Dünya

  • 2 342

Ərdoğan partiyasının TBMM-dəki toplantısında çıxış etdi

image

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bütün ölkələrlə dostluğu inkişaf etdirməyə, bölgədə və dünyada dostlarının sayını artırmağa çalışdıqlarını bildirib. SİA bu barədə Türkiyə saytlarına istinad edir.

Ədalət və İnkişaf Partiyasının da sədri olan Rəcəb Tayyib Ərdoğan partiyasının TBMM-də keçirilən toplantısında çıxış edib. Çıxışına Qərbi Trakyadakı türklərin əfsanəvi lideri mərhum Sadıq Əhmədin xatirəsini yad etməklə başlayan Rəcəb Tayyib Ərdoğan Qərbi Trakyadakı türk azlığının bu gün əldə etdiyi nailiyyətlərdə mərhum Sadıq Əhmədin böyük payı olduğunu bildirib.

Yunanıstan rəsmiləri ilə görüşlərdə Qərbi Trakyadakı soydaşların problemlərinin gündəmə gəldiyini açıqlayan Rəcəb Tayyib Ərdoğan deyib:"Xüsusən də din və ibadət azadlığı, təhsil haqları ilə bağlı məsələləri yaxından izləyirik. Yunanıstanın atdığı bütün addımları izləyir və lazım gəldikdə lazımi müdaxilələri edirik. İnşallah bundan sonra da Qərbi Trakyadakı türk azlığını qorumağa davam edəcəyik''.

Eyni vəziyyətin Kiprdəki türk xalqının qəsb edilmiş hüquqlarına da aid olduğunu vurğulayan Türkiyə Prezidenti deyib:"Biz Sülh Əməliyyatının 50-ci ildönümündə qarant ölkə kimi mövqeyimizi konkret şəkildə ortaya qoyduq''.

Şimali Kipr Türk Respublikasının daha çox tanınmasını hədəflədiklərini bildirən Rəcəb Tayyib Ərdoğan İslam Əməkdaşlıq Təşkilatı və Türk Dövlətləri Təşkilatı çərçivəsində atdıqları addımları davam etdirmək mövzusunda qətiyyətli olduqlarını bildirib.

Rəcəb Tayyib Ərdoğan bütün ölkələrlə dostluğu inkişaf etdirməyə, bölgədə və dünyada dostlarının sayını artırmağa çalışdıqlarını qeyd edib.

"Əl sıxmaq üçün uzadılan heç bir əli havada qoymuruq. Ortaq maraqlar və qarşılıqlı hörmət çərçivəsində hərəkət etsək, öhdəsindən gələ bilməyəcəyimiz heç bir maneə görmürük",-deyə Türkiyə Prezidenti vurğulayıb.