PDF Oxu

Cəmiyyət

  • 763

Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığında yeni mərhələ - ŞƏRH

image

Martın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta arasında keçirilən görüş və səsləndirilən birgə bəyanat Azərbaycan–Aİ münasibətlərinin inkişafında mühüm siyasi hadisə kimi qiymətləndirilir. Görüş zamanı tərəflər Azərbaycan ilə Avropa İttifaqı arasında tərəfdaşlığın strateji əhəmiyyətini xüsusi vurğulayaraq əməkdaşlığın daha da genişləndirilməsinə sadiq olduqlarını bildiriblər. Prezidentlər qeyd ediblər ki, son dövrlərdə təhlükəsizlik, enerji və nəqliyyat sahələrində keçirilən yüksəksəviyyəli görüşlər tərəflər arasında münasibətlərin müsbət dinamika ilə inkişaf etdiyini göstərir. Bu dinamika siyasi dialoqun və praktiki əməkdaşlığın daha da dərinləşdirilməsi üçün geniş imkanlar yaradır. Azərbaycan ilə Avropa İttifaqı arasında qurulan bu əməkdaşlıq hər iki tərəfin ortaq maraqlarına xidmət edir və regional əməkdaşlığın genişlənməsinə mühüm töhfə verir.

Birgə bəyanatda vurğulanıb ki, Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı təkcə iki tərəf üçün deyil, həm də geniş region üçün böyük əhəmiyyət daşıyır. Bu əməkdaşlıq Qara dəniz, Cənubi Qafqaz və Mərkəzi Asiya regionlarında sülhün, sabitliyin və davamlı inkişafın təşviqinə xidmət edir. Eyni zamanda nəqliyyat və logistika əlaqələrinin inkişafı regionlar arasında iqtisadi inteqrasiyanın güclənməsinə və beynəlxalq daşımaların genişlənməsinə imkan yaradır.

Prezidentlər münasibətlərin beynəlxalq hüququn prinsiplərinə əsaslandığını da xüsusi qeyd ediblər. Tərəflər bir daha təsdiq ediblər ki, Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasındakı münasibətlər qarşılıqlı hörmət, bərabərlik və ortaq fayda prinsipləri üzərində qurulub. Bu münasibətlər Birləşmiş Millətlər Təşkilatı Nizamnaməsinə, o cümlədən dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərinə tam hörmət əsasında inkişaf etdirilir.

Görüşdə həmçinin Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlərin daha da möhkəmləndirilməsi üçün yeni hüquqi çərçivənin formalaşdırılması məsələsi də müzakirə olunub. Prezidentlər yeni və əhatəli ikitərəfli saziş üzrə danışıqların tezliklə yekunlaşdırılmasının vacibliyini vurğulayaraq bu istiqamətdə səylərin davam etdiriləcəyini bildiriblər. Bu saziş iki tərəf arasında əməkdaşlığın daha sistemli və uzunmüddətli inkişafına xidmət edəcək.

Bununla yanaşı, tərəflər yenilənmiş Azərbaycan–Avropa İttifaqı Tərəfdaşlıq prioritetlərinin qəbul edilməsinin əhəmiyyətini də qeyd ediblər. Bildirilib ki, mövcud dialoq mexanizmlərindən, xüsusilə Azərbaycan–Avropa İttifaqı Əməkdaşlıq Şurasından səmərəli istifadə ikitərəfli münasibətlərin bütün istiqamətlər üzrə inkişafına əlavə təkan verəcək.

Ümumilikdə, martın 11-də keçirilən bu görüş və səsləndirilən birgə bəyanat Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu göstərir. Bu əməkdaşlıq regionda sabitliyin möhkəmlənməsinə, iqtisadi inkişafın sürətlənməsinə və beynəlxalq tərəfdaşlığın genişlənməsinə mühüm töhfə verməkdə davam edəcək.

Sona Əsədova

YAP Naxçıvan şəhər təşkilatının fəalı

Digər xəbərlər