Böyük Britaniya hökuməti milli poçt xidməti "Royal Mail"in çexiyalı milyarder Daniel Kretinskiyə 3,6 milyard funt sterlinq (təxminən 5,3 milyard dollar) müqabilində satılmasını təsdiqləyib. SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu satışla 500 illik tarixi olan "Royal Mail" ilk dəfə xarici sahibkarın mülkiyyəti olacaq.
Müqavilənin şərtlərinə görə, hökumət şirkətdə "qızıl pay" saxlayacaq ki, bu da "Royal Mail"in qərargahının və vergi rezidentliyinin Böyük Britaniyada qalmasını təmin edəcək.
Bundan əlavə, işçilər ödəniləcək dividendlərin 10 faizini alacaq və şirkətin idarə edilməsində daha çox söz sahibi olmaq üçün aylıq görüşlər keçirərək yeni işçi qrupu yaradılacaq. Bu satış "Royal Mail"in maliyyə çətinlikləri və xidmət səviyyəsi ilə bağlı tənqidlər fonunda baş verir.
Daniel Kretinski Britaniyada bir sıra şirkətlərdə pay sahibi olan investor kimi tanınır və "Royal Mail"in modernləşdirilməsi, qlobal bazarlarda rəqabət qabiliyyətinin artırılması üçün planlar qurduğunu açıqlayıb.
"Royal Mail" Böyük Britaniyanın milli poçt xidməti olaraq məktubların və bağlamaların çatdırılmasını təmin edən bir qurumdur. 500 ildən artıq tarixi olan bu qurum ölkə daxilində və beynəlxalq səviyyədə poçt xidmətləri göstərir.