PDF Oxu

Cəmiyyət

  • 1 115

Xərçəngə gedən yol həm də infeksiyadan keçir

Xərçəngə gedən yol həm də infeksiyadan keçir

2024-cü ildə dünyada qeydə alınan yeni xərçəng xəstəliklərinin təxminən 12 faizi infeksion amillərlə əlaqəli olub. Bu, təqribən 2,3 milyon yeni xəstəlik deməkdir. Nəticələr Beynəlxalq Xərçəng Araşdırmaları Agentliyinin (IARC) The Lancet Oncology jurnalında dərc olunan tədqiqatında əksini tapıb.

Tədqiqatçılar bildirirlər ki, bəzi viruslar, bakteriyalar və parazitlər müəyyən xərçəng növlərinin yaranma riskini artıra bilər. Bununla belə, infeksiyaya yoluxan hər kəsdə xərçəng inkişaf etmir. Risk infeksiyanın növündən, orqanizmin xüsusiyyətlərindən və digər amillərdən asılıdır. Araşdırmada xərçənglə əlaqəsi müəyyən edilmiş bir sıra infeksion amillər nəzərdən keçirilib. Onların arasında insan papilloma virusu (HPV), Helicobacter pylori bakteriyası, hepatit B və C virusları, eləcə də Epşteyn–Barr virusu xüsusi yer tutur.

HPV uşaqlıq boynu xərçənginin əsas səbəblərindən biridir. Bu virus bəzi digər xərçəng növlərinin yaranmasında da rol oynaya bilər. Mədə-bağırsaq sistemində infeksiyaya səbəb ola bilən Helicobacter pylori bakteriyası isə bəzi hallarda mədə xərçənginin inkişafı ilə əlaqələndirilir. Hepatit B və C virusları qaraciyərin uzunmüddətli zədələnməsinə və qaraciyər xərçəngi riskinin artmasına səbəb ola bilər.

Epşteyn–Barr virusu geniş yayılmış infeksiyalardandır. Əksər hallarda ciddi fəsad yaratmasa da, müəyyən şəraitdə bəzi xərçəng növlərinin inkişafında iştirak edə bilər. IARC-nin araşdırmasına əsasən, 2024-cü ildə infeksiyalarla əlaqəli xərçəng hadisələrinin ən böyük hissəsi Helicobacter pylori, HPV, hepatit B, Epşteyn–Barr və hepatit C viruslarının payına düşüb.

Mütəxəssislərin fikrincə, infeksiyalarla əlaqəli xərçəng hallarının bir hissəsinin qarşısını mövcud profilaktik tədbirlərlə almaq mümkündür. HPV və hepatit B-yə qarşı peyvəndləmə bu istiqamətdə mühüm vasitələrdəndir. Eyni zamanda, uşaqlıq boynu xərçənginin erkən aşkarlanması üçün tövsiyə olunan müayinələr, hepatitlərin və digər infeksiyaların vaxtında müəyyənləşdirilməsi, eləcə də müvafiq müalicə tədbirləri riskin azaldılmasına kömək edir.

Tədqiqatçılar vurğulayırlar ki, profilaktik imkanlar mövcud olsa da, onların əlçatanlığı ölkələr arasında fərqlənir. Xüsusilə aşağı və orta gəlirli ölkələrdə peyvəndləmə və erkən diaqnostika xidmətlərinə çıxışın məhdud olması infeksiyalarla əlaqəli xərçəng yükünün yüksək qalmasına səbəb olur.

Araşdırmanın nəticələri göstərir ki, xərçənglə mübarizə yalnız xəstəlik yarandıqdan sonra müalicə ilə məhdudlaşmamalıdır. Peyvəndləmə, müntəzəm tibbi müayinələr, infeksiyaların vaxtında aşkarlanması və müalicəsi ictimai səhiyyənin əsas istiqamətləri sırasında yer almalıdır. Alimlərin qənaətinə görə, elmi sübutlara əsaslanan profilaktik tədbirlərin daha geniş tətbiqi gələcəkdə infeksiyalarla əlaqəli xərçəng hallarının azalmasına kömək edə bilər.

Lalə Mehralı

Digər xəbərlər