PDF Oxu

Cəmiyyət

  • 277

Regional təhlükəsizlik Azərbaycan üçün əsas məsələdir - ŞƏRH

image

XIII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev beynəlxalq əməkdaşlıq, regional təhlükəsizlik və Azərbaycanın keçdiyi tarixi yol haqqında mühüm fikirlər səsləndirib. Prezident ilk növbədə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyətini yüksək qiymətləndirərək qurumun beynəlxalq nüfuzundan danışıb.

Dövlət başçısı çıxışında Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri xanım Vayra Vike-Freyberqa və cənab İsmayıl Serageldinə, həmçinin İdarə Heyətinin üzvlərinə və Mərkəzin bütün kollektivinə uzun illər ərzində göstərdikləri səmərəli fəaliyyətə görə minnətdarlığını bildirib. Prezident qeyd edib ki, bu gün Nizami Gəncəvi Beynəlxalq Mərkəzi geniş spektrli məsələləri əhatə edən və yüksək beynəlxalq nüfuza malik aparıcı beynəlxalq təşkilatlardan birinə çevrilib.

Prezident İlham Əliyev çıxışı zamanı regional təhlükəsizlik məsələsinə də xüsusi diqqət yetirib. O vurğulayıb ki, regional təhlükəsizlik Azərbaycan üçün hər zaman bir nömrəli məsələ olub. Prezident qeyd edib ki, Bakıda keçirilən bir çox beynəlxalq forumlarda çıxış edərkən dəfələrlə Azərbaycanın əsas prioritetinin sülh və suverenliyinin bərpası olduğunu bildirib.

Dövlət başçısı bildirib ki, işğal dövründə Azərbaycan üçün əsas məqsəd ölkənin suverenliyinin və ərazi bütövlüyünün bərpa edilməsi idi. Bu proses uzun illər, təxminən 30 il davam edib. Prezidentin sözlərinə görə, Azərbaycan bu məqsədə BMT Nizamnaməsinin 51-ci maddəsində nəzərdə tutulan özünümüdafiə hüququ çərçivəsində nail olub.

Prezident qeyd edib ki, işğal dövründə Azərbaycanın ərazilərinin təxminən 20 faizi Ermənistan silahlı qüvvələrinin nəzarəti altında olub. Bu müddət ərzində milyonlarla insan etnik təmizləməyə məruz qalıb və öz doğma yurd-yuvalarından didərgin düşüb. Bununla yanaşı, beynəlxalq ictimaiyyətin bu məsələyə lazımi diqqət yetirməməsi və bəzi beynəlxalq təşkilatların selektiv yanaşması Azərbaycan üçün ciddi problemlər yaradıb.

Dövlət başçısı xüsusilə vurğulayıb ki, BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərindən çıxarılmasını tələb edən qətnamələri uzun illər yalnız kağız üzərində qalıb və icra olunmayıb. Bu isə beynəlxalq hüququn tətbiqi baxımından mənfi təcrübə kimi qiymətləndirilir.

Prezident İlham Əliyev 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsinin Azərbaycanın tarixində mühüm mərhələ olduğunu qeyd edib. O bildirib ki, Azərbaycan Ordusu bu müharibə nəticəsində işğal altında olan əraziləri azad edib və ölkənin suverenliyi bərpa olunub.

Prezidentin sözlərinə görə, əgər sülh yolu ilə həll üçün bütün imkanlar tükənirsə, lakin həqiqət və beynəlxalq hüquq sizin tərəfinizdədirsə, sülhə nail olmaq üçün gücdən istifadə etmək zəruri ola bilər. Azərbaycan da məhz belə bir şəraitdə öz torpaqlarını azad edib.

Sonda Prezident vurğulayıb ki, Azərbaycan əvvəlcə hərbi yolla torpaqlarını işğaldan azad edib, daha sonra isə siyasi və diplomatik yollarla Ermənistanla sülhə nail olub. Bu təcrübə müasir tarixdə nadir hallarda rast gəlinən bir nümunə kimi qiymətləndirilir və Azərbaycanın öz suverenliyini və ərazi bütövlüyünü bərpa etməsinin göstəricisidir.

Vüsal Hüseynov

YAP Xocavənd rayon təşkilatının sədri

Digər xəbərlər