Kiyev və Moskva arasında atəşkəs sazişi imzalanarsa, Avropa İttifaqı (Aİ) ölkələrinin yekdil qərarı olmadan belə Aİ-nin sülhməramlı missiyası Ukraynaya göndərilə bilər. SİA yerli mənbələrə istinadən xəbər verir ki, Niderlandın müdafiə naziri Ruben Brekelmans bu barədə "Trouw" qəzetinə müsahibəsində bildirib.
Nəşr xatırladıb ki, həm Avropa İttifaqında, həm də NATO-da sülhməramlı missiyalarla bağlı qərarlar yekdilliklə qəbul edilməlidir. "Lakin Aİ-nin 27 ölkəsi arasında konsensusa nail olmaq bəzən çox çətindir. Vəziyyətin təcili həll olunması nəzərə alınaraq, bu, bəzi ölkələr tərəfindən də edilə bilər", - deyə Ruben Brekelmans bildirib.
Nazir əlavə edib ki, bunun üçün Avropa İttifaqının ən böyük dövlətləri missiyada iştiraka razılıq verməlidir və hazırda Niderlandın da bu məsələ ilə bağlı mövqeyi sual altındadır.
Ruben Brekelmans, eyni zamanda, Niderland ordusunun hərbi əməliyyatlarda iştirak etmək üçün Ukraynaya göndərilməsini istisna edib.
Bir müddət öncə "Politico" nəşri Avropa İttifaqının xarici işlər nazirlərinin dekabrın 16-da Brüsseldə keçiriləcək görüşündə Ukraynaya sülhməramlıların göndərilməsi imkanını müzakirə edəcəkləri barədə məlumat yaymışdı.