20 Sentyabr-Dövlət Suverenliyi Günü ərəfəsində Yeni Azərbaycan Partiyası (YAP) Qaradağ rayon təşkilatının gənc fəalları, qazilər və orta məktəblərin hərbi fənn müəllimlərinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərb Tarixi Muzeyinə ekskursiyası təşkil olunub. Qrup üzvləri həmin gün Zəfər parkına da baş çəkiblər.
Azərbaycan Hərb Tarixi Muzeyinə gələn ziyarətçilərə bildirilib ki, bu mədəniyyət ocağı ordumuzun şanlı tarixinin təbliğində mühüm rol oynayır. Mütəmadi olaraq ekskursiyaların təşkil edildiyi muzeydə Azərbaycan ordusunun tarixi ilə bağlı maraqlı eksponatlar sərgilənir. Muzeyin eksponatları arasında Azərbaycan Ordusunun tarixi Qələbəsi ilə başa çatan 44 günlük Vətən müharibəsində istifadə edilən silah-sursat və digər əşyalar xüsusilə maraq doğurur.
Qeyd edilib ki, Azərbaycan Hərb Tarixi Muzeyi müdafiə nazirinin əmri ilə 1992-ci il dekabrın 10-da yaradılıb. Hazırda muzey 13 zaldan ibarətdir. Muzeyin daxili ekspozisiyasında Azərbaycan hərb tarixinə dair ən qədim dövrdən günümüzə qədər eksponatların yer aldığı “Qədim və orta əsrlər”, “1747-1918-ci illər”, “1918-1920-ci illər”, “1920-1939-cu illər”, “1939-1945-ci illər”, “1946-1990-cı illər”, “Müasir dövr”, “Heydər Əliyev”, “Quru Qoşunları”, “Hərbi Hava Qüvvələri”, “Hərbi Dəniz Qüvvələri” zalları mövcuddur. Zalların hər birində ordumuz yarandığı gündən etibarən ona məxsus silah-sursat və digər avadanlıqlar sərgilənir. Muzeydə tariximizin müxtəlif mərhələlərinə aid 13 minədək hərbi nümunə ziyarətçilər tərəfindən böyük maraqla qarşılanır.
YAP Qaradağ rayon təşkilatının fəalları muzeyin müxtəlif dövrlərdə Azərbaycan ordusunun tarixini əks etdirən eksponatlarla maraqla tanış olublar.
Qonaqlara məlumat verilib ki, Azərbaycanın ən müasir tarixinin böyük bir mərhələsi, o cümlədən ordu quruculuğu Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Muzeyin “Heydər Əliyev” zalında Ulu Öndərin həyat və fəaliyyətinə həsr olunmuş eksponatlar sərgilənir. Burada Heydər Əliyevin general-mayor hərbi geyiminin nümunəsi, təltif və mükafatları, onun yaradıcısı olduğu məktəblərə məxsus bayraq və emblemlər, arxiv sənədləri, kitab və jurnallar, şəkillər nümayiş olunur.
Həmin gün YAP Qaradağ rayon təşkilatının gənc fəalları Zəfər parkını da ziyarət ediblər.