PDF Oxu

Cəmiyyət

  • 748

Güclü etibar və etimad - ŞƏRH

image

Hər il İsveçrənin Davos şəhərində keçirilən bu tədbir dövlət və hökumət başçılarını, beynəlxalq maliyyə institutlarını, aparıcı transmilli korporasiyaların rəhbərlərini, tanınmış iqtisadçıları, politoloqları və media nümayəndələrini bir araya gətirir. Forum çərçivəsində qlobal iqtisadi artım, enerji təhlükəsizliyi, iqlim dəyişikliyi, geosiyasi risklər, regional münaqişələr və davamlı inkişaf məsələləri kompleks şəkildə müzakirə olunur. Davos forumu diskussiya platforması olmaqla yanaşı, qlobal siyasətin qeyri-rəsmi koordinasiya məkanı kimi çıxış edir. Burada baş tutan ikitərəfli və çoxtərəfli görüşlər, panel müzakirələri və xüsusi formatlı tədbirlər gələcək beynəlxalq əməkdaşlıq modellərinin formalaşmasına birbaşa təsir göstərir.

Azərbaycan Prezidenti İlham Əliyevin Ümumdünya İqtisadi Forumu çərçivəsində keçirdiyi görüşlər ölkəmizin beynəlxalq sistemdə artan rolunun, regional və qlobal proseslərə təsir imkanlarının göstəricisidir. Bu görüşlər həm də göstərir ki, Prezident İlham Əliyev Davos platforması çərçivəsində intensiv və çoxşaxəli diplomatik fəaliyyət həyata keçirir. Prezident İlham Əliyevin mütəmadi olaraq DİF-in illik toplantılarına dəvət olunması, ölkəmizin beynəlxalq iqtisadi münasibətlərin tənzimlənməsi, yeni dövrün çağırışları prosesində vacib aktor olduğunu sübut etməklə respublikamıza, aparılan məharətli diplomatiyaya olan güclü etibar və etimaddan xəbər verir.

Dünya İqtisadi Forumunda iştirak Azərbaycan üçün təkcə beynəlxalq tədbirdə təmsil olunmaq deyil, eyni zamanda ölkənin iqtisadi potensialını, strateji layihələrini və inkişaf prioritetlərini qlobal ictimaiyyətə təqdim etmək baxımından mühüm əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin panel iclaslarda çıxışı və dünya siyasətçiləri, beynəlxalq şirkət rəhbərləri ilə ikitərəfli əməkdaşlığa dair müzakirələri ölkənin regional və qlobal proseslərdə artan rolunu nümayiş etdirir. Bu diskussiyalarda, əsasən, enerji təhlükəsizliyi, iqtisadi şaxələndirmə, nəqliyyat-logistika imkanları, “yaşıl enerji” və post-müharibə dövründə həyata keçirilən bərpa və inkişaf layihələri diqqət mərkəzində saxlanılır.

Forumun 2026-cı il toplantısı çərçivəsində qlobal çağırışlara cavab olaraq beş əsas prioritet müəyyən edilib. Bu prioritetlər qlobal iqtisadi artım tempinin zəiflədiyi bir şəraitdə ticarət və investisiya imkanlarının genişləndirilməsi yolu ilə yeni iqtisadi artım mənbələrinin formalaşdırılmasını, innovasiyaların, xüsusilə süni intellektin tətbiqi zamanı onların biznesə və məşğulluğa təsirinin qiymətləndirilməsini, habelə bu texnologiyalardan istifadəyə dair normativ və etik çərçivələrin müəyyənləşdirilməsini əhatə edir. Eyni zamanda beynəlxalq müstəvidə və cəmiyyət daxilində etimadın bərpası məqsədilə yeni əməkdaşlıq mexanizmlərinin araşdırılması, insan kapitalının inkişafının təşviqi və bu sahəyə investisiyaların artırılması yolu ilə əmək bazarının transformasiyası və dayanıqlılığın gücləndirilməsi əsas istiqamətlər sırasında yer alır.

Prezident İlham Əliyevin "Euronews" televiziyasına verdiyi müsahibə də son vaxtlar beynəlxalq münasibətlər sistemində baş verən dəyişikliklərdən danışarkən dövlətimizin başçısı xüsusi vurğulayıb ki, yeni eraya qədəm qoyan beynəlxalq münasibətlərin bugünkü vəziyyətini qanunun aliliyi deyil, güc qaydası idarə edir. Bu,”bir daha göstərir ki, hər ölkə öz strategiya və siyasətini özünün potensialına uyğunlaşdırmalıdır, o cümlədən mümkün qədər çox ölkələrlə, ilk növbədə öz bölgəsində, sonra isə qlobal müstəvidə yaxşı münasibətlər qurmalıdır. Azərbaycan məhz buna nail oldu.”

56-cı Davos Ümumdünya İqtisadi Forumu da ölkəmizin beynəlxalq aləmdə, iqtisadi münasibətlər sistemində nüfuzunun artmasına, dünya iqtisadiyyatında etibarlı və fəal tərəfdaşlıq imicinin daha da möhkəmlənməsinə, eyni zamanda bölgədə gələcək irimiqyaslı layihələrin icrasına hərtərəfli dəstəyin güclənməsinə töhfələr verəcək.

Hüseyn Süleymanov

YAP Kəngərli rayon təşkilatının sədr müavini

Digər xəbərlər