Almaniyanın Xarici işlər naziri Annalena Baerbok Suriyada hakimiyyətdən endirilmiş Əsəd rejiminin müharibə cinayətlərində və insan hüquqlarının pozulmasında iştirak etmiş dəstəkçilərinin Almaniyaya keçəcəkləri təqdirdə həbs olunub mühakimə ediləcəklərini bildirib.
SİA-nın məlumatına görə, Annalena Baerbok həftəlik "Bild am Sonntag" qəzetinə verdiyi müsahibədə Almaniya hökumətinin Əsəd rejiminin agentlərinin ölkəyə sığınmasına icazə verməyəcəyini vurğulayıb. O, "Əgər Bəşər Əsədin hakimiyyəti altında işgəncə verənlərdən hər hansı biri hazırda Almaniyaya qaçmağı düşünürsə, sadəcə açıq şəkildə deyə bilərəm ki, rejimin bütün nökərlərini törətdikləri dəhşətli cinayətlərə görə qanunun qarşısında cəzalandıracağıq" ifadələrini işlədib. Nazir həmçinin beynəlxalq təhlükəsizlik qurumlarının və kəşfiyyat xidmətlərinin mümkün qədər sıx əməkdaşlıq etməsinin vacibliyini qeyd edib.
Daxili işlər naziri Nensi Fayezer də Almaniyanın sərhəd nəzarətini daha da gücləndirdiyini vurğulayaraq "Son dərəcə ayıq-sayıq davranırıq. Əgər Əsədin terror rejiminin nümayəndələri Almaniyaya qaçmağa cəhd etsələr, bilməlidirlər ki, törətdikləri cinayətləri Almaniya qədər sərt şəkildə izləyən başqa bir ölkə yoxdur. Bu, onları cəhd etməyə cəsarət göstərməkdən çəkindirməlidir" deyə bildirib.
Xatırladaq ki, 8 dekabr 2024 tarixində Suriyada 61 illik Bəəs partiyası rejimi çökmüş və devrilmiş lider Bəşər əl-Əsəd ölkədən qaçmışdı.