PDF Oxu

Dünya

  • 1 450

Frank-Volter Ştaynmayer İtaliyadan üzr istədi

image

Almaniya prezidenti Frank-Volter Ştaynmayer nasistlərin İtaliyanın Marzabotto qəsəbəsində 1944-cü ildə 770 nəfəri qətlə yetirməsi səbəbilə üzr istəyib. O, ölkəsinə 26-29 sentyabr tarixlərində rəsmi səfər edən İtaliya prezidenti Sercio Mattarella ilə birlikdə İtaliya dövlətinə məxsus xüsusi təyyarə ilə Bolonya şəhərinə gələrək burada Marzabotto qətliamının 80 illiyi münasibətilə təşkil olunan tədbirdə iştirak edib.

Hər iki prezident Marzabottonun Monte Sole ərazisində qətlə yetirilənlərin xatirəsinə ucaldılan abidənin önünə əklil qoyub. Ştaynmayer mərasimdəki çıxışında isə belə deyib: "Burada sözlər qane etmir. 80 il əvvəl Monte Soleda baş verənləri ifadə etmək üçün bunlar kifayət deyil. Nə qədər zülm, nə qədər ağrı. Burada həyatları məhv olan o qədər çox insan var ki..."

SİA-nın əldə etdiyi məlumata görə, Prezident buradaki danışığının 80 il əvvəl həyatını itirənlərin yaxınlarının almanlarla barışmasının sayəsində mümkün olduğunu vurğulayaraq "Almaniya prezidenti olaraq yalnızca ağrı və utanc hissi keçirirəm. Həlak olanların qarşısında baş əyirəm. Bu gün ölkəm adına sizdən üzr istəyirəm" deyib.

Mattarella da qətliamın ildönümündə onunla birlikdə anım mərasiminə gələn alman həmkarına təşəkkürünü bildirib. İtaliya prezidenti öz çıxışında isə belə deyib: "Vəhşicəsinə qətlə yetirilən bu qədər insanın qarşısında hamımız birgə baş əymək və insanlıqdan uzaq faşist vəhşiliyinin bu torpaqlarda, bu cəmiyyətlərdə açdığı yaraları ən güclü həmrəylik duyğuları ilə doldurmaq üçün buradayıq. Xatırlamaq üçün buradayıq, çünki yaddaş məsuliyyət tələb edir."

O vurğulayıb ki, İtaliya, Almaniya və Avropa azadlığı, sülhü, demokratiyanı, hüquqları və cəmiyyəti yeni bir sabitlik yaratmaqla həmin cəhənnəmdən çıxarmağı bacarıb.

Marzabottoda baş verənlər İkinci Dünya Müharibəsinin (1939-1945) son illərində nasistlərin işğal etdiyi İtaliyada törətdiyi ən böyük qətliamlardan biri kimi tanınır.

İtaliyanın Bolonya şəhəri yaxınlığındakı Marzabotto qəsəbəsində 29 sentyabr-5 oktyabr 1944-cü il tarixlərində nasist taburları qadınlar, uşaqlar və yaşlılar da daxil olmaqla 770 dinc sakini qətlə yetirmişdi.