Azərbaycan polisi doğru yolda
Azərbaycan polisinin formasını şərəflə daşıyan dostlarım çoxdur. Hansı ilə söhbət edirəmsə hamısı eyni sözü deyir: “Son illər Daxili İşlər Nazirliyinin bütün strukturlarında yaxşı mənada çox şey dəyişib. Dəyişən təkcə uniformamız yox, həm də şəxsi heyətin geydiyi bu formaya münasibətidir”. Ölkədə qanunçuluğun və qaydaların qorunması üçün bu çox vacib amildir. Amma bu hələ Azərbaycan polisinin fəaliyyətini bütün keyfiyyətləri ilə göstərən fikirlər deyil. Etiraf edim ki, son illər polis orqanlarının fəaliyyətini diqqətlə izləyirəm və bir çox hallarda bəzi üzdəniraq çızmaqaraçılar bu fəaliyyətə çamur atmaqla polisi gözdən salmağa çalışırlar. Tam səmimi və əminliklə deyə bilərəm ki, bu gün Azərbaycan polisi vətəndaşların mənafelərinin, hüquq və azadlıqlarının müdafiəsi sahəsində üzərinə düşən funksiyaları daha yüksək peşəkarlıqla yerinə yetirir və hər zaman vəzifə borcuna sadiq qalaraq ona bəslənən inam və etimadı doğruldur. Çünki Azərbaycan polisi indi daha bilikli, daha savadlı, qanunvericiliklə yanaşı müasir texnoloji yeniliklərə dərindən bələd olan hüquq keşikçisidir. Bunsuz indiki zamanda xidməti vəzifələri yüksək səviyyədə yerinə yetirmək əsla mümkün deyil. Bunların isbata elə də böyük ehtiyacı yoxdur. Media üzərindən izlədiklərimiz aydın göstərir ki, son illərdə Daxili İşlər Nazirliyinin rəhbərliyi kadrların hazırlıq səviyyəsini xüsusisi diqqətdə saxlayır.

Əslində bu sahənin azacıq diqqətdən kənarda qalması ölkədə cinayətkarlığa, onun transmilli növlərinə qarşı mübarizədə, asayişin və təhlükəsizliyin təmin olunmasında geri qalmaq demək olardı. Kibercinayətlərə qarşı əks tədbirlərin gücləndirilməsi, sistemli və daha məqsədyönlü mübarizə aparılması, müvafiq sahədə vətəndaş məmnunluğunun təmin edilməsi üzrə fəaliyyətin beynəlxalq standartlara uyğun iş şəraitində həyata keçirilməsi məqsədilə DİN-in Kibercinayətkarlıqla Mübarizə Mərkəzinin yeni inzibati binasının tikilib istifadəyə verilməsi buna əyani sübutdur. Nazirin biləvasitə təşəbbüsü ilə zabit heyətinin müasir texnoloji yeniliklər sahəsində bilklərini təkmilləşdirməsi, onların sosial-məişət şəraitinin müasir tələblər səviyyəsinə yüksəldilməsi məqsədilə nazirliyin yeni Təlim-Tədris Mərkəzi inşa edilərək istifadəyə verilib.
Ölkəmiz və milli mənafeyimiz üçün ciddi təhlükəli olan narkotikvasitələrin ölkədə yayılmasına diqqət çəkmək istərdim. Mübaliğəsiz deyə bilərəm ki, bu gün biz Azərbaycanın gənc nəslini narkotik vasitələrlə zəhərləməyə çalışılmasının və ifrat düşmənçilik tendensiyalarının şahidi oluruq. İmanını, dinini itirən, bəzi şəxslər şəxsi qazancları naminə Azərbaycana “ağ ölüm”- az qala tonlarla narkotik maddələr keçirməyə çalşırlar. Lakin DİN rəhbərliyi Azərbaycan polisinin bütün şəxsi heyətini, xalqın gələcəyinə qənim kəsilən bu cinayətkar quruplara qarşı ən amansız mübarizəyə səfərbər edib. Təbii ki, bu işdə ön sırada DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin şəxsi heyəti durur. Narkotiklər və bu “ağ ölümü” yayan cinayətkar quruplarla mübarizədə idarənin əməkdaşları həqiqətən yüksək peşəkarlıq nümayiş etdirir və vəzifələrini ləyaqətlə yerinə yetirirlər.
Sadəcə DİN-in bu sahədə ötən il həyata keçirdiyi əməliyyat tədbirlərinin nəticələrinə diqqət edək: 2026-cı ildə qeyri-leqal dövriyyədən 2024-cü illə müqayisədə 961 kiloqram çox - 5 ton 675 kiloqram narkotik vasitə çıxarılıb, 272 kiloqram narkotikin qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsinin qarşısı alınıb. Qanunsuz kultivasiya edilən və yabanı halda bitən 294 tondan artıq çətənə və xaş-xaş kolu yığılaraq məhv edilib, narkotiklərlə əlaqəli cinayətlərə görə 88 cinayətkar qrup zərərsizləşdirilib. Bu rəqəmlərin arxasında insan taleyi, Azərbaycan vətəndaşlarının narokotik asılılığa yuvarlanmasından qorunması, vaxtsız ölümünün qarşsının alınması kimi hallar durur.

Bu yerdə Lənkəran Rayon Şəhər Polis şöbəsinin əməkdaşlarının fəaliyyətini xüsusi qeyd etmək istərdim. Kollektiv təkcə narkotik vasitələri yayan və satan cinayətkarların cinayət məsuliyyətinə cəlb edilməsi ilə işlərini bitmiş hesab etmirlər. Şöbənin əməkdaşları müntəzəm olaraq Lənkəran şəhərinin, kəndlərinin təhsil müəssisələrində olur, narkotiklərin insan həyatına və sağlamlığına vurduğu ölümcül ziyanla bağlı maarifləndirmə tədbirlərə də geniş yer verirlər. Mən özüm də bir yazıçı-jurnalist kimi bu təbliğat qrupunun fəal üzvi olduğum üçün polsin gördüyü işə yaxından bələdəm. Bu təıdbirlər gənc nəslin bu “ağ ölüm” bəlasından uzaq durmalarında çox mühüm rol oynayır. Mühüm bir göstərici də, ölkəmizin bütün regionlarında müşahidə edilən hazırkı təhlükəsizlik mühitidir. Bu təhlükəsizlik mühitinin həm də polisin gözəgörünməz, önləyici fəaliyyətinin nəticəsi olduğunu unutmayaq. Bu gün ölkəmizdə ictimai asayişin və ictimai qaydaların keşiyində ayıq-sayıq dayanan Azərbaycan polisi istənilən təxribatın qarşısının operativ şəkildə alınmasında yüksək peşəkarlıği ilə seçilir.
2026-cı ilin yanvarında Daxili İşlər naziri Vilayət Eyvazovun iştirakı ilə 2025-ci ilin yekunu ilə bağlı kollegiya iclasında səslənən faktlara diqqət yetirək: Ötən il əməliyyat-axtarış və istintaq fəaliyyətinin subyekti olan bütün dövlət qurumları üzrə 31min 852 cinayət qeydə alınıb. Onlardan 90,5 faizi açılıb. Cinayətlərin 92,8 faizi və ya 29 min 572-i daxili işlər və prokurorluq orqanlarının səlahiyyətləri çərçivəsində araşdırılan hüquqazidd əməllər olmaqla 93,5 faizinin açılması təmin edilib. Cinayətlərin ağır və xüsusilə ağır növlərinin 90,1, qeyri-aşkar şəraitdə baş verənlərin 90,9, şəxsiyyət əleyhinə olanların 98,9, mülkiyyət əleyhinə olanların 89,5 faizi, qəsdən adam öldürmələrin, qəsdən sağlamlığa ağır zərər vurmaların, soyğunçuluqların və quldurluqların hamısı açılıb. Ağır və xüsusilə ağır cinayətlər törətmiş 1033 nəfər yaxalanaraq həbs edilib, 214 kriminal qrup zərərsizləşdirilib. Sadalanan bu rəqəmlər ilk baxışdan adi görünə bilər. Amma hər bir faktın arxasında Azərbaycan polisinin yüzlərlə əməkdaşının gərgin əməyi, həyatları və sağlamlıqları üçün təhlükə dolu anlar, yuxusuz gecələri və ölçüyəgəlməz zəhməti durur. Azərbaycan polisinin xüsusi diqqət çəkən faktlarından biri də onun fəaliyyətinin mühüm istiqamətlərindən biri olan və gündəlik nəzarətdə saxlanılan vətəndaş məmnunluğunun təmin edilməsi sahəsində atılan addımlardır. Bu sahədə görülən tədbirlər çərçivəsində ümumilikdə 8 min 491, o cümlədən mətbuatda qabaqcadan məlumat verilməklə respublikanın 70 şəhər və rayonundan olan 6 min 910 vətəndaşın qəbul edilməsi, onların qaldırdıqları məsələlərin əksəriyyətinin yerində və müsbət həll edilməsidir.
Bu sahədə bir vətəndaş, yazıçı-jurnalist olaraq diqqətimi çəkən xüsusi məqam ondan ibarətdir ki, keçirilən qəbulların tam əksəriyyətində bilavasitə daxili işlər naziri şəxsən iştirak edib və vətəndaşları dinləyib. Şəxsən özüm bunu bir neçə dəfə Cənub bölgəsində müşahidə etmiş və nazirimizə təşəkkürümü bildirmişəm. Məni sevindirən odur ki, nazir bir çox məmurlarımızdan fərqli olaraq, vətəndaşı qapısına gətirmir, özü onun yaşadığı bölgəyə gedir, dərdini, şikayətini dinləyir və yerindəcə tədbir görür, probleminin həllinə kömək göstərir. Bu çox gözəl bir nümunədir və gümün edirəm bir çox məmurlar bunu öz fəaliyyət seferasına daxil etməlidirlər. Axı, xalqa, millətə xidmət başqa necə olur? Polis əməkdaşları ilə söhbətdən bilirəm ki, DİN rəhbəri bütün polis heyətinə vətəndaşlarla münasibətdə, onlara hər hansı məsələ ilə bağlı müraciət edən insanlara məhz belə yanaşma tələb edir.

Son illər DİN-in bu strukturunda da çox ciddi islahatlar həyata keçirilib. Bu islahatların ən birincisi ciddi nizam-intizam, nəqliyyat vasitələrinin sürücülərinin, kimliyindən, hansı zümrəyə mənsub olduğundan və kimin övladı, qohumu olmasından asılı olmayaraq, qaydalara əməl edilməsinə ən yüksək səviyyədə nəzarətin təmin edilməsidir. Qarşıya qoyulan bu vəzifələrin yüksək səviyyədə həyata keçirilməsi üçün bütün zabit və sıravi heyəti səfərbər edilib. Ən mühüm tapşırıqlardan biri vətəndaş müraciətlərinə ən qısa zamanda və obyektiv cavab verilməsi, şikayətlərin ədalətli araşdırılması və müvafiq qərar çıxarılması polis əməkdaşlarının bir nömrəli vəzifələrindəndir. DİN-də son illər kadr hazırlığı və əməkdaşların təkmilləşdirilməsi sahəsində ciddi işlər görülür.
Yol polisinin fəaliyyətinə gəldikdə isə, qeyd etməliyəm ki, vətəndaşlara münasibət, xüsusilə sükan arxasında oturan insanlarla qanunun tələbləri səviyyəsində davranmaqla yanaşı, ciddi izahat işləri aparmaq, yol hərəkəti qaydalarına əməl edilməsinin ilk növbədə onların və ətrafdakı insanların təhlükəsizliyinə qarant olduğuna inandırmaq xüsusi diqqətdə saxladığı bir vəzifə kimi qəbul edilir. Bütün bunlar yol polisinin işində son illərdə həqiqətən mütərəqqi irəliləyişlərə gətirib çıxarıb. Əldə etdiyim statistik materiallar da bunu təsdiqləyir və əminəm ki, faktlar yanlışa imkan verməz. Aparılan təhlillər göstərir ki, 2021-2025-ci illər üzrə yanvar–sentyabr aylarında yol-nəqliyyat hadisələrinin sayı ümumilikdə azalan dinamika nümayiş etdirib. Ötən ilinin göstəricilərinə nəzər salanda aydın olur ki, 2025-ci ilin yanvar–sentyabr ayları üzrə 905 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 12,2 faiz və ya 126 hadisə azalma deməkdir. Rəqəmlər onu göstərir ki, son illərdə yol təhlükəsizliyi istiqamətində atılan addımlar və nəzarət mexanizmlərinin gücləndirilməsi nəticəsində ölkədə yol-nəqliyyat hadisələrinin sayı davamlı şəkildə azalır.
Yeri gəlmişkən bir məsələni də qeyd edim ki, son illərdə DİN mətbuat xidməti də fəaliyyətini günün tələbləri səviyyəsində qurub. İndi media nümayəndələri istənilən vaxt xidmətə telefon açıb lazımi informasiya almaq imkanı qazanıblar. Hətta əksər hallarda müraciətlərə birbaşa Mətbuat Xidmətinin rəisi şəxsən cavab verir ki, bu da DİN-dən alınan informasiyanın yüksək dəqiqliyini təmin edir. Bir çox nazirlik və komitələrin, dövlət qurumlarının mətbuat xidmətləri və onların rəhbərləri həmkarı Elşad Hacıyevin bu iş üsulundan yararlansalar, məncə Azərbaycan mediası da feyk informasiyalardan təmizlənər. Bütün bunlar bir daha sübut edir ki, Azərbaycan polisi bu gün doğru yoldadır və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin etimadını şərəflə doğruldur. Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində davam edən bu inkişaf və modernləşmə vətəndaşlarımızın qanunla qorunan hüquq və mənafelərini etibarlı müdafiə etməyə, cinayətkarlığa, onun transmilli mütəşəkkil növlərinə qarşı mübarizədə adekvat cavab tədbirləri görməyə tam imkan yaradır.

Bəxtiyar HÜSEYNOV,
yazıçı-publisist,
təqaüddə olan dövlət qulluqçusu
Alimlər ilk dəfə olaraq Avropanın səthində ammonyak tərkibli birləşmələr aşkar ediblər…
Tesla Model Y və Hyundai Ioniq 5N-in qış sınağı bunu ortaya çıxaracaq…