Zəfər şəhidi Ağamid Ağacəfərlinin 31 yaşı tamam oldu
İkinci Qarabağ müharibəsində döyüş meydanında yağıya qarşı cəsurluq, igidlik, mərdlik nümayiş etdirərək adını Azərbaycanın şanlı tarixinə yazan şəhid AğamidŞirzaid oğlu Ağacəfərli dağlar qoynuna sığınan Lerik şəhərində dünyaya göz aşıb. Vətənini hər şeydən əziz tutan Ağamid 25 yaşında əbədiyyət adlı dünyasına qovuşub. İndi Lerikdə böyük də, kiçikdə onu özünə iftixar mənbəyi, qürur yeri bilir. Vətəni necə sevməyi, torpağı neçə qorumağı Ağamidin qoyub getdiyi qəhrəmanlıq məktəbində öyrənirlər.
Qisməti şəhidlik zirvəsindən boylanmaq səadəti olan Ağamid indi altıncı ildir cismən aramızdan gedib. O, bu müddət ərzində heç vaxt unudulmayıb.
Ağamidin ömür yolu qısa olsa da, başdan-başa doğma Azərbaycana sevgi, məhəbbətdir. Onun uğrunda canından keçib, əlçatmaz zirvəyə sahib olub. Biz Ağamid kimi qəhrəman oğulların sayəsində qalib ölkənin vətəndaşları olmaq xoşbəxtliyini yaşayırıq.
Bəli, xəmiri Vətənə məhəbbət hissi ilə yuğrulan, əzəli yurd yerimiz Qarabağın işğalına qarşı həmişə barışmaz mövqe tutan, ən böyük arzusu döyüş meydanında düşmənin ilan başını əzmək olan Ağamid Ağacəfərli 2020-ci il 27 sentyabr tarixində başlanan haqq savaşımıza könüllü olaraq gedib. Səngərdə yerini tutan andan döyüş tapşırıqlarını uğurla yerinə yetirməklə düşmənə sarsıdıcı zərbələr endirib. Əsasən Füzuli, Qubadlı uğrunda ağır əməliyyatlarda böyük cəsarət göstərib. Döyüşdən-döyüşə: “ İşimiz haqdır, zəfər bizimdir” deyib daimi öndə vuruşub. Təəssüf ki, Qubadlı istiqamətində gedən ölüm-dirim savaşda yağı gülləsinə tuş gəlib. Ölümündən sonra ölkə başçısının müvafiq sərəncamları ilə “Füzulinin azad olunmasına görə”, “Vətən uğrunda”, “İgidliyə görə” medallarına layiq görülüb.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Onlar açıq məktub imzalayıblar...