PDF Oxu

Cəmiyyət

  • 510

Cənub Qaz Dəhlizi və yaşıl enerji gündəliyi - ŞƏRH

image

Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclası Azərbaycanın beynəlxalq enerji siyasətində mühüm platforma kimi çıxış etdiyini bir daha nümayiş etdirdi. Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizin enerji təhlükəsizliyinin təmin olunmasında, regional əməkdaşlığın genişləndirilməsində və Avropanın enerji xəritəsində etibarlı tərəfdaş kimi rolunun getdikcə daha da gücləndiyini vurğuladı.Prezident İlham Əliyev çıxışında bildirdi ki, Cənub Qaz Dəhlizi qlobal enerji təhlükəsizliyi baxımından strateji layihədir və bu təşəbbüs artıq bir neçə ölkəni və böyük enerji şirkətlərini birləşdirən geniş beynəlxalq əməkdaşlıq platformasına çevrilib. Dövlət başçısı qeyd etdi ki, Azərbaycanın zəngin enerji ehtiyatları, vaxtında və uğurla reallaşdırılmış infrastruktur layihələri ölkəmizi Avropa üçün mühüm qaz təchizatçılarından birinə çevirib.

Prezident vurğuladı ki, Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən bu layihə təkcə enerji mənbələrinin şaxələndirilməsinə deyil, həm də tərəfdaş ölkələrin enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə xidmət edir. Bu gün Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycan qazı bir sıra Avropa ölkələrinə çatdırılır və gələcəkdə bu coğrafiyanın daha da genişləndirilməsi nəzərdə tutulur.Dövlət başçısı çıxışında Azərbaycanın enerji siyasətində yeni istiqamətlərdən biri kimi yaşıl enerji gündəliyinə də xüsusi diqqət ayırdı. Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycan təkcə ənənəvi enerji resurslarının ixracatçısı deyil, eyni zamanda bərpa olunan enerji sahəsində də böyük potensiala malik ölkədir. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının “yaşıl enerji zonası” elan olunması, Xəzər dənizinin külək enerjisi potensialı və beynəlxalq tərəfdaşlarla həyata keçirilən layihələr bu istiqamətdə mühüm addımlar kimi qiymətləndirildi.

Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan Avropa ilə enerji əməkdaşlığını yeni mərhələyə çıxarmağı hədəfləyir və bu əməkdaşlıq təkcə qaz təchizatı ilə məhdudlaşmayacaq. Gələcəkdə yaşıl enerjinin istehsalı, ötürülməsi və ixracı sahəsində də geniş layihələrin həyata keçirilməsi planlaşdırılır.Dövlət başçısı vurğuladı ki, Azərbaycanın həyata keçirdiyi enerji strategiyası uzunmüddətli sabitlik, qarşılıqlı etimad və tərəfdaşlıq prinsiplərinə əsaslanır. Bu baxımdan Bakı platforması artıq regional və qlobal enerji siyasətinin müzakirə olunduğu mühüm dialoq məkanına çevrilib.

Sonda Prezident İlham Əliyev iştirakçı ölkələr və beynəlxalq təşkilatlarla əməkdaşlığın daha da gücləndiriləcəyini bildirərək, birgə səylərin enerji təhlükəsizliyi və dayanıqlı inkişaf məqsədlərinə xidmət etdiyini qeyd etdi. Bakıda keçirilən bu iclaslar bir daha göstərdi ki, Azərbaycan həm ənənəvi enerji resurslarının təminatında, həm də yaşıl enerji keçidində regionun aparıcı ölkələrindən biridir.

Lalə İskəndərova

YAP Qusar rayon təşkilatının məsləhətçisi

Digər xəbərlər