“Azərişığ”ın işıqlandırdığı könüllər ona böyük nüfuz qazandırır
Günəş qürub edib qaranlıq çökməyə başlayanda, əlimizi divardakı düyməyə basıb mənzillərimizi bir andaca nura qərq edirik. Amma bu möcüzənin arxasında kimlərin dayandığını nadir hallarda düşünürük. Fikrimizi bu düşüncənin arxasına yönəldəndə dərk edirik ki, hər lampanın arxasında gözəgörünməz, lakin güclü elektrik enerjisi dünyası dayanır. Bu, soyuduculardan kompüterlərə, işıqlandırmadan yüksək texnologiyalı cihazlara qədər müasir həyatımızı enerji ilə təmin edən davamlı enerji axınını təmin etmək vəzifəsi daşıyan bütöv bir peşəkarlar ordusudur.
Elektrik enerjisi sadəcə sadəcə rahatlıq, naqillər və elektrik stansiyaları deyil; bu, sivilizasiya can verən qan damarıdır, şəhərləri, fabrikləri, xəstəxanaları və evlərimizi enerji ilə təmin edən görünməz mühərrikdir. Sivilizasiyanın indiki mərhələsində onsuz həyat bir andaca dayanar və dünyada nələr baş verər bir Allah bilir. Bu enerjini fasiləsiz olaraq insanların xidmətinə ötürən, təbii fəlakətlər zamanın qırılan naqilləri, kəsilən xətləri bərpa edən, stansiyaları, yarımstansiyaları saz vəziyyətdə saxlayan isə təbii ki, elektrik enrjisi mühəndisləri, elektriklər, bir sözlə cəmiyyətin inkişafının xidmətində duran peşə sahibləridirlər.
Bu peşə sahiblərini Azərbaycan adlı müstəqil ölkəmizdə öz ətrafında birləşdirən isə "Azərişıq" ASC-dir. Bu gün ölkəmizin tərəqqisinə müstəsna rol oynayan gözəgörünməz enerjinin fasiləsiz təminatında məhz bu ünvanda toplaşan yüksək ixtisaslı mühəndislərin, sadə elektrik mütəxəssilərinin əvəzsiz xidmətindən bəhs edəcəyik.
Gəlin enerjinin dünyanı necə dəyişdirdiyini xatırlayaq: tonqallardan ağıllı evlərə qədər. Enerji mühəndisləri bu transformasiyanı idarə edən ağıl sahibləridirlər. Onlar biz insanlar üçün işıq, istilik və rabitə təmin edən, qitələr arasında insanları və ideyaları birləşdirən şəbəkələr yaradırlar, beləliklə də ölkəmizin inkişafını təmin edən, bu işdə böyük pay sahibi olan qürur mənbəyimiz hesab edilməlidirlər.
Elektrik mühəndisi sadəcə bir peşə deyil, bu, bir çağırışdır. Onlar gecə-gündüz turbinləri izləyən, elektrik xətlərini təmir edən, yeni stansiyalar quran, resurslardan səmərəli istifadə etməyin yollarını axtaran və peşələrindən zövq alan insanlardır. Onlar təbii qüvvələr - su, külək və günəş - ilə rahatlığımız arasında körpüdürlər.
"Azərişıq" ASC-nin sədri Vüqar Əhmədov bizimlə söhbət zamanı deyir:
− İndiki sürətli texnoloji inkişaf dövründə enerji mühəndisinin rolu daha da əhəmiyyətli hala gəlir. Bizə işıqdan daha çox şey lazımdır; bizə təmiz enerji lazımdır. Buna görə də, müasir enerji mütəxəssisləri yalnız mühəndis deyil, həm də innovatorlardır. Onlar günəş panelləri və külək turbinləri hazırlayır, yerlərdə onlar quraşdırır və enerjini saxlamaq üçün yeni yollar axtarır, insan ehtiyacları ilə planetin qorunması arasında harmoniya axtarırlar.
Öz peşəsi haqqında belə şövqlə danışan Vaqar müəllim onu dilə gətirmədi ki, elektrik enerjisi sənayesində işləmək təkcə bilik deyil, həm də cəsarət tələb edir. Bu insanlar təhlükəli ola biləcək hündür dirəklərdə yüksəkgərginlikli xətlərin bərpa edir, bir anda fəlakətə səbəb ola biləcək elektrik enerjisi ilə işləyirlər. Qərarları yalnız rahatlığı deyil, həm də milyonlarla insanın təhlükəsizliyini və iqtisadiyyatın sabitliyini təmin etməkdir.
Bu günlərdə tələbəlik illərimdən sadiq dostum olan Azərbaycanın Əmkdar jurnalisti, Azərbaycan Yazıçılar Birliyinin üzvü İlqar Rüstəmov ata yurdu Lerik rayonundan qayıdanda böyük fərəhlə danışırdı ki, Lerikdə daha işıqlar sönmür, əhali bu sarıdan çox rahatdır. Sonra da yolboyu sıralanan elektrik dirəklərini göstərib deyir:
− Bəxtiyar, bir neçə il əvvəl bu yolla gedəndə 50 ildən qalma cürük, sınıq-salxaq dirəkləri görəndə məətəl qalırdım, axı bunların istismar müddəti çoxdan bitib, nədən bunları dəyişmirlər? Hətta bəzi kənd yollarında tez-tez yerli meşə ağaclarından hazırlanıb basdırılan və üzərindən elektrik xətti çəkilən dirklər də görürdün. Rayonda da mənim “Xalq qəzet”ində çalışdığımı bilən sakinlər çox şikayətlənirdilər, niyə yazmırsan bu dirəkləri heç olmaya dəyişsinlər. Bu səfərimdə çox göz gəzdirdim əvvəlki vəziyyətdən əsər-əlamət qalmayıb. İndi beləsinə rast gəlməzsən. Bu işlərə rəhbərlik edən kimdirsə, ğörünür çox vicdanlı, işini sevən, vəzifəsini məsuliyyətlə yerinə yetirən adamdır.
− “Azərişıq”dır, “Azərişıq”, əziz dostum. Rəhbəri də Vüqar Əhmədov adlı çox ləyaqətli və məsuliyyətli bir insandır. Möhtərəm Prezidentimizin bu kadr təyinatı bizim bütün cənub bölgəsinin insanlarının ürəyindən olub. Tez-tez əhali arasına çıxır, qəbullar keçirir, şikayətləri, problemləri öyrənir və dərhal da tədbir görür.
İlqar məllim bu yerdə gülə-gülə deyir:
− Burda deyiblər, “çörəyi ver çörəkçiyə, birini də artıq”. Sağ olsun Prezidentimiz də, onun belə məsul və mühüm bir sahəyə rəhbər təyin etdiyi Vüqar müəllim də...
“Yaxşı iş üz ağardar” deyiblər atalar. Mən də sözə üz tutandan qələmimdə yaxşıya yaxşı, pisə pis demişəm. Həqiqət budur ki, son illər “Azərişığ”ın Cənub bölgəsində gördüyü işlər əhalinin böyük razılığı ilə qarşılanır. Bu gün ölkənin ən ucqar sərhədboyu kənd və qəsəbələrində belə vətəndaşların fasiləsiz, dayanıqlı elektrik enerjisi ilə təmin edilməsi üçün mütəmadi işlər görülür. Dövlət başçısının tapşırıqları əsasında həyata keçirilən yenidənqurma işləri çərçivəsində ötən əsrin 50-60-cı illərindən qalma elektrik şəbəkələri yeniləri ilə əvəzlənir. Müxtəlif gücdə yarımstansiyalar tikilir, şəbəkələr tamamilə yenilənir, müasir transformatorlar quraşdırılır.
Əyanilik üçün görülən işlərdən xüsusi əhəmiyyəli bəzi faktlara və rəqəmlərə diqqət yetirək: Lənkəran rayonu üzrə, 110/35/10 kilovoltluq Lənkəran II YST-da (Yarımstansiya) 2 saylı 20 meqavatlıq transformator 31,5 meqavatlıq transformatorla əvəz edilib, hazərda isə 1 saylı transformatorların müvafiq güclü transformatorlarla əvəz olunması işləri aparılır.
10-6 kilovoltuq elektrik verilişi xətlərində təmir işləri ilə bağlı 279 ədəd 10 kilovoltuq dayaq quraşdırılıb və 37,1 kilometr naqil dəyişdirilib. 18,7 kilometr əsafədə əsaslı və cari təmir bərpa işləri aparılıb. 37,5 kilometr məsafədə xətlərin mühafizə zonaları ağac kütləsindən təmizlənib və 230 ədəd 10 kilovoltuq dayaq rənglənib.
0,4 kilovoltuq elektrik verilişi xətlərində: 1152 ədəd 0,4 kilovoltuq dayaq quraşdırılıb və 37 kilometr Sip kabel çəkilib. 18,8 kilometr təmir bərpa işləri aparılıb və 20,75 km məsafədə xətlərin mühafizə zonaları ağac kütləsindən təmizlənib və 420 ədəd dayaq rənglənib.
10/0.4 kilovoltluq transformator məntəqəsində və kənd trasformator məntəqələri üzrə 107 ədəd kənd trasformator məntəqəsində əsaslı və cari təmir işləri aparılıb. Lənkəran rayonunda 8 yeni güc mərkəzləri yaradılıb.
Yenidənqurma işləri ilə əlaqədar rayon üzrə 5658 abonentini əhatə edən 3 qəsəbə və 4 kənd ərazisində (Nərimanabad II, Nərimanabad I, Gərmətük qəsəbələri, Bəlləbur, Viravul, Təngivan, Boladi kəndlərində) açıq naqillərdən ibarət olan 10-0,4 kilovoltluq şəbəkələrdə yenidənqurma işləri aparılıb. 2 qəsəbə, 3 kənddə yenidənqurma işləri tamamlanıb. Yenidənqurma işləri zamanı 1132 ədəd 10 kilovoltluq dayaq, 101,2 kilometr məsafədə 10 kilovoltluq xətt, 4014 ədəd 0.4 kilovoltluq dayaq, 110,6 kilometrlik açıq tipli naqillər SİP kabellə əvəz olunub. Müxtəlif gücdə 37 ədəd yeni kənd transformator məntəqələri quraşdırılıb. Hal-hazırda Gərmətük qəsəbəsində və Boladi kənd ərazisinin elektrik təsərrüfatında yenidənqurma işləri davam etdirilir.
Ucqar dağ rayonu olan Lerikdə də işlər eynən bu templə davam etdirilir. Hazırda Lerik Elektrik Şəbəkəsinin xidməti ərazisində abonent sayı 331 olmaqla 3 kənddə (Zövnə, Züvüc, Lüləkəran kəndlərində) açıq naqillərdən ibarət olan 10-0,4 kilovoltluq şəbəkələrdə yenidənqurma işləri tam başa çatdırılıb.
Rayonun abonent sayı 4388 olmaqla 78 kəndini əhatə edən meşə zolağından keçən 7 ədəd 10 kilovoltluq elektrik verilişi xətlərində əsaslı təmir işləri aparılıb. Meşə zolağında yanğın və qəzaların qarşısını almaqdan ötrü 10 kilovoltluq açıq naqillər izolyasiyalı kabel xətləri ilə əvəz olunub ki, bununla da qeyd olunan ərazilərin elektrik enerjisi təchizatı tam təmin edilib. Göstərilən faktlar və rəqəmlər ilk baxışdan adi görünə bilər. Anca bütün bunlar sərt iqlim şəraiti ilə yanaşı, həm də dağlıq və dağətəyi ərazilərdə həyata keçirilib. Açıq naqillərin Sip kabellərlə əvəzlənməsi, müasir şəbəkələrin qurulması enerji itkisinin qarşısının alınması ilə yanaşı, əhali və qeyri-əhali abonentlərinin fasiləsiz, dayanıqlı elektrik enerjisi ilə təmin olunmasına hesablanıb.
Yeri gəlmişkən onu da qeyd edim ki, “Azərişığ”ın rəhbərliyi ciddi səyləri ilə son dövrlərdə abonentlər üçün yaradılmış ofis və evlərindən çıxmadan onlayn qaydada quruma müraciət etmək imkanları problemlərə operativ reksiya verilməsinə və onların daha çevik həllinə şərait yaradıb. Çünki müraciətlərdə qaldırılan ciddi əhəmiyyət daşıyan məsələlər birbaşa “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov tərəfindən nəzarətinə götürülür və onların aradan qaldırılması üçün müvafiq tapşırıqlar verilir.
Qurumun rəhbərinin əhalinin problemlərinə belə yanaşma nümayiş etdirməsi şübhəsiz ki, ona etimad göstərib bu vəzifəyə təyin edən Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin tövsiyyə və tapşırıqlarını daim diqqətdə saxlaması və eyni zamanda məmur məsuliyyətindən irəli gəlir. Bu da alqışlanmalı və təqdir olumalıdır.
Vüqar Əhmədov bu keyfiyyətləri öz komandasında olan hər bir vəzifəli şəxsdən tələb edir və içlərin icrasına birbaşa nəzarət edir. Biz onun əhalini qəbul edərkən nümayiş etdirdiyi bu keyfiyyətlərin tez-tez şahidi oluruq. Bu qəbullarda onunla yanaşı iştirak edən qurumun digər məsul şəxsləri birbaşa əhali qarşısında gördüləri işlərin və yerinə yetirdikləri tapşırıqların hesabatını verirlər. Vüqar Əhmədovun bu iş metodu öz səmərəliliyin real işlərdə və əhalinin razılığında göstərir.
Vüqar müəllimin mənim də iştirakçısı olduğum qəbullarının birində söylədiyi bir fikir, məncə, Azərbaycanın yüksək çinli məmurlarının hamısı üçün bir qaydaya çevrilməlidir. O qəbul zamanı ona təşəkkür edən vətəndaşlardan birinə dedi: − Biz məmurların işi sizə, xalqa xidmət etməkdir. Bundan təşəkkür ummağa belə ixtiyarımız yoxdur. Çünki bizi vəzifəyə təyin edib, etimad göstərən Prezidentimiz cənab İlham Əliyevin bizə ilk tapşırığı belədir: “Siz xalqın xidmətçisisiniz. Gedin xalqa xidmət edin!”.
Məhz bu amalla vəzifəsini yerinə yetirən “Azərişığ”ın sədri Vüqar Əhmədovun rəhbərlik etdiyi kollektivin əməyi sayəsində ölkəmizdə elektrik enerjisi təchizatının yaxşılaşdırılması istiqamətində son illər həyata keçirilən ardıcıl və məqsədyönlü tədbirlər vətəndaşlar tərəfindən böyü məmnunluqla qarşılanır. Çünki “Azərişıq” Azərbaycanın bütün şəhər və rayonlarında olduğu kimi, ən ucqar dag kəndlərində də elektrik xətlərinin bərpası və yenilənməsi, enerji təsərrüfatının müasir tələblərə cavab verən avadanlıqlarla təminatı, enerji itkilərinin azaldılması və ümumlikdə energetika sisteminin səmərəliliyinin artırılması istiqamətində əhəmiyyətli işlər görür.
Güman edirik ki, vəzifəyə, öhdəsinə düşən işə yüksək məsuliyyətlə yanaşan, dövlət başçısının etimadını xalq qarşısında qazandığı etimadla doğruldan “Azərişıq” ASC-nin rəhbəri Vüqar Əhmədov və onun rəhbərlik etdiyi kollektivin ən yüksək mükafatı layiqdir. Öz adımdan və bütün Lerik, Lənkəran sakinlər adından onlar işlərində yeni-yeni uğurlar arzulayıram.
Bəxtiyar HÜSEYNOV,
Prezident mükafatçısı,
Azərbaycan Yazıçılar və
Jurnalistlər Birliklərinin üzvü