PDF Oxu

Cəmiyyət

  • 3 515

149 yaşlı Azərbaycan mətbuatı - ŞƏRH

149 yaşlı Azərbaycan mətbuatı - ŞƏRH

Bu gün Azərbaycanda müasir dünya standartlarına cavab verən müstəqil media formalaşmaqdadır. 149 illik tarixə malik olan Azərbaycan mətbuatı bu gün də özünün inkişaf dövrünü yaşayır. Klassik qəzetçilik ənənələrini qoruyub saxlayan mətbuatımız müasir dövrün tələblərinə uyğun daim inkişaf edir.

Milli mətbuatımızın bünövrəsi 22 iyul 1875-ci il tarixində Bakıda Qubernator mətbəəsində ilk nömrəsi ilə nəşr edilən “Əkinçi” qəzeti ilə qoyuldu. Bütün Qafqazda böyük əks-səda doğuran bu qəzetin naşiri də, redaktoru da Həsən bəy Zərdabi idi. Qəzetdə Nəcəf bəy Vəzirov, Əsgər Ağa Gorani, Məhəmmədtağı Əlizadə Şirvani, Mirzə Fətəli Axundzadə və başqa ziyalıların yazıları dərc edilirdi.

Qəzet üstüörtülü şəkildə olsa da çarizm üsul idarəsini, onun yürütdüyü müstəmləkəçilik siyasətini tənqid edirdi. Qəzet həm də dini xurafat və mövhumatçılığa qarşı mübarizə aparırdı. Qəzetdə qadınların təhsil alması və maariflənməsi təbliğ olunurdu. Təbii ki, bütün bunlar dövrün hakim dairələrini narahat etməyə bilməzdi. Nəticədə 29 sentyabr 1877-ci il tarixində qəzet 56-cı sayı ilə bağlandı. “Əkinçi” fəaliyyətə bağlansa da gələcək Azərbaycan mətbuatının yol göstərəni oldu.

“Əkinçi”dən sonra XX əsrdə ana dilində ilk qəzet Məmmədağa Şaxtaxtinskinin 1903-cü ildə Tiflisdə nəşr etdiyi “Şərqi-Rus” idi. Bu qəzet öz ətrafında Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Abbas Səhhət, Ömər Faiq Nemanzadə, Hüseyn Cavid, Məmməd Səid Ordubadi, Əliqulu Qəmküsar, Əli Nəzmi kimi böyük maarifçiləri birləşdirmişdi.

Bu dövrdə müxtəlif məzmunlu “Dəvət-Qoç”, “Dəbistan”, “Hilal”, “Tərəqqi”, “Tuti”, “Kəlniyyət”, “Babayi Əmir” kimi qəzet və jurnallar nəşr edilirdi. 1906-cı il aprelin 7-də Tiflisdə Cəlil Məmmədquluzadənin təşəbbüsü ilə ilk Azərbaycan satirik jurnalı – “Molla Nəsrəddin” işıq üzü gördü. “Molla Nəsrəddin” jurnalı müstəmləkəçilik siyasətini, geriliyi, mövhumatı amansız satira atəşinə tuturdu. Kəskin və cəsarətli tənqidi çıxışlarına görə daim təqiblərə məruz qalan jurnalın nəşri çar senzurası tərəfindən dəfələrlə dayandırılmış, bir sıra nömrələri müsadirə olunmuş, redaktoru bir neçə dəfə məhkəmə məsuliyyətinə cəlb edilmişdir.

Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra mətbuatın inkişafı daha çox partiyalı mövqe ilə bağlı idi. “Kommunist”, Bakinskiy raboçiy”, Azərbaycan gəncləri”, Vışka”, “Ədəbiyyat və incəsənət” və s. kimi kütləvi informasiya vasitələrini bu dövr üçün nümunə göstərmək olar. 1923-cü ildən Bakıda Şərq qadınlarını, xüsusilə Azərbaycan qadınlarını ictimai-siyasi həyata alışdırmaq məqsədilə “Şərq Qadını” jurnalı nəşr olunmağa başlanmış, 1938-ci ildən isə “Azərbaycan qadını” adı ilə nəşr olunmağa davam etmişdir.

Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra bir çox sahələrdə olduğu kimi mətbuatın inkişafında da dönüş yarandı. Ulu öndər Heydər Əliyevin 1998-ci il avqustun 6-da imzaladığı sərəncamla Azərbaycan mətbuat üzərindən senzura götürüldü. Senzuranın ləğv edilməsi ilə ölkəmizdə söz və mətbuat azadlığının əsası qoyuldu və mətbuatın inkişafına ciddi təkan verdi. Bir il sonra Ümumilli liderin qərarı ilə Kütləvi İnformasiya Vasitələri (KİV) haqqında Azərbaycan Respublikasının Qanunu qəbul edildi.

Ulu Öndər tərəfindən qoyulan mətbuatın inkişafına dövlət qayğısı siyasəti Cənab Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyev 2008-ci il iyulun 31-də “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası” kimi mühüm bir sənədi təsdiq etdi.

Prezident İlham Əliyev söz və fikir azadlığına, mətbuatın inkişafına və yaranan problemlərin həllinə dair xüsusi diqqət və qayğı göstərir. Məhz bu diqqətdən irəli gəlir ki, hazırda Azərbaycanda yüzlərlə mətbuat orqanı, informasiya agentliyi, teleradio şirkətləri, o cümlədən sürətlə inkişaf edən internet resursları fəaliyyət göstərir. Dəfələrlə jurnalistlərin dostu seçilən Prezident İlham Əliyev tərəfindən mətbuat işçilərinin mənzil və digər problemlərinin həll edilməsi ilə bağlı sərəncamlar verilib.Azərbaycan mediası həm Birinci, həm də İkinci Qarabağ müharibələrində üzərinə düşən vəzifəni layiqincə yerinə yetirib. Azərbaycan mediası postmüharibə dövründə də Müzəffər Ali Baş Komandanı İlham Əliyevin artıq tarixə qovuşmuş Dağlıq Qarabağ münaqişəsi ilə bağlı səsləndirdiyi hər bir fikrin, hər bir bəyanatın, işğaldan azad edilmiş ərazilərimizdəki vəziyyət barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə çatdırılmasında fəal rol oynayır.“Əkinçi” qəzeti ilə əsası qoyulan Azərbaycan jurnalistikası ötən 149 ildə müxtəlif ağır sınaqlara məruz qalsa da hər çətinliyə dözmüş və tutduğu şərəfli yoldan dönməmişdir. Ötən dövrdə zəngin və şərəfli yol keçən Azərbaycan mətbuatı indi özünün yüksəliş mərhələsini yaşayır.

Nigar Abdullayeva

YAP Yasamal rayon AMEA Folklor İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini

Digər xəbərlər