PDF Oxu

Cəmiyyət

  • 603

“ Heydər Əliyev və Novruz bayramı” - FOTOLAR

image

11 mart 2026-cı il tarixdə Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatı Aparatında “Biz Heydər Əliyev irsini öyrənirik” məktəbinin “Heydər Əliyev və Novruz bayramı” mövzusunda növbəti seminarı keçirilib. Seminarda əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev məruzə ilə çıxış edərək bildirdi ki, Azərbaycan xalqı tarix boyu haqq-ədaləti, mənəviyyatı əsas tutmaqla bütün xalqlarla dostluq, həmrəylik və əmin-amanlıq şəraitində yaşamağa üstünlük vermişdir. Bu şərtlər eyni zamanda xalqımızın qədim ənənəsi olan Novruz ənənələrində də geniş şəkildə əks olunur. Milli varlığımızın ayrılmaz parçası olan, keçmişdən bu günədək yad təsirlərdən qoruyub yaşatdığımız Novruz ənənələri milli-mənəvi sərvətlərimizə hörmətin yüksək ifadəsi və dünya mədəniyyətinə bəxş etdiyimiz qiymətli töhfə­dir.

Seyfəddin Əliyev qeyd etdi ki, 21 mart 2000-ci il tarixində Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edərkən Ulu Öndər Heydər Əliyev öz çıxışında demişdir: “Novruz bayramının bizə bəxş etdiyi ən gözəl nemət ondan ibarətdir ki, qədim zamanlardan bu bayramda insanlar kin-küdurəti unudur, küsülülər barışır, ziddiyyətlər aradan götürülür. Demək, bu, dostluq, həmrəylik, yüksək mənəviyyat bayramıdır”. Novruz təkcə onu keçirən türk xalqlarının deyil, ümumilikdə bəşəriyyətin mənəvi dəyəri hesab edilir. İslamdan əvvəlki tarixi dövrə təsadüf olunan Novruz bayramı Azərbaycanla yanaşı bütün Şərqdə qeyd olunur.

Təşkilat sədri nitqində vurğuladı ki, Milli-mənəvi dəyərlərimizdən olan Novruz ənənələrinə xüsusi önəm verən Ulu Öndər Heydər Əliyevin “Gün o gün olacaq ki, Novruz bayramını Şuşada, Laçında, Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik” ifadəsini və Azərbaycan xalqının arzularını qürurla “ata vəsiyyətini yerinə yetirdim” deyən Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyev reallaşdırdı. Müzəffər Azərbaycan Ordusu doğma torpaqlarımızı işğaldan azad etdi və biz bu gün həmin ərazilərdə Novruz bayramını qeyd edirik. Bu gün biz xöşbəxt xalqıq ki, həmin torpaqlarda Novruz bayramını qalib xalq olaraq qeyd edirik. Bunun üçün Müzəffər Ali Baş Komandan İlham Əliyevə minnətdarıq və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizə, sağlamlığını itirmiş qəhrəman döyüşçülərimizə borcluyuq.

Masallı Dövlət Regional Kollec ərazi partiya təşkilatının sədr müavini Dilarə Hüseynova çıxış edərək bildirdi ki, Ümummilli Lider Heydər Əliyev bütün varlığı, qəlbi, ruhu ilə doğma xalqına, onun milli adət-ənənələrinə, əxlaqi dəyərlərinə bağlı olan böyük tarixi şəxsiyyət idi. Ulu Öndər Novruz bayramında xalqın arasında olmaqdan sonsuz qürur hissi keçirər, bu əlamətdar gün münasibətilə təşkil olunan təntənəli tədbirlərdə iştirak edərdi. Belə tədbirlərin birində Ulu Öndər Heydər Əliyev Novruz bayramındakı çıxışında demişdir: “Novruz bayramı Azərbaycan xalqının, azərbaycanlıların ən əziz bayramıdır. Hər xalqın tarixboyu yaranmış və ənənəyə çevrilmiş bayramları vardır. Azərbaycan xalqının da bayramları vardır. Bunların bir qismi dövlət bayramlarıdır, bir qismi xalq, din bayramlarıdır. Bütün bu bayramların içərisində millətimiz üçün, xalqımız üçün, hər bir azərbaycanlı üçün ən əziz, ən doğma, ən sevimli bayram Novruz bayramıdır”.

Seminarda iştirak edən Hasil Baxışov, Fariz Kərimov və başqaları çıxış edərək qeyd etdilər ki, Novruz bayramı xalqımızın milli həmrəyliyinin rəmzidir. Xalqımız və Dövlətimiz var olduqca Novruz bayramının adət-ənənələri, onun yaratdığı mədəni sərvətlər də bizimlə yaşayacaqdır.

Digər xəbərlər