Azərbaycanın Müzəffər Ordusunun 44 gün ərzində döyüş meydanında erməni işğalçılarına qarşı qəhrəmanlıqla mübarizə apararaq Böyük Qələbə əldə etməsi hərb tarixinə qızıl hərflərlə yazılıb. 8 noyabr Müzəffər Ali Baş Komandanımız, Prezident İlham Əliyevin “Dəmir yumruq” əməliyyatı ilə xalqımızın, ordumuzun birliyinin, həmrəyliyinin şanlı tariximizə Zəfər günü kimi yazıldığı gündür. Bununla bağlı imzalanmış sərəncam Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyinin, “Qarabağ münaqişəsi” deyilən bir terminin tarixə qovuşduğunun, ərazi bütövlüyümüzün təmin olunduğunun, bir sözlə, Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin “dəmir yumruq” əməliyyatı ilə Müzzəfər Ordumuzun rəşadətli əsgər və zabitlərimizin qəhrəmanlığının bütün dünyaya göstəricisidir”. Bunu açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.
Deputat qeyd edib ki, xalqımız dövlətimizin qətiyyəti, ədalətə və beynəlxalq hüquqa söykənən siyasətimiz nəticəsində torpaqlarımızın işğaldan azad ediləcəyinə, Qarabağımızda, Şərqi Zəngəzurumuzda Bayrağımızın dalğalanacağına, soydaşlarımızın bu torpaqlara qayıdıb onlara yeni həyat verəcəyinə daim əmin idi: “Bu yol 30 il uzansa da nəhayət, beş il öncə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz xalqımızın torpaq həsrətinə son qoydu, ədaləti bərpa etdi, dünya güclərinin 27 ildə icra edə bilmədikləri BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra etdi. Bir daha sübut olundu ki, ədalət və beynəlxalq hüquq deyilən məfhumlar var, lakin onun tətbiqi üçün vahid mexanizm olmalıdır. Təbii ki, bu da bütün dünya güclərindən ədalətli yanaşma tələb edir. 2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Ordusu lokal xarakterli antiterror tədbirləri həyata keçirdi. Bununla da, biz separatizmin kökünü kəsə bildik. Suverenliyimizi tam bərpa edə bildik. Bu gün dünya ictimaiyyəti Azərbaycanın yaratdığı reallıqları qəbul edir. Ermənistan da bu reallığı qəbul etmək məcburiyyətindədir. Çox xoşbəxt dövlətik ki, öz təqvimimizə zəfər günlərini daxil etdik. Biz artıq qələbə günlərini qəbul edirik. İşğal günləri təqvimdə tarix kimi qalıb. Bu isə misilsizdir. Bu Qələbə 200 illik erməni təxribatlarına verilən ən layiqli cavabdır. Son 200 ildə ermənilər tərəfindən azərbaycanlılara, türklərə qarşı çoxsaylı təxribatlar, terror aktları, cinayətlər həyata keçirilib. Uşaq, qadın demədən xalqımıza qarşı soyqırımı gerçəkləşdirilib. Xocalı və mart soyqırımları buna nümunədir. Lakin bu 200 ilin yekununda ordumuz Ali Baş Komandanın rəhbərliyi altında düşmənə elə bir zərbə vurdu ki, son 200 ilin qisasını düşməndən aldı. Ermənistan məcburiyyət qarşısında kapitulyasiyaya imza atmağa məcbur oldu. Buna görə də 8 noyabr tarixi çox böyük bayramdır və hər zaman böyük qürur və sevinc hissi ilə qeyd ediləcək”.