Dünyaya insan gəlir, alnına yazılan tale ilə. Lakin insan o taledən xəbərsiz bir ömür yaşayır. Bir an sonra nə olacağını əsla bilmədiyi alın yazısı ilə bir ömür...
İllər ötür... Yaxınlarımızdan avtomobil qəzasında dünyasını dəyişən, hər hansı bir xəstəliyin qurbanı olan olur. Ağacdan yıxılan, damdan düşən, gecə yatıb səhər oyanmayanlar olur. Onlar dünyalarını dəyişirlər, biz isə arxalarınca sadəcə bunu deyirik: alın yazısı belə imiş...
Bəli, biz alın yazılarımızdan xəbərsiz bir ömür yaşayırıq. Xəbərimiz olmur ki, hansı müharibələr, soyqırımlar, faciələr, fəlakətlər, daşqınlar, zəlzələlər bir gün gəlib kütləvi qırğınımıza da səbəb ola bilər. Minlərlə insan bir anın içindəcə dünyasını dəyişə bilər. Qardaş Türkiyədə olduğu kimi. Kim düşünərdi ki, 2023-cü il Türkiyənin 11 şəhəri üçün böyük bir fəlakətlə gələcək. Yanvar ötəcək, fevralın 6-da kiçik çillədə insanlar böyük bir çilə ilə üzləşəcək. Kim deyə bilərdi?..
Kiçik çillənin böyük çiləsi
Həmişə düşünürük ki, insanlar bir-birinə bənzəmədiyi kimi, onların alın yazısı da bir-birinə bənzəmir. Əslində Yaradan hər kəsi fərqli görünüşdə və fərqli taledə yaradır. Lakin sən demə minlərlə insanın həyatda son günü nə qədər bir-birinə oxşar yazılıbmış... Türkiyənin Kahramanmaraş, Hatay, Adıyaman, Qaziantep, Osmaniye, Adana, Şanlıurfa, Malatya, Diyarbəkir, Kilis, Elazığ şəhərlərində ötən il fevral ayının 6-da gecə saatlarında bir-birinin ardınca iki böyük zəlzələnin qurbanı olan minlərlə insanın oxşar sonu kimi...
Bu minlərin içərisində yaşlılar da vardı, cavanlar da, gənclər də, uşaqlar da. Hələ dünyanın eybəcərliklərindən xəbərsiz körpələr də vardı, hələ dünyaya gəlməsinə bir neçə ay qalan, ana bətnində dağıntılar altında qalan körpələr də vardı. Onlar müxtəlif talelərin insanları idilər. Lakin sonları eyni yazılmışdı. Onlar bir gecənin qurbanı olmalı idilər. Bu zəlzələ onların sonu olmalı idi. Dağıntılar altında qalıb günlərlə mücadilə edib həyatlarını itirməli idilər. Bax, onların alın yazısının oxşar tərəfləri bunlar idi.
Necə ki, zəlzələ dağıntıları altından çıxarılan insanların alın yazısının bir günlük oxşarlığı vardı, eləcə də çıxarıla bilməyənlərin. Çıxarılanlar, həyatı xilas edilənlər arasında da uşaqlar, gənclər, yaşlılar vardı. O gecə onların taleyində oxşar anları ortaya çıxaracaqdı. Onlar zəlzələnin dalğaları ilə dağıntılar altında qalacaq və xilas ediləcəkdilər. Həyatlarına qaldıqları yerdən davam edəcəkdilər.
Lakin həyatını itirən minlərlə insan o gecə minlərlə zəlzələyə məruz qalanlar kimi, dağıntılar altında qalsalar da, onlar kimi yenidən həyata qayıtmayacaqdı. Çünki onların alın yazısında 2023-cü ilin fevral ayının 6-sı həyatlarının son günü idi. 7.7 və 7.6 ballıq dağıdıcı zəlzələlər onları illərlə dişləri-dırnaqları ilə qurub-yaratdıqları evlərinin dağıntıları altına göməcəkdi.
Minlərlə həyatı nöqtələndirən gecə...
O gecə minlərlə həyat bir də həyata qayıtmayacaqdı. Minlərlə oxşar sonluq dağıntılar altında eyni qədəri paylaşacaqdı. Onlar üçün həyat artıq dünəndə qalmışdı. Son dəfə işə getmək, son dəfə məktəbə, dükana-bazara getmək... Son dəfə sevdiyi insanı görmək, onunla son dəfə danışmaq. Son dəfə şəhəri gəzmək, dostlarla görüşmək... Son dəfə oynamaq, uşaqlarla vaxt keçirmək. Minlərlə insanın həyatı bir gün əvvəldə qalmışdı. Onlar fevralın 6-sı üçün bu həyatda deyildilər. Dünən toyu olan da, dünən yeni yaşına girən də, dünən ilk dəfə işə başlayan, dünən ilk maaşını alan da, dünən ilk dəfə sevən, ilk dəfə sevilən o minlərin içərisində idi. Və o minlərin hər biri üçün artıq dünən vardı, bu gün yox idi.
Mərkəzi Kahramanmaraş olan, 11 vilayətdə baş verən və əsrin fəlakəti olaraq xarakterizə edilən 7,7 və 7,6 bal gücündə zəlzələlərdə 14 milyon insan bu zəlzələnin acılarına məruz qaldı, ölkədə 7 günlük milli matəm elan edildi.
O gecə saat 04.17-də Kahramanmaraşın Pazarcık rayonunda 7.7, Elbistan rayonunda isə 13.24-də 7.6 bal gücündə zəlzələ nəticəsində Kahramanmaraş ilə yanaşı, Hatay, Osmaniye, Adıyaman, Diyarbakır, Şanlıurfa, Qaziantep, Kilis, Adana, Malatya və Elazığda 53 min 537 nəfər fəlakətin qurbanı olaraq həyatını itirdi, 107 min 213 nəfər isə yaralandı.
Beynəlxalq yardım da daxil olmaqla, 93 ölkədən axtarış-xilasetmə qrupları bölgədəki işlərə qatıldı.
Türkiyəyə ən azı 100 milyard dollar maddi ziyan dəydi
Türkiyə mətbuatı yazır ki, Dünya Bankı və BVF-nin məlumatına görə, zəlzələ ölkə iqtisadiyyatına 100 milyard dollardan çox ziyan vurub. Zəlzələnin bilavasitə təsir etdiyi 11 əyalətdə çoxlu yaşayış evi, eləcə də məktəb və xəstəxanalar dağılmaqla yanaşı, bölgədəki infrastruktura, xüsusilə də yollara böyük ziyan dəyib. Belə ki, elektrik, su, internet, kanalizasiya, yol və nəqliyyat kimi infrastrukturun dağılması çoxsaylı problemlərin yaranmasına səbəb olub.
Türkiyə hökumətinin bildirdiyinə görə, bölgədə zəlzələlərin davam etməsi TOKİ-nin tikintisinin ləngiməsinin ən mühüm səbəblərindən biridir. Zəlzələdən zərər çəkmiş 11 şəhər son bir ildə 57 min 15 dəfə yenidən silkələnib.
Zəlzələdən sonra bütün dövlət qurumları, yerli idarələr, qeyri-hökumət təşkilatları və könüllülər səfərbər edilərək, bölgəyə su, qida, dərman və geyim ləvazimatları başda olmaqla, bütün yaşayış materialları ardıcıl şəkildə göndərilib.
Dağılmış 38 min 901 binada axtarış, məskunlaşdığı təsbit edilən 26 min binada isə axtarış-xilasetmə işləri aparılıb.
Müdaxilə işləri çərçivəsində bölgədə 11 min 488-i beynəlxalq personal, 35 min 250-si axtarış-xilasetmə və 142 min təhlükəsizlik işçisi olmaqla, cəmi 650 min personal çalışıb.
Bölgədə 350 çadır şəhərciyində 645 min çadır, 414 konteyner şəhərində isə 215 min 224 konteyner qurulub.
Bölgəyə 106 milyard 728 milyon lirə vəsait köçürülüb. Müvəqqəti sığınacaq xidməti çərçivəsində indiyədək 349 min ailəyə cəmi 14 milyard 453 milyon lirə “icarə dəstəyi ödənişi” edilib. Bu çərçivədə ev sahiblərinə 7 min 500 lirə, kirayəçilərə isə 5 min lirə kirayə dəstəyi ödənişi davam edir.
Digər yardım və ödənişlərlə birlikdə zəlzələ bölgəsinə ümumilikdə 106 milyard 728 milyon lirə vəsait köçürülüb.
Zəlzələ bölgəsində 2 milyon 302 min binada və 6 milyon 227 min müstəqil hissədə zərərin qiymətləndirilməsi aparılıb və indiyədək dağıntıların təmizlənməsi prosesinin yüzdə 91-i yerinə yetirilib.
Hüquqi araşdırmalar nəticəsində 389 mini yaşayış, 40 min 658 iş yeri və 11 min 531 təsərrüfat xarakterli obyekt olmaqla, cəmi 441 min 567 tikili üzərində sahiblik hüququ müəyyən edilib.
Zəlzələdən zərər çəkmiş vətəndaşların yaralarının sağaldılması istiqamətində aparılan işlər çərçivəsində zəlzələ bölgəsinin şəhər mərkəzlərində və kəndlərində 307 min evin tikintisinə başlanılıb.
Bu çərçivədə, yerində çevrilmə layihələrində 750 min lirə qrant, evlər üçün 750 min lirə kredit, 750 min lirə qrant, tövləli kənd evləri üçün 1 milyon lirə kredit və 400 min lirə qrant, iş yerləri üçün 400 min lirə kredit 2 il güzəştli dövr və 10 il faizsiz ödəmə müddəti ilə təqdim olunub.
22 gün və bu gün də hər an Türkiyə ilə
Bir il öncə, fevralin 6-sı zəlzələ baş verən gündən etibarən Azərbaycan hər an Türkiyənin yanında oldu. Bu, bir qonşuluq münasibəti, dostluq deyil, qardaşlığın göstəricisi idi. Bu, bir ürəkdə minlərlə döyüntünün göstəricisi idi.
Dövlətimizin başçısının, birinci vitse prezidentin göstərişi ilə Türkiyəyə milyonlarla manat dəyərində humanitar yardın göstərildi.
Zəlzələdən dərhal sonra bütün xalq ayağa qalxdı. Hər kəs öz əzizinə yardım göstərmək istədi. Zəlzələnin ilk günləri Bakıda və Naxçıvanda Türkiyəyə yardımla bağlı kadrları izləyərkən qürur hissi keçirirdik. İki dövlətin bir milləti olan insanların can yanğısı ilə əllərindən gələni zəlzələ bölgələrinə çatdırmaq cəhdi yaxınlarını orada düşdüyü ağır vəziyyətdən çıxarmağa böyüklü-kiçikli yardım idi.
Bu, bizim bir millət, qardaş, dost olmağımızla yanaşı, həm də oxşar taleyimizlə bağlı idi. Çünki 1990-cı illərin əvvəllərində soydaşlarımız ermənilər tərəfindən Qarabağdan zorla çıxarılanda onlar da belə ağır vəziyyətlə üz-üzə qalmışdılar. Evlərindən heç nə götürə bilməmişdilər. Qışın soyuğunda yalınqat bir paltarla yurdlarını tərk etməli olmuşdular. Onların əksəriyyəti meşə və dağlarda donaraq ölmüşdü.
Oxşar talelər belə hadisələr zamanı birləşir. Çünki hadisələr ayrı-ayrı olsa da, yaşananlar eyni idi. Bu səbəbdən də o ağır günləri yaşayan bir xalq kimi Türkiyədə zəlzələdən əziyyət çəkənlərə yardım edən ilk Azərbaycan oldu. Belə də olmalı idi. Çünki türklər bizim can qardaşımızdır. Onların kədəri də, sevinci də bizimlədir.
Dövlətimizin başçısı zəlzələnin ilk günündə də, sonra Türkiyənin Azərbaycandakı səfirliyində olarkən də, ötən il fevralın 25-də Türkiyəyə səfəri zamanı da Prezident Rəcəb Tayyib Ərdoğana bu böyük itki ilə bağlı başsağlığı verib, Azərbaycan xalqının Türkiyənin kədərinə şərik olduğunu bildirib. 5 fevral 2024-cü il tarixdə isə zəlzələnin birinci ildönümü ilə əlaqədar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana məktub göndərib.
Azərbaycan hazırda Kahramanmaraş vilayətində humanitar fəaliyyətini davam etdirərək burada aparılan yenidənqurma və bərpa işlərində, sosial obyektlərin inşasında yaxından iştirak edir.
Türkiyənin Kahramanmaraş vilayətində inşa olunan “Azərbaycan” yaşayış məhəlləsinin ümumi sahəsi 32 hektar təşkil edəcək. Layihəyə əsasən məhəllə yaşayış binaları, ibtidai məktəb və uşaq bağçası, mədəniyyət mərkəzindən ibarətdir. Yaşayış məhəlləsində 71 yaşayış binası inşa ediləcək. Bu binalarda 2, 3 və 4 otaqlı 1323 mənzil olacaq. Eyni zamanda, həmin ərazidə məskunlaşacaq sakinlərin iş yerləri ilə təmin olunması məqsədilə yaşayış binalarında 799 qeyri-yaşayış (ticarət) obyekti istifadəyə veriləcək. Layihənin 100 milyon ABŞ dolları məbləğində hissəsi Azərbaycan Hökuməti tərəfindən inşa olunacaq.
İki dövlət bir millətin kədəri bir-birinin kədəri, sevinci sevincidir. Ümidvarıq ki, böyük Türkiyə zəlzələnin nəticələrini qısa zamanda aradan qaldıracaq, 11 füsunkar şəhər yenə əvvəlki görkəminə qayıdacaqdır. Bu dəhşətli hadisə, əsrin fəlakəti heç vaxt unudulmayacaq. İtkilərin hər biri qəlbimizdə yaşayacaq. Ancaq nə etməli ki, həyat davam edir. Qoy həyatın davamında bu fəlakət Türkiyə üçün son olsun.
Mətanət Məmmədova
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...