PDF Oxu

Cəmiyyət

  • 1 079

Qripdən qorxmayın, əgər xəstə öskürmürsə...

image

Payız-qış ayları adətən xəstəliklərlə zəngin olur. Xüsusilə də, immun sistemi zəifləmiş insanların üstünlük təşkil etdiyi vəziyyətlərdə xəstəlikdən qaçmaq mümkün olmadığı üçün, bir vaxtlar ayaqüstü keçirdiyimiz xəstəliklər belə ölümcül ola bilir. Çox yox, 20-30 il əvvəl qripin pandemiya yarada biləcəyi ehtimalı heç kimin ağlına gəlməzdi.

Merilend Universitetinin yeni bir araşdırması tibb dünyasında ajiotaj yaratdı desək, yanılmarıq. Bu araçşdırma bu günədək qripin necə yayıldığına dair qəbul edilmiş fikirləri alt-üst edir. Alimlər qrip testi müsbət çıxan universitet tələbələrini, sağlam və orta yaşlı könüllülərlə birlikdə otel otağında iki həftə karantində saxladılar. Təcrübənin sonunda heç bir sağlam insan xəstələnməyib. Maraqlıdır, bu necə mümkün olub?

Hazırda insanlar bir çox ölkədə sürətlə yayılan virusun yeni və aqressiv ştammından qorunmanın yollarını axtardıqca, yeni tədqiqatlar bir neçə sadə amilin xəstəliyin ötürülməsini xeyli azalda biləcəyini aşkarlabyı. Merilend Universitetinin İctimai Səhiyyə və Mühəndislik Məktəbləri və Baltimor Tibb Məktəbinin tədqiqatçıları qripə yoluxan universitet tələbələrini sağlam və orta yaşlı könüllülərlə eyni otel otağına yerləşdirərək qripə yoluxmanı araşdırıblar.

PLOS Pathogens jurnalında dərc olunan bu tədqiqat, qrip virusunun yoluxmuş şəxslərdən yoluxmamış şəxslərə təbii yolla necə keçdiyini araşdıran ilk klinik sınaqdır. 11 sağlam könüllü də daxil olmaqla iştirakçılar iki həftə Baltimor bölgəsindəki bir otelin karantin altındakı mərtəbəsində yaşayıblar. Bu müddət ərzində onlar yoluxmuş şəxslərdən alınan qələm və noutbook kimi əşyaları qrupun qalan hissəsinə ötürmək, söhbət etmək və yoqa kimi fiziki fəaliyyətlərlə məşğul olmaq kimi qarşılıqlı münasibətləri davam etdiriblər.

Tədqiqatçılar iştirakçıların simptomlarını izləyiblər, gündəlik burun yaxma nümunələri götürdülər və antikor testi üçün tüpürcək və qan nümunələri toplabyılar. Tədqiqat həmçinin könüllülərin nəfəs aldığı havada və fəaliyyət otağının ətraf havasında "virusa məruz qalma"nı ölçüblər. Nəfəs alınan hava, tədqiqatçı Dr. Donald Milton və Harvard TH Chan İctimai Səhiyyə Məktəbindəki həmkarları tərəfindən icad edilən Gesundheit II adlı cihazla ölçüldü.

Təcrübənin sonunda məlum olub ki, sağlam şəxslərdən heç birində müxtəlif amillər səbəbindən qrip infeksiyası inkişaf etməyib. Tədqiqatçılar bu "sıfır ötürülmə"ni üç əsas amilə aid ediblər. Əvvəla, yoluxma ona görə olmayıb ki, xəstələrdə öskürək yox idi. Qripli tələbələrin burunlarında yüksək miqdarda virus olsa da, onlar çox öskürmürdülər. Mütəxəssislərin fikrincə, öskürək virusu havaya yaymaq üçün mühərrik rolunu oynayır. Yəni, öskürək olmadan virus havaya çox nüfuz edə bilmir.

İkinci səbəb isə hava hərəkəti və ventilyasiya sistemi olub. Otaqdakı hava, qızdırıcılar və nəmləndiricilər vasitəsi ilə daim və sürətlə qarışdırılırdı. Bu, havadakı az miqdarda virusu seyrəldib və ötürülmə riskini aradan qaldırıb. Üçüncü səbəb isə yaş amilidir. Orta yaşlı insanların universitet tələbələrinə nisbətən təbii olaraq qrip virusuna daha davamlı ola biləcəyi istisna edilməyib.

Qeyd edək ki, bu araşdırmanın tədqiqatçılarından biri olan və Covid-19-un yayılmasının qarşısını almağın yollarını müəyyən edən ilk mütəxəssislərdən biri Donald Milton, bu cür tədqiqatların nəticələrinin beynəlxalq infeksiya nəzarəti qaydalarının yenilənməsi üçün vacib olduğunu deyir. Milton məsləhət görür ki, mütəmadi olaraq hərəkət etdirilən hava axınının olduğu mühitdə infeksiya yoluxması qeydə alınmadığı üçün bu tövsiyyəyə əməl edilməlidir. Çünki portativ hava təmizləyiciləri yalnız havanı təmizləmir, həm də onu hərəkət etdirir, virusun toplanmasının qarşısını alır.Bundan əlavə, soyuq da olsa çöldən təmiz havanı otağa qatmaq üçün pəncərə və qapıları açmaq virus konsentrasiyasını azaltmağın ən sadə və ən təsirli yoludur.

Günəş işığına məruz qalmağın qripə qarşı qoruyucu faydaları olduğu isə elmə çoxdan məlumdur, el arasında məhşur bir misal da var, "günəş girməyən evə həkim girər" deyə. Buna görə də nə qədər soyuq olursa olsun, günəş öz şüalarını yayanda ondan maksimum bəhrələnmək lazımdır. Unutmayın, ən effektiv dərman, təbiətdir.

Lalə Mehralı

Digər xəbərlər