PDF Oxu

Cəmiyyət

  • 1 095

Uşaqlar və sosial şəbəkə: indi də Yunanıstan...

image

Yunanıstan 15 yaşdan kiçik uşaqların sosial şəbəkələrə çıxışını qadağan etməyi planlaşdırır. Yunanıstan mediasında yayımlanan xəbərlərə görə, sosial platformalarda nifrət dolu çıxışların yayılmasına görə şirkət rəhbərlərinin şəxsən məsuliyyət daşıdığını təsdiqləyəcək qanun layihəsi hazırlanır. Baş nazir Kiriakos Mitsotakis də hökumətin rəqəmsal mühitdə uşaqları qorumaq üçün sosial media istifadəsinə yaş məhdudiyyətləri tətbiq etməyi düşündüyünü bildirib.

Qeyd edək ki, dünyada bəzi ölkələr uşaqların sosial şəbəkələrə (xüsusən TikTok, Instagram, Snapchat, Facebook, YouTube və s.) girməsini qadağan edən və ya ciddi şəkildə məhdudlaşdıran qanunlar və layihələr hazırlayır. Bu, əsasən uşaqların onlayn təhlükələrdən — zərərli məzmundan, zorakılıqdan, özünəinam problemlərindən və digər risklərdən qorunması məqsədi ilə edilir.

Uşaqların sosial şəbəkələrə üzvlüyünü tam qadağa tətbiq edən ilk ölkə Avstraliyadır. Bu ölkədə ötən ilin noyabrından uşaqların 16 yaşdan kiçik olduqda sosial şəbəkələrdə profil yaratması və sosial media hesabı sahibi olması qadağan edilib. Bu, dövrümüzün ilk belə qanunu kimi tarixə düşüb.

Avropa ölkələrində sosial şəbəkələrə uşaqların girişi ilə bağlı ciddi məhdudiyyət və qadağa planları işlənir. Bu ölkələrdə hələ ki tam qadağa ya tətbiq olunmayıb, ya da qanun layihəsi olaraq parlamentdə müzakirədədir. Onların məqsədi uşaqların müəyyən yaşdan əvvəl sosial media istifadəsini məhdudlaşdırmaqdır.

Məsələn, İspaniya hökuməti 16 yaşdan kiçik uşaqlar üçün sosial media istifadəsini qadağan etməyi planlaşdırır. Sloveniyada 15 yaşdan kiçik uşaqlar üçün sosial media istifadəsinin qadağan edilməsi üzərində qanun layihəsi hazırlanır. Danimarkada 15 yaşdan aşağı uşaqlar üçün sosial media istifadəsini qadağan etməyi hədəfləyən qanun layihəsi var, qanuna görə valideyn icazəsi ilə bəzən 13 yaşdan istifadə mümkündür. Finlandiyada nazirlər uşaqlar üçün 15 yaşdan əvvəl sosial media istifadəsini məhdudlaşdırmağı dəstəklədiklərini bildirib. İtaliya parlamentində 15 yaşdan kiçik uşaqlar üçün sosial media istifadəsinə məhdudiyyətləri nəzərdə tutan qanun layihəsi müzakirədədir.

Fransada 15 yaşdan aşağı uşaqlar üçün sosial media hesabı açmaq tam qadağa deyil, bunun üçün valideyn razılığı tələb olunur. Almaniyada 13-dən 16-ya qədər uşaqlar yalnız valideyn razılığı ilə sosial mediaya girə bilərlər, lakin qadağanın gətiriləcəyi proqnozlaşdırılır. Malayziyada 16 yaşdan aşağı istifadəçilər üçün sosial şəbəkələr qadağanı planlaşdırır. Norveçdə istifadəçilər üçün minimum yaşı 15-ə qaldırmaq barədə layihə var.

Lalə Mehralı

Digər xəbərlər