PDF Oxu

Cəmiyyət

  • 453

14 Fevral Beynəlxalq Kitab Bağışlama Günüdür FOTO

image

Kitab müxtəlif insanların düşüncələrini vəhdət halında birləşdirən və onların arasında sıx ünsiyyət yaradan mənəvi körpüdür. Bu gün kitab bəşəriyyətin yaratmış olduğu fikir və ideyaların, nəzəriyyələrin və elmi kəşflərin uzun bir müddət üçün insanlara çatdırmağın əsas vasitəsidir. Hər birimiz ilk növbədə, əsasən kitab vasitəsilə təhsil almış, elmlərə yiyələnmiş, həyatda yaşamağı, fəaliyyət göstərməyi öyrənmişik. Ona görə də hər birimiz kitablara borcluyuq. Bilik paylaşdıqca çoxalır. Oxuduğunuz və sizə təsir edən bir kitabı başqasına vermək, həmin hissləri və biliyi bölüşmək deməkdir. Texnologiyanın sürətlə inkişaf etdyi dövrdə kağız kitabın qoxusunu və toxunuşunu gənc nəslə sevdirmək vacibdir. Kitab elə bir hədiyyədir ki, onu dəfələrlə açıb oxumaq olar.

Beynəlxalq Kitab Bağışlama Günü hər il 14 fevral tarixində qeyd olunur. Kitabsevərlər üçün bu tarix həm də " Kitaba olan sevgi günüdür. Bu, sevgini həm də bilik paylaşaraq göstərmək üçün gözəl fürsətdir.

Beynəlxalq Kitab Bağışlama Günü 14 fevral 2012-ci ildə ABŞ-da məşhur Delightful Children's books uşaq kitab yaradıcısı Emmi Brodmoor tərəfindən yaradılıb. Bu əlamətdar tarixi gün dünyanın 44-dən çox ölkəsində qeyd olunur. Yaranma tarixi maraqlı bir ailə hekayəsinə dayanır. Bu fikir əslində Emmi Brodmoorun balaca oğluna məxsusdur. O, anasından insanların bir-birinə kitab bağışladığı xüsusi bir günün niyə olmadığını soruşub və beləliklə, bu hərəkat başlayıb.

Azərbaycanda da bu günə maraq ildən-ilə artır. Milli Kitabxana, AMEA Mərkəzi Elmi Kitabxanası və müxtəlif gənclər təşkilatları bu tarixlə bağlı xüsusi aksiyalar keçirir. Kitabxanalar tərəfindən kitabın dəyərini təbliğ edən videoçarxlar və sərgilər təqdim olunur.

Bu əlamətdar tarixi günü biz həm maarifləndirici, həm də əyləncəli şəkildə qeyd edirik. Bu günü məktəblərdə sadəcə kitab vermək deyil, həm də mütaliə mədəniyyətini formalaşdırmaq üçün bir fürsət kimi dəyərləndiririk. Məktəb kitabxanalarında bir sıra tədbirlər təşkil edirik. Belə tədbirlərdən biri şagirdlərin çox sevdikləri "Mənim sevimli kitabım" aksiyasıdır. Şagirdlər oxuduqları və bəyəndikləri kitabları öz yoldaşlarına hədiyyə edirlər. Kitabın ilk səhifəsinə ürək sözlərini və tövsiyələrini yazmaq bu prossesi daha da yaddaqalan edir. Hədəfimiz uşaqlarda mütaliəyə sevgi yaratmaq və kitab əldə etmək imkanı məhdud olan uşaqları sevindirməkdir. Bu tarixi gün ilə əlaqədar keçirdiyimiz tədbirlər şagirdlərə kitabın bizim ən sadiq dostumuz olduğunu və bu gün biz bu dostu başqaları ilə tanış etmək, oxumaq həvəsini paylaşmaq üçün toplanmış olduğumuzu aşılayır. Kitab paylaşdıqca dəyər qazanan bir xəzinədir. Bir kitab hər oxucuda müxtəlif iz qoyur; birinə xəyal qurmağı öyrədirsə, digər bir oxucuya cəsarətli olmağı öyrədir. Unutmayaq, kitab bağışlamaq sadəcə bir əşyanı vermək deyil, həm də ümid, xəyal və gələcək hədiyyə etmək, ona yeni bir dünya bəxş etməkdir. Gəlin 14 fevralda siz də bir kitab hədiyyə edərək kiminsə dünyasını işıqlandırın.

Nigar Hacıyeva

135 saylı tam orta məktəbin kitabxana müdiri

Digər xəbərlər