PDF Oxu

Cəmiyyət

  • 1 385

Ramazan ayında düzgün qidalanma necə olmalıdır? - EKSPERT DANIŞDI

image

“Ramazan ayı oruc tutmaqla bədənin enerji balansını və metabolik proseslərini ciddi şəkildə tənzimləyir”.Bu sözləri SİA-ya açıqlamasında qida üzrə ekspert Ağa Salamov bildirib.Onun sözlərinə görə, bu müddət ərzində sahur və iftar qidalanması bədənin ehtiyaclarını nəzərə alaraq düzgün qurulmalıdır ki, oruc sağlamlıq baxımından mənfi təsir göstərməsin. Sahur zamanı əsasən zülal və su tərkibi yüksək qidalar üstünlük təşkil etməlidir:”Məsələn, yumurta, minimal duzlu kəsmik və təbii qidalar bədənin gün ərzində enerji ehtiyacını təmin etməkdə əhəmiyyətli rol oynayır. Konservləşdirilmiş məhsullar, kolbasa və duzlu pendir kimi məhsullardan uzaq durmaq vacibdir, çünki bu qidalar orqanizmin susuz qalmasına və metabolik gərginliyin artmasına səbəb ola bilər.Sahur zamanı maye qəbulu da xüsusilə vacibdir. İnsan gün ərzində su qəbul etmədikdə bədənin hidrosalin balansı pozulur və bu, oruc tutmağı çətinləşdirir. Buna görə şorba və meyvə şirələri, məsələn nar və alma şirəsi, həm su balansını qoruyur, həm də vitamin və minerallar təmin edir. Zeytun, əncir qurusu və balanslaşdırılmış çərəzlər də sahur üçün tövsiyə olunur, çünki bunlar hüceyrələrin normal fəaliyyəti və enerji istehsalına müsbət təsir göstərir.İftar zamanı isə qida qəbuluna diqqətli yanaşmaq vacibdir. Orucdan sonra bədən gün ərzində ac qaldığından ani və həddindən artıq qidalanma mədə və həzm sistemi üçün gərginlik yarada bilər. İftarda şorba, xüsusən tərəvəz şorbası, maye və vitamin təmin etməklə yanaşı, mədəaltı vəzinin yükünü azaldır. Brokoli, gül kələm, şirin bibər, kartof, soğan kimi tərəvəzlər zülal və karbohidratlarla birlikdə verildikdə orqanizm üçün optimal qida balansı təmin edilir.Qidanı hissə-hissə, fasiləli şəkildə qəbul etmək və hər lokmanı yaxşı çeynəmək orqanizmin həzm prosesini dəstəkləyir və oruc müddətində şişkinlik, köp və ağırlıq kimi problemlərin qarşısını alır. Karbohidrat mənbəyi olaraq qarabaşaq, düyü və kartofun daxil edilməsi enerji təminatını optimallaşdırır.Ramazan ayı ərzində sahur və iftar süfrələrinin düzgün təşkili bədənin fizioloji tələblərinə cavab verməklə yanaşı, sağlam qidalanma vərdişlərinin formalaşmasına da xidmət edir. Bu, həm qida qəbulu zamanı yaranan metabolik gərginliyi azaldır, həm də uzun müddətli sağlamlıq üçün önəmli bir addım hesab olunur”.

Müəllif: Günay Hacıyeva

Digər xəbərlər