərabər Novruz bayramının da qeyd olunmasını xalqımız böyük həsrətlə gözləyirdi. Xalqımızın bu arzusu da artıq reallığa çevrilib. Bu gün Novruz bayramı Bütöv Azərbaycanda böyük coşğu ilə qeyd edilir.

Lalə Səlimzadə

YAP Yasamal rayon təşkilatının fəalı

Digər xəbərlər