Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpasından sonra işğaldan azad olunmuş rayonlar ölkənin siyasi, iqtisadi və mədəni həyatında yeni bir mərhələnin əsas mərkəzlərinə çevrilmişdir. Xüsusilə bu ərazilərdə beynəlxalq səviyyəli tədbirlərin, forumların və rəsmi görüşlərin keçirilməsi Azərbaycanın postmünaqişə dövründə formalaşdırdığı yeni reallıqların bariz göstəricisidir.
Prezident İlham Əliyev müxtəlif çıxışlarında dəfələrlə vurğulamışdır ki, azad edilmiş torpaqlar yalnız bərpa və yenidənqurma məkanı deyil, eyni zamanda regional və qlobal əməkdaşlıq üçün açıq platformadır. Dövlət başçısının fikrincə, bu ərazilərdə keçirilən beynəlxalq tədbirlər həm Azərbaycanın suverenliyinin praktik təsdiqi, həm də sülh, əməkdaşlıq və inkişaf mesajının dünyaya çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır.
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixində Şuşada keçirilən “Qlobal Media Forumu”ndakı çıxışında işğaldan azad olunmuş ərazilərin beynəlxalq tədbir məkanına çevrilməsinin siyasi və ideoloji əhəmiyyətinə toxunmuşdur. Dövlət başçısı bildirmişdir ki, xarici media nümayəndələrinin və beynəlxalq ekspertlərin məhz bu torpaqlara dəvət olunması təsadüfi deyil. Onun sözlərinə görə, bu forumlar Ermənistanın uzun illər apardığı saxta təbliğatın ifşasına və real vəziyyətin dünya ictimaiyyətinə birbaşa göstərilməsinə xidmət edir.
Prezident İlham Əliyev həmin çıxışında xüsusi olaraq vurğulamışdır ki, azad edilmiş rayonlarda keçirilən beynəlxalq tədbirlər Azərbaycanın müharibədən sonra yaratdığı yeni reallıqların qəbul etdirilməsi baxımından mühüm siyasi alətdir. Dövlət başçısı qeyd etmişdir ki, bu tədbirlər vasitəsilə Azərbaycan sülhə, əməkdaşlığa və regional inteqrasiyaya sadiq olduğunu nümayiş etdirir.
20 iyul 2023-cü il tarixində Şuşada keçirilən II Qlobal Media Forumu zamanı Prezident İlham Əliyev çıxış edərək bildirmişdir ki, işğaldan azad olunmuş ərazilərdə həyatın bərpası paralel şəkildə siyasi və diplomatik aktivliklə müşayiət olunur. Onun sözlərinə görə, bu torpaqlarda keçirilən hər bir beynəlxalq tədbir Azərbaycanın tarixi ədalətinin və beynəlxalq hüquqa əsaslanan mövqeyinin canlı təsdiqidir. Prezident İlham Əliyevin çıxışlarında xüsusi yer tutan məsələlərdən biri də azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı infrastruktur layihələridir. Dövlət başçısı Füzuli Beynəlxalq Hava Limanının açılışı zamanı (26 oktyabr 2021-ci il) qeyd etmişdir ki, bu cür obyektlər yalnız nəqliyyat funksiyası daşımır, eyni zamanda beynəlxalq tədbirlərin və rəsmi səfərlərin təşkili üçün strateji əhəmiyyətə malikdir.
Bununla yanaşı, Prezident İlham Əliyev çıxışlarında Qarabağ və Şərqi Zəngəzurun “yaşıl enerji zonası” elan olunmasını xüsusi vurğulayaraq, gələcəkdə ekologiya, enerji təhlükəsizliyi və dayanıqlı inkişaf mövzularında beynəlxalq forumların məhz bu ərazilərdə keçirilməsinin planlaşdırıldığını bildirmişdir.
Nəticə etibarilə, Prezident İlham Əliyevin müxtəlif illərdə və müxtəlif beynəlxalq platformalarda səsləndirdiyi fikirlər bir daha göstərir ki, işğaldan azad olunmuş rayonların beynəlxalq tədbirlərin yeni ünvanına çevrilməsi məqsədyönlü dövlət siyasətinin tərkib hissəsidir. Bu siyasət Azərbaycanın postmünaqişə dövründə sülh, əməkdaşlıq və qlobal dialoq məkanı kimi formalaşmasına xidmət edir.
Son illərdə Şuşa, Laçın, Füzuli və digər azad edilmiş rayonlarda keçirilən beynəlxalq konfranslar, mədəniyyət və media forumları, rəsmi xarici nümayəndə heyətlərinin səfərləri həmin ərazilərin artıq beynəlxalq diplomatik və mədəni dövriyyəyə daxil olduğunu nümayiş etdirir. Prezident İlham Əliyev bu tədbirlər zamanı çıxış edərək bildirmişdir ki, Qarabağ və Şərqi Zəngəzur bölgələri “yaşıl enerji”, nəqliyyat-logistika və mədəniyyətlərarası dialoq baxımından böyük potensiala malikdir.
Məhz bununla bağlı olaraq cari ilin yanvar ayının 5-də yerli televiziya kanallarına veridiyi müsahibədə Prezident İlham Əliyev qeyd etmişdir ki: “Ölkəmizdə beynəlxalq tədbirlər keçirilmişdir. Onların arasında təbii ki, Xankəndidə keçirilən ECO Zirvə Görüşünü qeyd etməliyəm. Əsas tədbir orada - Xankəndidə keçirilmişdir, amma işğaldan azad edilmiş digər şəhərlərdə - Şuşada, Laçında, Ağdamda bizim təşəbbüsümüzlə üç forum keçirilmişdir: Biznes Forum, Gənclər Forumu, Qadınlar Forumu. Yəni biz istəyirdik ki, gələn qonaqlar azad edilmiş torpaqların bütün olmasa da, böyük hissəsini görsünlər və biz buna hazır idik. Doqquz dövlət və hökumət başçısını biz Xankəndidə, Ağdamda, Şuşada qəbul etməyə hazır idik. Mövcud olan infrastruktur, konfrans zalları, hotellər və digər lazım olan amillər bu imkanı bizə yaratmışdır”.
Dövlət başçısı çıxışlarında xüsusilə qeyd edir ki, beynəlxalq tədbirlərin məhz işğaldan azad olunmuş rayonlarda təşkili təsadüfi deyil. Bu, Azərbaycanın müharibədən sonra yaratdığı yeni reallıqların qəbul etdirilməsi, eyni zamanda bölgədə davamlı sülhün və təhlükəsizliyin təmin olunmasına verdiyi töhfənin nümayişidir. Prezident İlham Əliyevin sözlərinə görə, bu torpaqlarda keçirilən hər bir beynəlxalq tədbir Azərbaycanın tarixi ədalətinin və hüquqi mövqeyinin canlı sübutudur.
İlhamə Qəsəbova
YAP Yasamal rayonu AMEA Folklor İnstitutu üzrə ərazi partiya təşkilatının sədri, filologiya üzrə fəlsəfə doktoru, dosent