“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı”na artıq 330 namizəd müraciət edib. Bunu elm və təhsil naziri Emin Əmrullayev “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilən “Yaşıl artım gündəliyində təhsil” mövzusunda konfransda söyləyib. Nazir bildirib ki, müraciət edən namizədlərin 96 nəfəri dünyanın top 10 universitetinə qəbul olub.
Ümumiyyətlə, ölkəmizdə gənclərin qabaqcıl xarici təhsil proqramlarına cəlb edilməsi mütəmadi və uğurla həyata keçirilir. Prezident İlham Əliyev tərəfindən imzalanmış sərəncamlar əsasında reallaşan “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın, habelə “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın nəticəsində 5000-dən artıq Azərbaycan gənci dünyanın nüfuzlu ali məktəblərində təhsil almağa müvəffəq olub.
Dövlətin dəstəyi sayəsində gənclərin dünyanın 32 ölkəsinin 370-dən çox ən nüfuzlu ali təhsil müəssisəsində təhsil almaları məqsədilə 200 milyon manat vəsait xərclənib. Prezident İlham Əliyev 2022-ci il 28 fevral tarixli 3163 nömrəli Sərəncamı ilə “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı”nı təsdiq edib.
Dövlət Proqramı çərçivəsində hər il 400 nəfərədək olmaqla, ümumilikdə 2000 nəfərədək Azərbaycan Respublikası vətəndaşının xaricdə nüfuzlu ali təhsil müəssisələrində bakalavriat və magistratura səviyyələrində təhsil alması nəzərdə tutulub. Ötən 2 il ərzində 146 bakalavriat, 571 magistratura səviyyəsində olmaqla, 717 nəfər tələbə təqaüd almaq hüququ qazanıb. 2023-2024-cü tədris ilində Proqram çərçivəsində bakalavriat səviyyəsi üzrə 64, magistratura səviyyəsi üzrə 317 nəfər olmaqla ümumilikdə 381 nəfər xaricdə təhsil almaq hüququ qazanıb.
Prezident İlham Əliyevin 2005-ci il avqustun 30-da imzaladığı “Azərbaycan Gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) təsdiq edilməsi haqqında” Sərəncamı, “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı”, “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı, “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi müasir Azərbaycan gəncliyinin dünya standartlarına uyğun təhsil almasına, təcrübə qazanmasına zəmin yaradır.
Həmçinin, dövlətimizin başçısı gənclərin intellektual, fiziki və mənəvi inkişafını, ölkənin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında fəal iştirakını təmin etmək məqsədilə 2015-ci il yanvarın 26-da “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın təsdiq edilməsi haqqında Sərəncam da imzalayıb. Prezidentin 2022-ci il 28 fevral tarixli Sərəncamı ilə “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı”ı çərçivəsində xaricdə təhsil alacaq gənclərin seçilməsi meyarları və prosedurları üzrə Qayda” da təsdiq edildi.
Ümumiyyətlə, gənclərlə bağlı bütün məsələlər dövlətin prioritet məsələsi olmalıdır. Ona görə də sadaladığımız bu mühüm sənədlərin məqsədi Azərbaycanda gənclər siyasətinin daha səmərəli həyata keçirilməsinə nail olmaqdır. Dövlətin bir amalı var, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onların yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləmək ən vacib məsələdir. Bu yöndə təhsil və məşğulluq məsələlərinə diqqəti artırmaq, müasir informasiya-kommunikasiya texnologiyalarını öyrənmələrinə şərait yaratmaq kimi vəzifələr də var.
Bütün cəmiyyətlərdə gənclər o cəmiyyətin gələcəyi deməkdir. Milllətçilik ideallarında millətin gələcəyi onlara tapşırılırdı, sosializm öz gələcəyini bu ideyalara sadiq gənclərdə görürdü. İndi də dövlət öz siyasi kursunun təbliğini potensial vəd edən gənclərə həvalə edir, milli-mənəvi ənənələrin təbliği onlar vasitəsi ilə həyata keçirilir. Çünki gənclər cəlddir, temperamentlidir, parlaq gələcək vəd edirlər. Asanlıqla öyrənirlər, öyrəndiklərini asan tətbiq edirlər. Gənclər həmişə yenilikçidirlər, lakin bunun fonunda əgər milli adət və ənənəyə, vətənpərvərlik ideyalarına sadiq qalınaraq tərbiyə olunublarsa həm millətçiliyə, həm dövlətçiliyə, həm mənəviyyata, həm də vətənpərvərlik ideyalarına sadiqdirlər.
Bu gün hər kəsin qəbul etdiyi qaçılmaz bir həqiqət var ki, o da uşaqlarımızın yaşayacağı dövrün bizim yaşadığımız zamandan çox fərqli olacağı gerçəyidir. Bu baxımdan övladlarımızın malik olacaqları bilik, bacarıq və davranışlar əlbəttə ki, bizim bildiklərimizdən çox fərqli olacaq. Onlar aldıqları qabaqcıl təhsil sayəsində yaradıcı, yenilikçi, ixtiraçı bir dövrdə yaşayacaqlar, innovasiyanın bütün mərhələlərini keçəcəklər. Valideyn olaraq bizim borcumuzdur ki, övladımız innovativ gələcəyə öz mədəniyyətinə, adətinə vətəninə bağlı fərd kimi getsin. Bu yolda dövlət də təhsil proqramları ilə öz gənclərinin yanındadırsa, o gələcəyin uğurlu olacağına indidən təminat var deməkdir.
Lalə Mehralı
Tədqiqatçılar burnu beyinə bağlayan spesifik bir sinir yolu müəyyən ediblər...