PDF Oxu

Dünya

  • 4 051

Mərkəzi Asiya uğrunda ABŞ-Aİ və RF-ÇXR arasında döyüş güclənir – ƏCNƏBİ EKSPERTLƏRİN RƏYİ

Mərkəzi Asiya uğrunda ABŞ-Aİ və RF-ÇXR arasında döyüş güclənir – ƏCNƏBİ EKSPERTLƏRİN RƏYİ

Son zamanlar ABŞ və Aİ getdikcə Rusiya və Çini Mərkəzi Asiyadan sıxışdırıb çıxarmağa çalışır. Bu barədə Rusiyanın “İzvestiya” nəşri yazır.

ABŞ-ın Qlobal İnfrastruktur və İnvestisiya üzrə Tərəfdaşlıq Proqramının Xüsusi Koordinatoru vəzifəsini müvəqqəti əvəz edən Helaine Matz G7 ölkələrinin regionda infrastruktur layihələrinin inkişafına və Mərkəzi Asiya ölkələrində iş yerlərinin yaradılması üçün 200 milyard dollara qədər sərmayə qoymağa hazır olduğunu bəyan edib.

“Biz Cənubi və Mərkəzi Asiyada mühüm mübarizə aparırıq. Bu, Çinlə iqtisadi rəqabət aparmaq, Rusiya və Çindən gələn informasiyalara qarşı çıxmaq və terror fəaliyyətinin qarşısını almaq üçün mübarizədir”,- ABŞ dövlət katibinin Cənubi və Mərkəzi Asiya məsələləri üzrə köməkçisi Donald Lu deyib. Onun sözlərinə görə, Mərkəzi Asiya regionu ABŞ-ın Çin və Rusiya ilə rəqabəti üçün xüsusilə mühüm arenaya çevrilib. O, Qazaxıstanı nümunə kimi göstərərək, Vaşinqtonun “yerli mediaya maliyyə dəstəyinin” “faktlara əsaslanan məzmunun” yaradılmasına kömək edəcəyini, həmçinin “Rusiya və digər ölkələrin müdaxilə dərəcəsini azaldacağını” vurğulayıb. Xüsusilə, Donald Lu-nun qeyd etdiyi kimi, yardım “Rusiya mediasına alternativ yaratmaq” məqsədi daşıyacaq.

Bundan əlavə, Konqresin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində keçirilən dinləmələrdə o bildirib ki, Rusiyadan deportasiya edilmiş əmək miqrantları üçün proqram hazırlanıb və onun məqsədi Mərkəzi Asiya ölkələrində iş yerlərinin yaradılmasıdır. Belə ki, sonradan qayıdan vətəndaşlar öz vətənlərində məşğul olacaqlar. Lu qeyd edib ki, ABŞ prezidenti Cozef Bayden administrasiyası Konqresdən Mərkəzi Asiya dövlətləri, xüsusilə Rusiya və Çinin artan təsirini azaltmaq üçün 220,7 milyon dollar istəyib.

ABŞ-ın Qlobal İnfrastruktur və İnvestisiya Tərəfdaşlığı Proqramı üzrə Xüsusi Koordinatoru vəzifəsini müvəqqəti əvəz edən Helaine Matz Özbəkistan və Qazaxıstana səfər edib, burada potensial infrastruktur layihələri və onların maliyyələşdirilməsini müzakirə etmək üçün yerli hökumət rəsmiləri və özəl sektor tərəfdaşları ilə görüşüb. Layihələr nadir torpaq metallarının hasilatı və emalı, nəqliyyat və logistika, kənd təsərrüfatı istehsalı və təmiz enerji kimi sahələrə aiddir.

Son zamanlar ABŞ və Aİ Çindən konteyner dəmir yolu ilə yükdaşıma şəbəkələrini Mərkəzi Asiya, Qafqaz, Türkiyə və Şərqi Avropa vasitəsilə Aİ ölkələrinə birləşdirən Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizinə (Orta Dəhliz) marağı artır. G7 ölkələri bu yaxınlarda 2027-ci ilə qədər inkişaf etməkdə olan ölkələrə 600 milyard dollar sərmayə qoymağa razılaşıb ki, bunun da üçdə biri Mərkəzi Asiya üçün nəzərdə tutulub. ABŞ-ın region ölkələrinə aktiv sərmayə qoyması halında, bu dövlətlər və Rusiya Federasiyası arasında tranzit və infrastruktur qarşılıqlı fəaliyyəti minimuma enəcək, beləliklə, Moskva xeyli miqdarda yük daşımalarını və qarşılıqlı fəaliyyətin digər variantlarını itirmək riski ilə üzləşir. Eyni zamanda, Özbəkistan və Qazaxıstanın infrastrukturunun inkişafı Çinin xeyrinə olacaq, “Kəmərlər və Yolllar” siyasətinin həyata keçirilməsi üçün yeni imkanlar yaradacaq ki, bu da Cənubi Qafqaz dövlətləri üçün faydalıdır.

Beləliklə, Mərkəzi Asiya və Cənubi Qafqazda iqtisadi təsir uğrunda Rusiya Federasiyası ilə Qərb arasında rəqabət getdikcə güclənir. Açığı, Qərb ölkələri ikinci dərəcəli sanksiyaların hədələrinin az təsir etdiyini başa düşdülər və buna görə də yanaşmalarını dəyişməyə qərar verdilər, region dövlətlərini ÇXR və Rusiya Federasiyasından mümkün qədər uzaqlaşdırmağa çalışırlar.

ABŞ və Aİ Mərkəzi Asiya ölkələrinin Rusiya və Çinlə qarşılıqlı fəaliyyətinə bir növ alternativ təklif edir, lakin Mərkəzi Asiya ölkələrinin ABŞ ilə əməkdaşlığının konkret olaraq necə həyata keçiriləcəyi tam aydın deyil. Ola bilsin ki, Qərb ölkələrinin elan olunan vəsaitin alınması üçün şərti Rusiya və Çinlə sıx əməkdaşlıqdan imtina etmək ola bilər.

Hazırda Mərkəzi Asiya ölkələrində Trans-Əfqan Dəmir Yolu, Türkmənistan üçün TAPI qaz kəməri, Qırğızıstan vasitəsilə Çindən Özbəkistana dəmir yolu kimi infrastruktur layihələri gündəmdədir. Və belə hesab edilir ki, bu layihələrin əksəriyyəti Vaşinqtonun maraqlarına uyğun deyil.

Maraqlıdır, Qərb və Rusiya-Çin arasında Orta Asiya üçün bu rəqabət hansı nəticələrə gətirib çıxara bilər? Bütün bunlar həm Çin, həm də Avropanın bir-birləri arasında daha çox mal axını təmin etmək üçün Orta Dəhliz layihəsinin həyata keçirilməsində maraqlı olması faktına necə uyğun gəlir?

Bu barədə xarici ekspertlər fikirlərini Caliber.Az-a açıqlayıblar. Rəyləri oxucularımıza təqdim edirik.

Rusiyalı sosioloq, politoloq, Postindustrial Cəmiyyətin Tədqiqatları Mərkəzinin rəhbəri Vladislav İnozemtsev hesab edir ki, bu, çox dərin mövzudur.

“Mən bu mövzu üzərində işləyirəm, keçən il Fransada Mərkəzi Asiya məsələsi və orada amerikalıların, avropalıların və çinlilərin təsiri ilə bağlı kifayət qədər böyük hesabatım var idi. Mən belə deyərdim: bu planlar yaxşı görünür, lakin, bir qayda olaraq, son illərdə postsovet dövlətləri ilə bağlı Qərbin əksər ideyaları baş tutmayıb. Sadəcə ona görə ki, əməkdaşlıq proqramlarının gözəl təqdimatından sonra real konkret addımlar o qədər də effektli olmadı. Və demək olar ki, heç vaxt böyük investisiyalar tam şəkildə ayrılıb istifadə olunmayıb. Məsələ burasındadır ki, Avropada, ən azı, belə bir fikir var ki, Mərkəzi Asiya, xüsusən də Rusiya ilə Çin arasında, iki güc mərkəzi arasındakı region, təbii olaraq Qərbə doğru çəkilməli olan bir regiondur”,- deyə tədqiqatçı bildirir.

O bildirib ki, Qazaxıstan son vaxtlar ixracının yarıdan çoxunu Avropa İttifaqına göndərib.

“Və Qərb, mənim fikrimcə, çox rahatlaşıb, çünki strateji baxımdan son dərəcə vacib olan bu ölkələr üçün həm Rusiya, həm də Çinlə rəqabət aparmaq lazım olduğunu başa düşmür. Ona görə də belə bəyanatları kifayət qədər sakit qəbul edirəm. Onların ciddi nəticə verəcəyinə inanmıram. Mənə elə gəlir ki, Çinin özü regionda bu cür investisiya layihələri ilə həddən artıq yüklənməyincə və ya bu regionda mövcudluğuna görə Rusiya ilə Çin arasında münaqişə yaranana qədər, Qərb indiki yanaşmaları ilə hələlik strateji, mühüm rol oynaya bilməz. Bu, məsələn, Fransadan Qazaxıstanda zənginləşdirmə fabrikləri yaratmaq niyyəti ilə bağlı heç vaxt həyata keçirilməyən vədlərə də aiddir. Bu, Mərkəzi Asiya ölkələrinin ordularının hələ də Sovet və Rusiya silahları ilə silahlanmasına da aiddir. Yəni, bu halda Qərb tərəfində çəkişmə çox ləng gedir. Və bu cür təşəbbüslər yalnız vəziyyət həqiqətən qızışdıqda, Çinin bu regionda qalib gəldiyi tam aydınlaşdıqda yaranır. Ona görə də düşünürəm ki, bu, söhbətlərin növbəti dalğasıdır. Dərhal səngiyəcəyini deyə bilmərəm- müəyyən nəticələr əldə olunacaq. Amma ciddi dəyişikliyin baş verməsi ehtimalı azdır”,- iqtisadçı hesab edir.

Buna baxmayaraq, ekspert düşünür ki, təəccüblü olan bütün regionda, ən azı Qazaxıstanda (bir qədər də Özbəkistanda) Qərbə rəğbətin çox böyük olduğunu düşünürlər.

“Onlar həqiqətən Qərb ölkələrini, tutaq ki, Rusiya və yüksələn Çin fonunda mühüm oyunçu kimi görürlər və buna görə də Qərbin diqqəti onlar üçün çox vacibdir. Ancaq bir daha təkrar edirəm, mənim fikrimcə, bu, hələ də kifayət deyil”,- İnozemtsev yekunlaşdırır.

Qırğızıstanlı politoloq, regional təhlükəsizlik üzrə ekspert, keçmiş diplomat Mars Sariyev öz növbəsində bildirib ki, Mərkəzi Asiya uğrunda Qərb və Rusiya və Çin arasında rəqabət güclənir.

“ABŞ və Avropa İttifaqı Mərkəzi Asiyaya dəstək üçün 200 milyard dollar dəyərində çox dadlı layihələr təklif edir. Bu, ilk növbədə, Transxəzər dəhlizidir. Hesab edirəm ki, Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu da eyni layihədə dəstək tapacaq. Ona görə də bunlar Mərkəzi Asiya ölkələri üçün çox yaxşı, sərfəli təkliflərdir”, - ekspert hesab edir.

Təbii ki, bu, Mərkəzi Asiya ölkələri ilə Rusiya arasında münasibətlərdə gərginlik yaradır, o deyir.

“Ancaq Çin Xalq Respublikasının bu layihələrə xüsusi müdaxilə edəcəyini düşünmürəm, çünki bu, Pekinə sərfəlidir. Çindən Qırğızıstandan, Özbəkistandan Avropaya gedən orta yol ÇXR üçün əlverişlidir. Ona görə də bu layihələrə çox da müxalifət olmayacaq; çünki bu, Çin üçün faydalıdır.

Amma Rusiya anlayır ki, bu layihələrlə Mərkəzi Asiya əslində Qərbin çətiri altına gedə bilər və bu baxımdan, əlbəttə ki, Moskvanın bu variant xoşuna gəlməyəcək. Elə bu günlərdə biz Cozep Borrelin Mərkəzi Asiya ölkələrinə səfərini və 5 Mərkəzi Asiya ölkəsi və Aİ-nin sammitini müşahidə etdik. Ümumiyyətlə, çox vacib məsələlər bağlı qapılar arxasında müzakirə olunacaq. 5+1, yəni Orta Asiya-Yaponiya sammiti də nəzərdə tutulub. Orada Mərkəzi Asiya ölkələri üçün çox faydalı olan iqtisadi layihələrə də baxılacaq. Ona görə də düşünürəm ki, bu çətin vəziyyətdə Mərkəzi Asiya ölkələri Qərbin bu təkliflərini və maliyyə layihələrini qəbul etməyi gücləndirəcək. Bu, onlar üçün çox böyük məbləğdir. Bu, onlara infrastrukturu inkişaf etdirməyə və dünya bazarlarına çıxmağa kömək edəcək”,- keçmiş diplomat vəziyyəti açıqlayıb.

Tərcümə - Elçin Bayramlı

Digər xəbərlər