Prezident İlham Əliyevin 19 oktyabr 2026-cı il tarixli fərmanı ilə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyinə verildi. Eyni qərarla səhiyyə naziri Teymur Musayev vəzifəsindən azad edilərək Baş nazirin müavini təyin olundu. Azərbaycan Respublikasının yeni səhiyyə naziri isə Anar Məhərrəm oğlu Bayramov təyin edildi.
Səhiyyə sistemində həyata keçirilən institusional dəyişiklikləri ayrı-ayrı qərarlar kimi deyil, ölkənin səhiyyə siyasətinin inkişaf mərhələləri kimi qiymətləndirmək lazımdır. Bu baxımdan deyə bilərik ki, TƏBİB-in yaradılması və sonradan Səhiyyə Nazirliyinin tabeliyinə verilməsi bir-birinə zidd addımlar deyil, dəyişən ehtiyaclara uyğun idarəetmə modelinin təkmilləşdirilməsidir.
TƏBİB-in yaradılması icbari tibbi sığortaya keçid dövrünün ən mühüm institusional addımlarından biri idi. Yeni maliyyələşmə modelinin tətbiqi dövlət tibb müəssisələrinin idarə olunmasında da fərqli yanaşmanı qaçılmaz edirdi. Tibbi xidmətlərin uçotunun aparılması, keyfiyyətə nəzarətin gücləndirilməsi, habelə maliyyə vəsaitlərindən səmərəli istifadə və müəssisələrin fəaliyyətinin əlaqələndirilməsi yeni idarəetmə mexanizminin formalaşdırılmasını zəruriləşdirmişdi. TƏBİB bu məqsədlə yaradılan institusional çərçivənin əsas elementlərindən birinə çevrildi.
Həmin dövrdə əsas vəzifə icbari tibbi sığortanın işlək mexanizmlərini formalaşdırmaq və dövlət tibb müəssisələrinin fəaliyyətini yeni sistemin tələblərinə uyğunlaşdırmaq idi. Bu baxımdan, TƏBİB-in yaradılmasını keçid mərhələsinin ehtiyaclarına cavab verən, keçid mərhələsini asanlaşdıran addım kimi qiymətləndirmək mümkündür.
Hazırda səhiyyə idarəçiliyində növbəti mərhələyə keçid gündəmdədir. TƏBİB-in Səhiyyə Nazirliyinin tabeliyinə verilməsi səhiyyə siyasətinin müəyyənləşdirilməsi ilə tibb müəssisələrinin fəaliyyəti arasında daha sıx əlaqə yaratmaq üçün imkanlar formalaşdıracaq. Vahid idarəetmə yanaşması tibbi xidmətlərin planlaşdırılmasını, resursların bölgüsünü və müəssisələr arasında koordinasiyanı daha səmərəli təşkil etməyə şərait yarada bilər.
Bu dəyişiklik xüsusilə regionlarda tibbi xidmətlərə əlçatanlığın artırılması, kadr və avadanlıq ehtiyaclarının düzgün müəyyənləşdirilməsi, xidmət keyfiyyətinə nəzarətin gücləndirilməsi baxımından da olduqca əhəmiyyətlidir. Bununla belə, mərkəzləşdirmənin uğuru yalnız inzibati strukturun dəyişməsi ilə ölçülməməlidir. Qurumlar arasında səlahiyyət bölgüsü aydın olmalı, qərarların qəbulu ləngiməməli və yerli ehtiyaclar da nəzərə alınmalıdır.
Eyni zamanda, icbari tibbi sığortanın maliyyələşmə mexanizmləri ilə tibb müəssisələrinin fəaliyyəti arasında koordinasiyanın qorunması da qarşıda duran ən vacib məsələlərdən biridir. Çünki əsas məqsəd idarəetmə strukturunu dəyişmək deyil, ayrılan resurslardan daha səmərəli istifadə etməklə vətəndaşlara göstərilən tibbi xidmətlərin keyfiyyətini yüksəltməkdir.
Qeyd etdiyimiz kimi, TƏBİB-in yaradılması icbari tibbi sığortaya keçidin institusional dayaqlarından biri, onun Səhiyyə Nazirliyinin tabeliyinə verilməsi isə daha əlaqələndirilmiş idarəetmə modelinə keçid kimi qiymətləndirilə bilər. İslahatın həqiqi uğuru vətəndaşların tibbi xidmətlərə daha rahat çıxışında, müalicənin keyfiyyətində, maliyyə şəffaflığında və səhiyyə sisteminin ümumi səmərəliliyində özünü göstərməlidir.
Lalə Mehralı
Həkimlər dörd Sankt-Peterburq sakininə diaqnoz qoyulub...