XII Bakı Beynəlxalq Kitab Sərgisi ilə bağlı mətbuat konfransı keçirilib.SİA xəbər verir ki, mətbuat konfransında mədəniyyət nazirinin müşaviri Orxan Fikrətoğlu və Mədəniyyət Nazirliyinin Azərbaycan dili və ədəbiyyatı siyasəti şöbəsinin müdiri Vasif Qurbanzadə sərginin təşkili, məqsədləri və gözləntilər barədə ətraflı məlumat veriblər.Orxan Fikrətoğlu çıxışı zamanı kitab sənayesinin formalaşdırılmasının, Azərbaycan ədəbiyyatının beynəlxalq səviyyədə tanıdılmasının və xarici ədəbi yeniliklərin ölkəmizə gətirilməsinin mühüm əhəmiyyət daşıdığını bildirib. O, yazıçıların, naşirlərin və kitab mağazası sahiblərinin fəaliyyətinin beynəlxalq hüquq normaları çərçivəsində tənzimlənməsinin vacibliyini vurğulayıb.Nazir müşaviri qeyd edib ki, yazıçılarla naşirlər arasında müqavilə şərtləri, müəllif hüquqları, kitab mağazalarının və kitabxanaların fəaliyyəti, eləcə də dövlətin bu sahədəki iqtisadi münasibətlərdə iştirakı aydın hüquqi mexanizmlərlə tənzimlənməlidir.O, həmçinin insanın yaddaşının və milli kimliyinin formalaşmasında kitabın roluna toxunaraq, müasir texnologiyaların inkişafına baxmayaraq, milli-mənəvi dəyərlərin nəsildən-nəslə ötürülməsində kitabın və şifahi xalq yaradıcılığının xüsusi əhəmiyyət daşıdığını bildirib.Vasif Qurbanzadə isə builki sərgidə 32 xarici ölkənin nümayəndələrinin iştirak etdiyini qeyd edib. Onun sözlərinə görə, bu, Bakı Kitab Sərgisinə beynəlxalq marağın göstəricisidir.Şöbə müdiri sərgiyə marağın artmasını kitab prosesinə bağlılıq, kitabın mənəvi məsuliyyətini dərk etmək və bu istiqamətdə inamla fəaliyyət göstərməklə əlaqələndirib.O bildirib ki, XII Bakı Beynəlxalq Kitab Sərgisi uşaqlara, gələcək nəsillərə və gələcəyə həsr olunub. Vasif Qurbanzadə sərginin mövzusunun onda şəxsi xatirələrini canlandırdığını da diqqətə çatdırıb.“Bu gün qalib ordunun, öz ərazi bütövlüyünü təmin etmiş dövlətin vətəndaşları olaraq XII kitab sərgisini kitablarımıza, gələcəyimizə həsr edirik”, – deyə o bildirib.Mətbuat konfransının sonunda jurnalistlərin sualları cavablandırılıb.Qeyd edək ki, oktyabrın 21-dən 27-dək davam edəcək sərgidə 30 xarici ölkədən 59 təşkilatın, eləcə də 147 yerli nəşriyyat-poliqrafiya müəssisəsi və kitab sənəti ilə əlaqəli təşkilatın iştirakı nəzərdə tutulur.Tədbirdə Azərbaycanın xalq yazıçıları və şairləri, tanınmış gənc yazarlarla yanaşı, Türkiyə, ABŞ, Norveç, İngiltərə, Polşa, Səudiyyə Ərəbistanı və digər ölkələrdən görkəmli yazarların və elm adamlarının da iştirakı gözlənilir.
Müəllif: Günel Fərzəliyeva
Həkimlər dörd Sankt-Peterburq sakininə diaqnoz qoyulub...