Miqren sadəcə baş ağrısı deyil, daha ağır simptomlarla müşahidə edilən nevroloji xəstəlikdir. Qlobal miqyasda 1,2 milyondan çox insan miqrendən əziyyət çəkir. Yaranma səbəbi hələ də bilinmir. Miqrenin əslində nə olduğu, xəstəliyə nəyin səbəb olduğu barədə bir çox sual cavabsız qalır. Miqren tutması başlayanda başınızın bir tərəfi digərindən bir az daha ağır hiss olunur və başınızı hərəkət etdirməli olsanız, ağrı döndüyünüz istiqamətdə axdığı kimi görünür. Yəni sanki başınızın içində hərəkət edən nəsnə var. Beyniniz və kəllə sümüyünüz arasında böyük bir boşluq olduğunu hiss edirsiniz və ağrı mayeləşərək həmin boşluğu doldurur. Gəzərkən başınız nəbzvari döyünür və kəllə sümüyü beyniniz üçün çox kiçikmiş kimi bir sıxılma hissi başlayır. Bəzən gözünüzün arxasında sanki daxildən gözünüzü bayıra itələyəcək təzyiqlə bir ağrı yaranır.
Bu xəstəlikdən əziyyət çəkənlərin fikrincə, miqren dünyada ən dözülməz ağrı hesab edilməlidir. Əgər dərman qəbulunu gecikdirsəniz, ağrı sürətlə şiddətlənir və onun azalması bir o qədər də uzun çəkir. Texas Universitetinin Davranış və Beyin Elmləri Departamentinin müdiri Qreqori Dussor miqrenlə bağlı belə deyir: “Deyərdim ki, miqren ən az başa düşülən nevroloji xəstəliklərdən və bəlkə də ümumiyyətlə ən az anladığımız xəstəliklərdən biridir”.
Tədqiqatçılar illərdir miqrenin səbəblərini araşdırırlar. Bu yaxınlarda onlar hətta miqrenin xəstənin beynində elektrik siqnalları kimi necə təzahür etdiyini canlı şəkildə təsəvvür edə biliblər. Xəstənin beynindəki genlər, qan damarları və molekulların qarışığı üzərində aparılan tədqiqatlar sayəsində alimlər miqrenin niyə baş verdiyini, necə müalicə edilə biləcəyini də öyrənməyə yaxınlaşdıqlarını deyirlər.
Miqren 18-ci və 19-cu əsrlərdə “qadın şıltaqlığı” kimi tanınırdı, onun yalnız ağıllı, cəlbedici və gözəl qadınlarda rastlanması kimi bir iddia vardı. Miqrendən əziyyət çəkənlərin dörddə üçünün qadınlar olması onun daha çox qadınları hədəf alması deməkdir. Mayami Universiteti Səhiyyə Sisteminin Baş Ağrısı Bölməsinin rəhbəri Teshamae Monteith deyir ki, o zamanlar nsanlar miqrenin isterik bir xəstəlik olduğunu düşünürdülər və qadınlarda isterik tutmaların daha çox olduğunu miqren ilə əlaqələndirirdilər.
Bu gün dünyada çox az universitetdə güclü miqren tədqiqat mərkəzləri var və miqrenə bəzi digər nevroloji xəstəliklərlə müqayisədə daha az investisiya qoyulur. Halbuki, miqren insan həyatının ən məhsuldar illərində, 20-50 yaş aralarında rastlandığı üçün həyat və iş keyfiyyətləri dəfələrlə aşağı düşür. Reproduktiv yaşda olan bəzi qadınlar "menstrual miqren" adlanan xəstəlikdən də əziyyət çəkirlər. Hormonların menstrual miqren tutmalarının artırdığına inanılır və bu tutmalar menstruasiya zamanı daha da artır. Tutmalar başgicəllənmə, qusma, mədə ağrısı, səsə və işığa həssaslıq kimi simptomlarla müşahidə edilir. Qreqori Dussor bütün miqren tutmalarının çox mürəkkəb olduğunu bildirir və deyir k, miqren sadəcə ağrı deyil, baş ağrısından əvvəl baş verən bir sıra hadisələrdir.
Miqrenin oyanmasını yaradan səbəblər çox müxtəlifdir. Bəzi xəstələr yuxusuzluq və aclığın miqrenə səbəb olduğunu düşünür, digərləri isə şokolad, pendir, qəhvə və ya şərab kimi amilləri qeyd edirlər. Bundan əlavə, xəstələrin böyük əksəriyyəti stressin də tutmalara səbəb olduğunu bildirir.
Lalə Mehralı
Onlar burada ən azı 160 ildir ki, yaşayırlar…
Hətta sağlam insanlar belə fast food-dan xəstəliklərə tutulma riski altındadır...
Kometa gözlənilmədən fırlanma istiqamətini dəyişib...
Yuxusuzluq dərhal bədənə təsir edir...