PDF Oxu

Cəmiyyət

  • 889

15 İyun – Milli Qurtuluş Günü: Azərbaycanın xilası və dirçəlişinin başlanğıcı

image

Hər bir xalqın həyatına, taleyinə xoş günlər nəsib olur. Hətta elə olur ki, həmin gün xalqın müqəddəratını həll edir, öz dəyəri, məna-məzmunu və tutumuna görə əsrə bərabər tutulur. Hər il iyunun 15-də qeyd etdiyimiz Milli Qurtuluş Günü xalqımızın taleyində əsl dönüşə çevrilən belə günlərdəndir. Məhz 15 iyun 1993-cü il tarixindən Azərbaycanın dünya birliyi tərəfindən daha ciddi surətdə qəbul edilməsinə başlanılmışdır. Xalqımız həmin günü bütün dünyaya öz kimliyini bir daha göstərə bildi, ümumxalq iradəsinin nəyə qadir olduğunu sübut etdi.

Tarixə Milli Qurtuluş Günü kimi daxil olmuş 1993-cü ilin 15 iyunundan bizi 33 illik bir zaman ayırır. Şübhəsiz, bu, bir dövlətin tarixi baxımından qısa bir zamandır. 1993-cü il Azərbaycanın dövlət müstəqilliyi tarixində ən mürəkkəb və həlledici il olmuşdur.

Qurtuluş Günündən ötən bu illər çox şeyi dəyişmişdir. Xalqımız milli dövlətini yaratmış və öz xilaskarının fəaliyyəti nəticəsində bu dövləti əbədi etmişdir.
Məlum olduğu kimi, Azərbaycan xalqı və dövləti üçün 1990-cı illərin əvvəlləri olduqca ağır bir dövr idi. Sovet İttifaqının rəhbərlərindən biri olan xalqımızın müdrik oğlu Heydər Əliyev ermənipərəst Mixail Qorbaçovun təkidi ilə öz vəzifəsindən istefa verəndən sonra onu doğma Vətən xilası üçün çağırdı. 1990-cı ilin qanlı Yanvar günlərində Ulu Öndər heç bir təqib və təzyiqdən çəkinməyərək Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəldi, Bakıda imperiya tərəfindən törədilən vəhşilikləri pisləyən kəskin bəyanat verdi. Bundan sonra Ulu Öndər Moskvada qala bilməzdi. Təəssüf ki, həmin dövrdəki Azərbaycan rəhbərliyi də ona maneələr yaradırdı. Buna baxmayaraq, Heydər Əliyev dünyaya göz açdığı ana vətəni – Naxçıvana qayıtdı.

Vətənə qayıdan Ulu Öndəri həmin vaxt xalqının düşdüyü ağır vəziyyət narahat edirdi. Xalq Heydər Əliyevi siyasi həyatda fəaliyyət göstərməyə təkidlə çağırırdı. Bu da təsadüfi deyildi. Müdrik xalqımız yaxşı bilirdi ki, belə ağır və məşəqqətli zamanlarda ona Heydər Əliyev kimi dahi bir şəxsiyyət, lider lazımdır. Heydər Əliyev respublikanın və Naxçıvanın ali qanunverici orqanlarının deputatı, daha sonra isə Muxtar Respublika Ali Məclisinin sədri seçilərək Naxçıvanı erməni işğalı təhlükəsindən xilas etdi.

Böyük insanın Naxçıvanda yaşadığı dövrdə, 1991-ci il oktyabrın 18-də Azərbaycan XX əsrdə ikinci dəfə dövlət müstəqilliyini elan etdi. Müstəqilliyin əldə edilməsi çətin olsa da, onun qorunub saxlanılması daha çətin idi.

Azərbaycan xalqı yaxşı bilirdi ki, Heydər Əliyevin ideyaları Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında da uğurla həyata keçiriləcək. Artıq beş ildir ki, Azərbaycan xalqı 15 İyun – Milli Qurtuluş Gününü daha yüksək əhvali-ruhiyyə və böyük qürur hissi ilə qeyd edir. Ulu Öndərin ən böyük arzusu Azərbaycanı bütöv görmək idi. Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu 44 gün ərzində düşmən ordusunu darmadağın etdi. Beləliklə, Ümummilli Lider Heydər Əliyevin arzuları reallaşdı, Prezident İlham Əliyev ata vəsiyyətini yerinə yetirdi. Bu gün Şuşada, Laçında, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda, Kəlbəcərdə və Xankəndidə üçrəngli bayrağımız qürurla dalğalanır.

Reallıq odur ki, Ulu Öndər Heydər Əliyevin ideyaları Azərbaycanı zirvədən-zirvəyə, qələbədən-qələbəyə aparmaqdadır. Azərbaycanın əldə etdiyi uğurlar, qazandığı zəfərlər əminliklə deməyə əsas verir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə xalqımız daha yüksək zirvələr fəth edəcək.

Nə qədər ki, Azərbaycan var, Heydər Əliyev də yaşayacaq. Onun ideyaları və əməlləri yaşayacaq, bizi daim doğru yolla irəli aparacaqdır.

Mahiyəddin Mazanov
Yeni Azərbaycan Partiyası Goranboy rayon təşkilatının əməkdaşı

Digər xəbərlər