PDF Oxu

Cəmiyyət

  • 2 667

Qazanılan tarixi qələbə regionda yeni reallıqlar yaratdı - ŞƏRH

image

Cənab Prezident İlham Əliyevin 5 yanvar 2026-cı il yerli televiziya kanallarına verdiyi geniş müsahibədə səsləndirdiyi bu fikir, azad edilmiş ərazilərin artıq bərpa mərhələsindən beynəlxalq diplomatiya və əməkdaşlıq mərkəzi mərhələsinə keçdiyini təsdiqləyir. Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı tarixi qələbə regionda yeni reallıqlar yaratdı. Bu reallığın ən bariz nümunələrindən biri uzun illər "ruhlar şəhəri" kimi tanınan məkanların bu gün beynəlxalq konfranslara, diplomatik görüşlərə və mədəniyyət festivallarına ev sahibliyi etməsidir. Prezident müsahibəsində bu transformasiyanı bir neçə mühüm faktla əsaslandırıb.

Dövlət başçısı xüsusi olaraq qeyd etdi ki, Xankəndidə keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Zirvə Görüşü tarixi hadisədir. Bu, separatizmin bir vaxtlar mərkəzi olan şəhərin artıq regionun iqtisadi gələcəyinin müzakirə edildiyi məkana çevrildiyini göstərir. "Biz istəyirdik ki, gələn qonaqlar azad edilmiş torpaqların böyük hissəsini görsünlər və biz buna hazır idik".

BMT və digər mötəbər qurumların rəsmilərinin bu tədbirlərdə iştirakı Azərbaycanın bərpa modelinin beynəlxalq səviyyədə qəbul edildiyini təsdiqləyir. Şuşa artıq sadəcə Azərbaycanın mədəniyyət paytaxtı deyil, həm də mühüm siyasi qərarların verildiyi bir mərkəzdir. Şuşa Bəyannaməsi Türkiyə və Azərbaycan arasındakı müttəfiqlik münasibətlərinin bu şəhərdə rəsmiləşməsi regionun gələcək xəritəsini cızdı. Azərbaycan artıq bu əraziləri dünya iqtisadi zəncirinə və siyasi gündəminə tam inteqrasiya edib. Bu rayonlar sadəcə "qayıdış"ın deyil, həm də "beynəlxalq etimadın" simvoluna çevrilib.

Azərbaycan göstərir ki, bu torpaqlar artıq müharibə deyil, əməkdaşlıq, logistika (Zəngəzur dəhlizi) və inkişaf zonasıdır. Zəngəzur dəhlizi Azərbaycanın strateji nəqliyyat siyasətinin mühüm tərkib hissəsidir və ölkənin əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında dayanıqlı əlaqənin təmin olunmasını hədəfləyir. Bu layihə təkcə milli əhəmiyyət daşımır, eyni zamanda regional və beynəlxalq nəqliyyat-logistika sistemində yeni imkanlar yaradır.

Xüsusilə son illərdə Süveyş kanalında yaşanan problemlər və Qırmızı dənizdəki gərginlik fonunda dünya nəhəngləri (Çin, Avropa İttifaqı ölkələri) daha təhlükəsiz quru yolları axtarır. Zəngəzur dəhlizi Azərbaycanı bu qlobal logistik zəncirin ən strateji nöqtəsinə yerləşdirir. Zəngəzur dəhlizi yalnız bir yol və ya dəmir yolu xətti deyil, Azərbaycanın regional siyasətinin, iqtisadi inkişaf strategiyasının və geosiyasi mövqeyinin mühüm elementidir. Bu layihə Cənubi Qafqazın nəqliyyat xəritəsini yenidən formalaşdıraraq Azərbaycanın aparıcı tranzit ölkə statusunu möhkəmləndirəcək.

Nicat Ələkbərov

Yeni Azərabaycan Partiyası Şahbuz rayon təşkilatının sədr müavini

Digər xəbərlər