Əksəriyyətimiz mütaliəni sevirik, lakin bəzən vaxt çatışmazlığı, diqqəti cəmləməkdə çətinlik çəkmək və oxuduğumuzu tezliklə unutmaq kimi xırda problemlərdən dolayı həvəsdən düşürük.. Nəticədə, kitablar yarımçıq qalır və oxumaq zövq almaq əvəzinə, sadəcə "görüləcək işlər" siyahısındakı adi işə çevrilir.
Əslində, effektiv oxumaq inkişaf etdirilə bilən bir bacarıqdır. Mütaliəyə başlamazdan əvvəl oxumaq məqsədinizi müəyyənləşdirin. Məqsədlər müxtəlif ola bilər, yeni biliklər qazanmaq, praktik ideyalar tapmaq, ilhamlanmaq, rahatlamaq və bir az dincəlmək kimi fərqli səbəblərdən mütaliə edə bilərik. Məqsəd aydın olduqda oxumaq daha asan olur. İnsan oxuduğunu sevəndə hər nöqtəsini xatırlayır.
Yeni kitaba başlayarkən onu bitirə bilməməyinizdən narahat ola bilərsiniz, amma bu sizi qorxutmasın. Ən böyük səhvlərdən biri, hətta ondan zövq almamış olsanız belə, özünüzü bir kitabı bitirməyə məcbur etməkdir. Bəzən mütaliə sevənlərdə belə bir fikir formalaşır ki, əgər bir kitaba başlamışamsa, onu mütləq bitirməliyəm. Əgər 50-70 səhifədən sonra kitabın sizə müvafiq olmadığını, çox mürəkkəb olduğunu və ya əksinə, səthi olduğunu, sizə dəyər qatmadığını hiss etsəniz, ondan imtina edə bilərsiniz. Bu normaldır. Oxumaq sizin üçün faydalı olmalıdır, işgəncə deyil.
Çox oxumağa çalışmayın, sadəcə müntəzəm oxuyun. Həftədə bir dəfə iki saat oxumaqdansa, hər gün 15-20 dəqiqə oxumaq daha yaxşıdır. Mütəmadi mütaliə vərdiş formalaşdırır, daxili müqaviməti azaldır, kitabı daha dərindən mənimsəməyinizə kömək edir. Əsas odur ki, yaxşı bir oxuma rejimi qura biləsiniz. Səhər qəhvə ilə, yatmazdan əvvəl və ya yolda olarkən mütaliə sizə faydalı olar. Passiv oxumaq nadir hallarda nəticə verir. Oxuduqlarınızı başqaları ilə müzakirə edin. Dostlarınızla söhbətdə, online müstəvidə, şəxsi qeydlərdə və ya bloq yazısında kitab haqqında düşüncələrinizi öz sözlərinizlə ifadə etdikdə, onu daha dərindən anlamağa başlayırsınız.
Yaxşı olar ki, mütaliəni yalnız ənənəvi kitabla məhdudlaşdırmayasınız. Çalışın müxtəlif formatlar oxuyun, elektron kitablar, audiokitablar, qısa esselər və toplular da mütaliə edin. Oxuduğunuz kitabların sayı az ola bilər. Unutmayın ki, əsas olan kəmiyyət deyil, keyfiyyətdir. Hətta bəzən sizdə dərin izlər buraxan kitabı yenidən oxumağınız faydalı olar. Bəzən yenidən oxumaq yeni kitabdan daha dəyərlidir. Oxumaq düşüncə tərzinizi genişləndirir, qərar verməyinizə kömək edir, ilham verir, axtardığınız suallara cavab tapırsınız.
Lalə Mehralı
Hipparxın əsəri sonrakı dini mətnlərin altında aşkar edilib...